Qizilbaliq



Yüklə 163,43 Kb.
səhifə3/3
tarix21.10.2017
ölçüsü163,43 Kb.
#8532
1   2   3

Biz, üstün balıqlar soyundanıq biz

Ən təmiz irqdir bizim irqimiz.

Ariya irqindən olan balıqlar

Yalnızca onların yaşam haqqı var.

Çünkü ən müqəddəs, ən uca irqiz.

Bu irqin əmrində olmalı dəniz.

Uzaqdan, yaxından bütün gəlmələr

Onların bilməsi nələrdir, nələr?

Ariya irqinə kölə olmalı

Ya da ki, dənizdən həp qovulmalı.

Bizə üstünlüyü vermiş yaradan

Parladıqca günəş, durduqca cahan.

Davam edər bizim üstünlüyümüz

Böyləcə çox mutlu olur könlümüz.

Budur birlikdəlik, budur ədalət

Budur tam həqiqət, budur səadət.

Kimsə bunu qəbul etmirsə, demək

Tanrıya qarşıdır, məhv olsun gərək.

Otuz il zəhmətə qatlaşıb həmən

Ariya dilini diriltmişəm mən.

Dənizdə bir tək dil qonuşulmalı

Ariya dilinə alışılmalı.

Ferdis qonuşmasını bitirər-bitirməz ariya balıqların yüksək alqışları dənizi bürüdü. “Yaşasın Ferdis, yaşasın ferdis!” deyə bağırırdılar. Ariya balıqların dışında bütün balıqlar pərişan görünürdülər. Çünkü Ferdis balığın oxuduğu şeirlər ariya balıqların bundan sonrakı siyasətlərini bəlli edirdi. Ferdis balığın anlatdığına görə balıqlara çox basqı uyqulanacaqdı. Balıqların çoxu kor-peşman geri dönürdülər. Qorumacıların önündə duran iki yaşıl balıq Ferdis balığı yaxından görə bilmişdilər. Qırmızı balıq, hətta onun üzündəki nifrəti də şeir oxuyarkən sezə bilmişdi. Qırmızı balıq öz-özünə “Gerçəkdən də Qaraca balıq haqlı imiş. Dənizdə barış sağlanması üçün Ferdis balığı öldürmək lazımdır.”—deyə düşündü. Ariya balıqlar çox mutluydular. Balıqların dağılmalarını istədilər. İki yaşıl balıq da geriyə döndülər.

Gün batmışdı artıq. Aylı bir gecə idi. Ulduzlar həm göydə, həm də dənizdə parıldaşırdılar. Qırmızı balıq çox dalqın görünürdü. Üzünü Saricaya tutub dedi: Qaraca balığı necə qurtaracağıq?

Sarıca balıq çox uzaqlardan sürünüb onlara tərəf gələn buludlara işarə edib dedi: Qırmızı, görürsənmi bizə tərəf yavaş-yavaş sürünən buludları?

Qırmızı: Görürəm Sarıca, görürəm.

Sarıca: O buludların gəlib ulduzların, ayın önünü kəsdiyi zaman Qaraca balığı qurtarma əməliyatına başlamalıyıq.

Qırmızı balıq Sarıcanın ağlına “afərin!” deyib gülümsəyərək söylədi: Çox haqlısan Sarıca, qaranlıqda bizi görmələri çətin olacaq.

Sarıca: Ancaq bilmirəm ki, bizə yardımçı güc lazımdır ya yox. Bu qədər böyük bir işi təkbaşına başara biləcəksənmi?

Qırmızı: Sarıca, böyük işlər təkbaşına edilir. Mən yola düşdüyümdə necə çətinliklərlə rastlanacağımı bilirdim. Ancaq buna öz şüurumda, vicdanımda qərar verdim və yollara düşdüm. Bəlkə də yardım olsa daha yaxşı olur. Ancaq bunun üçün gecdir. Ayrıca, ariya balıqların casusları hər yerdə dolaşır. Bu əməliyat haqqında bilgiləri olursa, “Ervin” zindanının mühafizəsini daha da gücləndirərlər. Bu işi ya təkbaşımıza edəcəyik, ya da bu yolda öləcəyik. Əlbəttə sən gəlməyə də bilirsən. Bəlkə sənin həyatında başqa hədəflərin də ola bilər. Balıqlar bilincli olaraq bəlli etdikləri hədəflər yolunda savaşmalı, bu yolda ölüb-öldürməlidirlər. Bilirsən ki, bu çox çətin yoldur. Bu yolda can sevdası var. Mən bu amac üçün doğulduğumu düşünürəm. Düşünürəm ki, mənim dünyaya gəlməyimin səbəbi budur, yəni azadlıq yolunda son nəfəsimə qədər mübarizə.

Sarıca: Bilirsənmi Qırmızı? Mən Qaraca balığın dünyagörüşünün təsiri altında qalmışdım. Ancaq böyük bir savaşa qatılmaq imkanını, cəsarətini özümdə hiss etmirdim. Düşünürdüm ki, bu qədər böyük bir amac yolunda məndə savaşacaq güc yoxdur. Ancaq indi səninləyəm. Sənin yanında olmaq məni mutlu edir. Səndən güc alıram. Səni heç bir zaman yalnız buraxmayacağam. Ölsək də bir yerdə öləcəyik. Heç bir zaman səndən ayrılmayacağam. Çünkü azadlıq sevgisi mənim ruhumu sarmışdır artıq. Bu sevgi ruhumu sardığı gündən bəri özümü çox güclü hiss edirəm. Mən artıq əskidən özünü zəif sanan balıq deyiləm. Bəlkə mən savaş eyitimi almamışam. Ancaq azadlıq və qurtuluş eşqi içimi doldurmuşdur. Mən səni yalnız buraxa bilmərəm Qırmızı. Buraxsam, yaxaladığım fürsəti qaçıraram. Sənsiz bu həyatın mənim üçün bir anlamı yoxdur. Sən mənim üçün sadəcə bir balıq deyilsən. Mənim inancımın, azdlıq dünyamın örnəyisən, savaşçısısan. Səndən ayrı mənim həyatımın nə anlamı ola bilər ki? Səni bu savaşda yalnız buraxsam gələcək və tarix heç bir zaman məni bağışlamaz. Artıq yazqımız bir-birinə düyünlənmişdir. Bir yerdə savaşacağıq. Bəlkə mənim də əlimdən bir iş gələr.

Qırmızı balıq Sarıcanın boynuna sarıldı. Sarıcanın sözləri Qırmızını təsirləndirmişdi. Əslində Qırmızı balıq onun gəlməsini istəyirdi. Çünkü qəlbində Sarıcayla bağlı dərin duyğular oyanmışdı. Düşünürdü ki, Sarıca onun yanında olsa özünü daha da güclü hiss edər. Bu üzdən də Qırmızı çox mutlu idi. Qara buludlar artıq gəlib dənizin üstünü sarmışdı. Elə qaranlıq olmuşdu ki, göz-gözü görmürdü. İki dost balıq bu sərt qaranlıda Qaraca balığı qurtarma əməliyatına başladılar.

“Ervin” zindanının yerləşdiyi dağa tam olaraq çatmışdılar. Yavaş-yavaş zindana tərəf dırmaşırdılar. Zindanın qapısında iki qorumacı balıq durmuşdu. İki dost balıq öncədən anlaşdıqları kimi etdilər. Sarıca, qoruyuculara yanaşıb “salam ariya balıqlar, mən bu qaranlıqda yolumu itirmişəm. Mənə yardımçı olarsınızmı?”— dedi.

Ariya balıqlar bir-birinə baxıb öncə şübhələndilər. Sarıca onlara tam olaraq yaxınlaşmışdı. Ariya balıqların qarşısında nazlıca bir yaşıl balıq görünürdü. Onlardan biri “ahha nə qədər də duzluca görünür bu yaşıl balıq”— dedi. Yaşıl geyimli Sarıca başladı onlara naz edib rəqs etməyə. İkinci ariya balıq “Yaşıl gözəl, istərsən bu gecəni bizimlə qal, yarın yolu göstərərik sənə.”- dedi. Yaşıl balığa yaxınlaşıb toxunmaq istərkən, çiyinlərinə sürətlə iki qılınc soxuldu. İnanılmaz bir sürətlə ariya balığın başı bədənindən ayrıldı. İkinci ariya balıq yaşıl geyimli Qırmızı balığa saldırmaq istədi. Qırmızı balıq qılıncını onun boğazına dayayıb qulağına “Ölmək istəmirsənsə suallarıma doğruca cavab ver!”— dedi.

Ariya balıq dili tutula- tutula dedi: Məni öldürmə, bütün suallarına doğru cavab verəcəm.

Qırmızı balıq: Qaraca balıq harda olur?

Ariya balıq titrəyə-titrəyə dedi: Qaqa- qaqa, Qaraca balıq dağın altındadır.

Qırmızı balıq: Oraya qədər neçə yerdə qorumacı var?

Ariya balıq: Bizimlə bir yerdə yeddi yerdə.

Qırmızı balıq: Qorumacıların kod sözlərini ver.

Ariya balıq: “Ariya irqinin yolunda inan

Dəyərsiz canımı edərəm qurban.”

Qırmızı balıq bu sözləri ondan aldıqdan sonra bir vuruşla başını bədənindən ayırıb Sarıcaya “yürü!” işarəti ilə yoluna davam etdi. İkinci qorumacılar postuna çatmışdılar. Sarıca daha arxadan gəlirdi. Yaxınlaşan Qırmızı balığa qorumacı ariya balıqlardan biri “Kimdir?”- deyə bağırdı.

Qırmızı balıq “Ariya irqinin yolunda inan

Dəyərsiz canımı edərəm qurban.”— söylədikdən sonra onun yaxınlaşmasına izn verdilər. Qırmızı balıq onlara çatar-çatmaz qılıcını çıxarıb ildırım sayağı vuruşları ilə ikisini də yerə sərdi. Bu şəkildə irəliləyirdilər. Qorumacıların kod sözlərini bilmələri irəliləyişlərini asanlaşdırmışdı. Balıqlar fürsət tapıb yardımçı güc çağıra bilmirdilər. Qırmızı ilə Sarıca son əngələ yaxınlaşdılar. Kod sözünü dedikdən sonra Qırmızı balıq onlara yaxınlaşdı. Bir zərbə ilə birini öldürüb, digərinin də boğazına qılıncını dayayıb: “Qaraca balıq hardadır, göstər! Göstərməzsən arxadaşın kimi öləcəksən.”— dedi. Ariya balıq daşlarla hörülmüş bir yerə işarə edib Qaraca balığın orada olduğunu söylədi. Qırmızı balıq bir vuruşla son qoruyucu ariya balığın da başını bədənindən ayırdı. Onlar artıq Qaraca balığı görə bilirdilər. Qaraca balıq qara daşlardan hörülmüş zindanın içində çarmıxa çəkilmişdi. Hər tərəfindən iplərlə böyük bir daşa sarımışdılar. Qırmızı balıq irəliyə gedib qılıncı ilə zindanın qapısına hörülmüş əngəlləri vurdub qırdı. İçəriyə girmək mümkün olmuşdu. Qaraca balığın bağlarını qılıncı ilə kəsdi. Qırmızı və Sarıca balıqlar Qaraca balığın önündəydilər. Qırmızı balıq Qaraca balığı görmənin həyəcanını yaşayırdı. Onun açdığı yollara düşüb gəlmişdi çünkü. Sanki dili tutulmuşdu. Nə danışacağını bilmirdi. Qaraca balıq başını qaldırıb onlara baxdı. Önündə iki yaşıl balıq görürdü. “Kimsiniz?”— deyə sordu.

Bu zaman onlar üzərlərindəki yaşıl geyimləri çıxarıb olduqları kimi Qaraca balığın önündə durdular. Qaraca balıq dəqiq və ağır baxışları ilə onlara baxıb “Sarıca, səni tanıdım. Ancaq bu qırmızı kimdir?”— dedi.

Sarıca: Əfəndim, Qırmızı sizi gördüyü üçün həyəcanlanmış və danışa bilmir. Görürsünüzmü gözlərindən necə yaş axır? Yaxşısı budur ki, gec olmadan yola düşəlim. Düşmən orduları xəbər tutmadan burdan uzaqlaşalım.

Qaraca: Siz məni qurtamağa gəlmişsiniz demək!

Sarıca: Elədir əfəndim. Lütfən bizimlə gəlin!

Qaraca: Ancaq dün gecə mənə çox işkəncə verdilər. Mənə yardım etməsəniz yeriyə bilmərəm.

Qırmızı balığın sanki gerçəkdən də dili tutulmuşdu. Bir tək kəlmə söz danışa bilmirdi. Ancaq bəzi işarələrlə nə etmək istədiyini anlatdı və Qaracanı çiyinlərinə alıb ordan uzaqlaşdılar.

Sarıca balıq dənizə yollanarkən, Qaraca və Qırmızı savaş planlarını hazırlamaqla məşğul oldular.

***
Ariya balıqlar Qaraca balığın qaçırılışından şok olmuşdular. Qaraca balığın zindandan qaçırıldığını duyan balıqlarda mübarizə əzmi yaranacaqdı. Ona görə də Qaraca balığın qaçırıldığını gizlin saxlamaq istəyirdilər. Ancaq düşündülər ki, gec-tez Qaraca balıq özü ortalığa çıxacaq. Bu üzdən də qərara gəldilər ki, Qaraca balıq aldığı işkəncələrdən dolayı bu tezlikdə ortaya çıxa bilməz. Qaraca balığın sağalıb savaşa girməsini əngəlləmək üçün onu yenidən yaralı olaraq yaxalamağı planladılar. Bütün dənizdə xəbər yaydılar ki, Qaraca balığın yerini bildirən balıq ödülləndiriləcəkdir. Qaraca balıqdan xəbər yox idi. Balıqlar arasında pıçıltılar, dedi-qodular dolaşır, Qaraca balığın qəhrəmanlığı haqda əfsanəvi şeirlər söylənirdi. Balıqlar Qaraca balığın dərhal ortaya çıxıb ariya balıqlara qarşı mübarizə başladacağını səbirsizliklə gözləyirdilər. Hətta dənizdə ariya balıqlara qarşı kiçik-kiçik etirazlar da başlamışdı. Ferdis balığın şeirlərini məsxərə sözlər olaraq bir-birinə danışırdılar. Qaraca balığın sirli bir şəkildə zindandan qaçırılışı qorxu kabusunu dağıtmışdı. Balıqların bir çoxu gizlincə özgürlük şərqiləri söyləyir və öz unutdurulmuş rəqslərini oynayırdılar. Ariya balıqlara əmr edilmişdi ki, artıq əskidən olduğu kimi hər şeyə taxılmasınlar. Çünkü Qaraca balığın azadlıqda olması balıqları mübarizəyə həvəsləndirə bilər. Dənizdə maraqlı bir bəkləyiş var idi. Həm balıqlar bəkləyirdilər, həm də ariya balıqlar. Fırtınadan öncəki səssizlik. Günlər keçdi, ancaq Qaraca balıqdan xəbər çıxmadı. Qaraca balığın zindandan qaçırılışından bir ay keçmişdi.

Qırmızı balıq Sarıca ilə bir yerdə Qaracanı çox uzaqlara aparmışdılar. Çox kiçik bir arxın dənizə qovuşduğu bir yerdə Qaraca balıq gizlicə yaşayırdı. Tam olaraq sağlığına qovuşacağı günə qədər Qaracanı burada barındırdılar. Gün keçdikcə Qaraca balıq sağlığını əldə edirdi. Bir gün Qırmızı və Sarıca gördülər ki, Qaraca erkəndən yuxudan oyanıb əlində bir qılınc idmanla məşğuldur. Qaraca balığın əhval ruhiyəsi çox yüksək idi. Bu müddət ərzində Qırmızı, Qaraca ilə söhbətə başlamışdı. Qaraca balıq uzun-uzun idman etdikdən sonra üzünü Qırmızıya tutub “Yurdumuzdan mənə danış, anam necə idi?”— dedi.

Qırmızı: Yurdda sağlıqdır. Ananız sizin həsrətinizdə çox ağladı. Bir az qocalmış və Sizin dönüşünüzü gözləyir.

Qaraca: Qılıncını al gəl məşq edəlim. Qarşımızda böyük savaş bəkləyir bizi.

Onlar savaşın ən sərt tekniklərini məşq edirdilər. Qılınclarının şaqqıltısı ətrafdakı dağlarda eşidilirdi. Məşq sırasında Qaraca “Bilirsənmi Qırmızı? Bə´zən həyatda öyləsinə olaylar olur ki, ədalətli davranmaq çətinləşir. Ədalətli davranış belə, birilərinin zərərinə olur. Örnəyin mən anamı çox sevirəm. Onun üzülməsini istəmirdim. Onun analıq içgüdülərini anlayıram. Ancaq özümü o kiçik mühitin kültürünə məhkum etmək haqqım varmi idi? Xəyalımda başqa bir həyat canlanmışdı. Uzaqların xəyalları gəlib içimi doldurmuşdu. Mən uzaqları fəth etmək üçün dünyaya gəlmişəm deyə düşünürdüm. Bu düşüncələr məni rahat buraxmırdı. Bu üzdən də anamın istəklərinə təslim ola bilməzdim.

Qırmızı: Haqlısınız. Bəlkə Siz fərqində deyilsiniz, ancaq Sizin yola düşdüyünüz gündən etibarən, yeni bir tarix yarandı. Balıqların xəyalları, dünyagörüşləri kökündən dəyişdi. Açdığınız yolda bir çox balıqlar yolçu oldular. Çoxları dənizə çata bilmədilər. Yollardakı təhlükələr onları məğlub etdi. Ancaq yenə də hərəkət içində, bəlli bir hədəf yolunda öldülər. Mən də Sizin açdığınız yollarla gəldim. Qaraca əfəndi, açdığınız yol sadəcə arxlardan, çaylardan, göllərdən, dərələrdən, uçurumlardan keçməmişdir. Balıqların şüurundan və ruhundan keçmişdir. Yolçuluğunuz bir devrim gerçəkləşdirmişdir.

Qaraca balıq: Ancaq böyük savaşlarımız hələ öndədir. Ariya balıqlarla savaşa başlamalı və bu dəfə bütün dənizi öz təsiri altına alacaq bir inqilab gerçəkləşdirməliyik. Qırmızı, sənin kimi bir arxadaşımın olmasına çox sevinirəm. Sənin kimi bir savaşçı arxadaşımın olması böyük bir şans. Əgər bu inqilabı həyata keçirə bilsək, sadəcə dənizdəki balıqlar deyil, bizim dədələrimiz, nənələrimiz kimi uzaqlarda yaşayan balıqların da həyatı dəyişəcək. Çünkü dəniz böyük bir məkandır. Böyük məkanlarda gerçəkləşən dəyişikliklər kiçik məkanları da öz etkisi altına alır.

Qırmızı: Mən dənizə Sizi deyib gəlmişəm. Sizinlə bir yerdə qatılacağım savaş mənim üçün bir heysiyət və şərəf məsələsi olacaq. Bütün gücümlə və inancımla sizinlə bir yerdə savaşacağam.

Qaraca: Artıq mənim sağlığım yerindədir. Sarıcanı dənizə göndərməliyik. Dənizdə bütün balıqlar toplanmalı. Ariya balıqların irqçiliyini ortadan qaldıracaq böyük savaşa girmədən öncə balıqlara qonuşacam. Bu savaşı təkbaşımıza yürütməməliyik. Balıqlar da qatılmalı bu savaşa. Çünkü bu savaş onları tənbəllikdən qurtaracaq və yeni tarix yaradacaq. Bütün gələcək tarixlərə örnək olacaq bir özgürlük və qurtuluş savaşı. Bu üzdən də Sarıcanın dənizə uğrayıb bizim haqqımızda bilgi verməsi gərəkir.

Sarıca: Mən bu işi böyük məmnuniyətlə edəcəyəm Qaraca əfəndi.

Qaraca: Zaman itirməyəlim. Sən həmən dənizə uğra və bizim ariya balıqların iqtidarını devirməkdə qərarlı olduğumuzu balıqlara çatdır. Yarın günorta vaxtı balıqlar dənizin ortasında olsunlar.

Günorta vaxtı idi. Bütün balıqlar dənizin ortasında toplanmışdılar. Ariya balıqlar öncə qalabalığı əngəlləmək istədilər. Ancaq gördülər ki, bu qədər izdihamı əngəlləmək mümkün olmayacaq, buraxıb kənardan seyirci qaldılar. Balıqlar səbirsizliklə Qaracanın gəlişini bəkləyirdilər. Nəfəslər tutulmuşdu. Qaraca balığın gəlişini duyurdular. Öndə Qaraca və arxada Qırmızı balıq gəlirdilər. Balıqlar Qaracanın canına bir xətər gəlməsin deyə hər növ fədakarlığa hazır idilər. Balıqların bu həyəcanını görən ariya balıqlar Qaraca və Qırmızı balıqların gəlişini əngəlləmədilər. Qaraca balıq balıqların alqışları ilə izdihamın tam ortasında durdu. Balıqların yüksək səslə alqışları davam edirdi. Qaraca balıqla onlara səssiz olmalarını söylədi. Balıqlar tam bir səssizlik içində Qaracanı dinləməyə hazır idilər. “Ervin” Zindanının ətrafını saran ariya balıqlar da sanki qorxu içində Qaracanın nitqini dinləməyə tələsirdilər. Qaraca balıq öncə yüz minlərcə balıqlara diqqətlə baxıb sonra qonuşmasına başladı:

Balıqlar! Balıq dostlarım, ariya balıqların irqçilik etdiyini bilirsiniz. Bu geniş dənizi bizlərə dar etmiş, balıqların həyatını cəhənnəmə çevirmişlər. Dənizdə yaşayan müxtəlif balıq cinslərinin musiqisi, rəqsləri yasaqlanmışdır. Özlərinin üstün bir irqdən olmalarına öyləsinə inanmışlar ki, dənizdəki digər balıqların varlıqlarını qəbul etmirlər. Ariya balıqlara görə təbiət onları ağa və yerdə qalan balıqları onların köləsi olaraq yaratmışdır. Bu zehniyət balıqların özgürlüklərini qısıtlamışdır. Özgürlük olmayan yerdə həyatın heç bir mənası olmaz. Özgürlüksüz bir həyat olmasa daha yaxşıdır. Çünkü balıqların düşüncəsinə, duyğularına yasaq gətirilmişdir. Bu yasaqları ortadan qaldırmanın zamanı gəlmişdir. Mən sizi dirənişə çağırıram. Azadlığınız yolunda savaşa çağırıram. Bəlkə ariya balıqlar silahlarına güvənə bilərlər. Ancaq bizim yardımlaşmamız, dayanışmamız onları fikrən və hissən məğlub edəcək. Onlar indidən fikrən yenilmişlər. Yenilməsəydilər bu böyük toplantını əngəllərdilər. Bu toplantı, bu dostluq görüntüləri ariya balıqların fikrən yenildiklərini göstərməkdədir. Dostlarım, “Ervin” zindanını ortadan qaldırmalı və orada həbsdə olan bütün balıqları azad etməliyik. Bizim ariya balıqlarla düşmənliyimiz yoxdur. Ancaq Ferdis kimi balıqlar onların zehnini xəstə fikirlərlə doldurmuşdur. Bu gün Ferdis balıqla hesablaşacağımız gündür. Mən Qırmızı balıq arxadaşımla bu savaşa başlayırıq. Bizim azadlıq savaşımıza qatılmaq istəyən varmı?

Qaraca balığın bu atəşin nitqi balıqları həyəcanlandırmışdı. Bütün balıqlar bir tək səslə “Vaaarrr”— dedilər.

Qaraca və Qırmızı balıq öndə, qalan balıqlar da onların arxasınca “Ervin” zindanı yerləşən dağa tərəf hərəkətə başladılar. Ariya balıqların iqtidar dayanaqları bu dağda idi. Bu hərkəti görən ariya balıqlar tam savaş hazırlığı durumuna keçdilər. İki cəbhə bir-birinə yaxınlaşmışdı. Qaraca balıq “Ariya balıqlar, təslim olmanızı və Ferdis balığı gətirib bizə təslim etmənizi istəyirik. Təslim olmasanız hamınız qılıncdan keçiriləcəksiniz.”— dedi.

Ariya balıqların başçısı “Qaraca balıq, Ferdisi bizim cənazələrimizin üstündən keçərək yaxalaya bilərsiniz.”— söylədi.

Qaraca balıq hücum əmri verdi. Balıqların savaşı başlamışdı. Ariya balıqlar silah baxımından daha üstün durumdaydılar. Qaraca balıq soldan, Qırmızı balıq sağdan hücuma başlamışdılar. Ariya balıqları qıra-qıra irəliləyirdilər. Qırmızı balıq hər iki qılıncı ilə savaşaraq ariya balıqların cəbhəsini yarıb ikiyə bölmüşdü. Qırmızı balığın arxasınca da balıqlar sürüsü axın edirdi. Qırmızı balığın savaşını görən Sarıca yüksək səslə “Qəhrəmanım mənim. Qırmızı balıq səni sevirəm. Səninlə qürur duyuram. Mənim özgürlükçü dostum.”— söylədi. Ariya balıqlarda ruh düşgünlüyü yaranmışdı. Zaman keçdikcə sayıları azalırdı. Artıq bir çox ariya balıq təslim olmağa başlamışdı. Təslim olanları arxaya alıb, sadəcə silahlarını əllərindən alırdılar. “Ervin” zindanı yerləşən dağ fəth edilmişdi. Balıqlar dustaq balıqları azad etdilər. Dağ bütünüylə ariya balıqlardan boşaldıldı. Bu zaman dağın tam zirvəsindən Qaraca balığın “yaşasın azadlıq!” hayqırışı duyuldu. Qaraca balıq Ferdis balığı əsir almış dağın başında durmuşdu. Yaşlı yastı burun Ferdis balığın boynu bükülmüşdü. Bütün balıqlar Qaraca balığın onunla necə davranacağını gözləyirdilər. Qaraca balıq üzünü milyonlarca həyəcanlı balıq sürülərinə tutub dedi: Balıq dostlarım, Ferdis balğın qaranlıq zehniyəti balıqları bir-birinə düşmən etmişdir. Sadəcə bizlərə deyil, ariya balıqlara da zərər vermişdir. Minlərcə balıq Ferdis balığın xəstə fikirləri üzündən həyatını itirmişdir. Sizdən soruşuram. Xəstə Ferdis balığın cəzasi nədir?

Bütün balıqlar bir səslə “Ölüm!”— dedilər.

Qaraca balıq bir zərbə ilə Ferdis balığın başını bədənindən ayırdı. Ferdis balığın başı dağın zirvəsindən dərəyə tərəf yuvarlandı.

Bütün balıq türləri öz rəqslərini oynayıb mahnı söyləməyə başlamışdılar. Müxtəlif balıq dəstələri öz dillərində bu zəfəri qutlayırdılar. Sarıca da Qırmızıya sarılmışdı. Sarıca və Qırmızı Qaracaya yaxınlaşıb onu təbrik etdilər. Tam bu sırada dənizdə bir xəbər dolaşdı ki, çox uzaqlardan bir mavi balıq gəlmişdir. Mavi balıq Qaracanı axtarırdı. Mavi balığı Qaracanın yanına gətirdilər. Qaraca balıq onun kim və nədən həyəcanlı olduğunu sordu.

Mavi balıq dedi: Mən çox uzaqlardan gəlmişəm. Sizi deyib gəlmişəm. Biz kiçik bir arxda yaşayan balıqlarıq. Arxa bir gürzə ilan gəlmiş. Hər gün onlarca balığın həyatını söndürür, canını alır. Bizə yardım edə bilərsinizmi?

Qaraca balıq Qırmızıya baxdı. Sarıca ilə bir-birinə sarılmış görünən Qırmızı balıq “Mən bu savaşa getməyə hazıram.”— dedi.

Bundan sonrası başqa bir macəradır, başqa bir yolçuluqdur...



09.10.2009

* Qırxayaq- xərçəng. Muğan ləhcəsində xərçəngə qırxayaq deilir.




Yüklə 163,43 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin