1
1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, “Nur” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
2-İmam Rza (ə) buyurmuşdur: “Düz danışın və yalandan uzaq olun.”101
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar.”102
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir.”103
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizə ən böyük günahlardan xəbər verimmi?! Ən böyük günah Allaha şərik qoşmaq, ata-anaya qarşı pis rəftar etmək və yalan danışmaqdır.”104
6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan insanın üzünü qara edir.”105
7-Qurani-kərimdə yalan Allaha şərik qoşma sırasında vurğulanmışdır. Ayədə buyurulur: “...Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin.”106
8-İmam Baqir (ə) buyurur ki, Əli ibni Hüseyn (ə) öz övladlarına belə nəsihət edirdi: “Yalandan çəkinin, istər kiçik olsun, istərsə də böyük. Çünki kiçik yalan insanı böyük yalanı danışmağa cürətləndirir. Məgər bilmirsiniz ki, Allahın Rəsulu (ə): “Bəndə həmişə doğru danışarsa, Allah onu doğru danışanların cərgəsində, yox əgər ömrü boyu yalan danışarsa, onun adını yalançıların sırasına yazar” – deyə buyurub?!”107
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan kiçik olsa belə, əməl dəftərində qeyd olunur.”108
10-Yalan münafiqlik əlamətidir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hətta oruc tutub namaz qılsa və özünü müsəlman bilsə də, üç xislətə malik olan şəxs münafiqdir: Əmanətə xəyanət etmək, yalan danışmaq və vədəyə xilaf çıxmaq.”109
11-Yalançının imanı yoxdur və onlar İlahi ayələrə qarşı kafir olanlar və onları inkar edənlər cərgəsində hesab edilir. Allah-taala buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır!”110
12-İmam Əli (ə) buyurmuşdur: “Yalan danışmağı – istər zarafat, istərsə də ciddi olsun, – tərk etməyən bəndə imanın ləzzətini dada bilməz.”111
13-İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, yalan imanı məhv edir.”112
14-İmam Rza (ə) nəql edir ki, Peyğəmbər (s)-dən sual olundu: “İmanlı adam qorxaq olarmı? Buyurdu: “Bəli.” Soruşuldu: “İmanlı adam simic olarmı?” Buyurdu: “Bəli.” Dedilər: “Bəs yalan necə? İmanlı adam yalan danışarmı?” Buyurdu: “Xeyr.”113
15-Həsən ibni Məhbub deyir ki, imam Sadiq (ə)-dan soruşdum: “Mömin simiclik edərmi?” Buyurdu: “Bəli.” Soruşdum: “Mömin qorxaq olarmı? Buyurdu: “Bəli.” Soruşdum: “Mömin kəzzab (çox yalan danışan) olarmı?” Buyurdu: “Xeyr.” Sonra İmam buyurdu: “Mömin xəyanət və yalandan başqa hər şeyə adət edə bilər.”114
16-Əbdür-rəhman ibni Həccac deyir ki, imam Sadiq (ə)-dan soruşdum: “Bəzi hallarda yalan danışanlara kəzzab (çox yalan danışan) demək olarmı?” Həzrət buyurdu: “Xeyr, hamı bəzi hallarda yalan danışır, lakin kəzzab odur ki, yalan danışmaq onun bir növ xasiyyətinə çevrilmiş olsun.”115
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sələmlərin ən pisi yalandır. (Çünki iqtisadi sələmdə şəxsin var-dövləti əlindən çıxır, yalanda isə imanın kökü kəsilir.)”116
18-İmam Əli (ə) buyurmuşdur: “Yalan istər zarafatca olsun, istərsə də ciddi, nalayiq bir hərəkətdir. Məsləhət deyildir ki, bir kəs öz övladına vədə versin, amma sonradan vədəsinə əməl etməsin. Çünki yalan insanı boşboğazlığa və məsuliyyətsizliyə tərəf çəkir. Onun da nəticəsi cəhənnəmdir.”117
19-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əbuzərə etdiyi nəsihətlərində buyurur: “Ey Əbuzər! Vay olsun o adamın halına ki, camaatı güldürmək üçün yalan danışır. Vay olsun ona! Vay olsun ona!”118
20-Yalançı İlahi hidayətdən məhrum olar. Allah-taala buyurur: “Allah yalançı və nankor olan kimsəni doğru yola müvəffəq etməz.”119
21-Qurani-kərimin başqa bir ayəsində buyurulur: “Şübhəsiz ki, Allah həddi aşanı və yalançını hidayət etməz.”120
22-İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Allah-taala şər və bəd əməllər üçün müxtəlif qıfıllar təyin etmişdir. O qıfılların açarı şərabdır. Yalan isə şərabdan da pisdir.”121
23-İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Bütün çirkin əməllər bir evə yığışsa, o evin açarı yalan olar.”122
24-İmam Əli (ə) buyurmuşdur: “Yalan ən pis xəstəlikdir.”123
25-Yalanın psixoloji səbəbi alçaqlıq və özünə hörmətsizlikdir. Bu mətləb əxlaqi psixologiyada diqqət mərkəzində olmalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalanın əsas səbəbi alçaqlıq və şəxsiyyətsizlikdən başqa bir şey deyildir.”124
26-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yalan ruzini azaldır.”125
27-İmam Əli (ə) buyurmuşdur: “Söz gəzdirmək, qeybət etmək və yalan danışmaq qəbir əzabına səbəb olur.”
28-İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala huşsuzluğu yalançılara hakim kəsər.”126
29-İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, həzrət Əli (ə) dəfələrlə minbərdə buyurardı: “Yaxşı olardı ki, müsəlman olan şəxs üç nəfərlə dostluq və yoldaşlıq etməkdən çəkinsin: Həyasız, axmaq və yalançı şəxsdən.”127
30-İmam Əli (ə) yalançı şəxs barəsində buyurmuşdur: “Yalançı ilə yaşamaq sənə yaraşmaz; çünki sənin sözlərini başqalarına, başqalarının sözlərini də sənə danışar. Birini qurtaran kimi o birini üstünə artırar. İş o yerə çatar ki, əgər düz danışsa belə, heç kəs inanmaz. Yalançı camaat arasında düşmənçilik və ədavət yaradaraq, ürəklərə kin-küdurət toxumu səpər. Belə isə, Allahdan qorxun və təqvalı olmağa adət edin, ehtiyatlı olun, görün kimlərlə dostluq edirsiniz.”128
31-İmam Baqir (ə) buyurmuşdur: “Dörd nəfərlə dostluq etmə və onlardan uzaqlaş: Axmaqla, xəsislə, qorxaqla və yalançı ilə!”129
32-İmam Baqir (ə) buyurmuşdur: “Yalançı doğru danışarsa belə, heç kim ona inana bilmir.”130
33-Həzrət Əli (ə) bir hədisdə imam Həsən (ə)-a buyurdu: “Yalançı ilə dostluq etmə; çünki o, ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərir.”131
Dostları ilə paylaş: |