Qloballaşanlar və Qloballaştırılanlar
Qloballaşmanın dünya üzərində, hər cür fəaliyyətliliyn artmasına, informasiya və əlaqə imkanlarının çoxalmasına, istehsal və istehlak qəliblərinin uyğunlaşmasına, mədəni dəyərlərin bənzərliyinə, hətta hüquqi qaydaların belə eyniləşməsinə yol açır.
Qloballaşma prosesi ilə ölkələr öz aralarındakı ayrı-seçkiliyi təmin edən maneələri bir-bir bərtərəf edirlər. Bu maneələr əsasən, siyasi maneələr, iqtisadi maneələr (gömrük), mədəni maneələr və hüquqi maneələrdir.
Qloballaşmada beynəlxalq iqtisadi təşkilatları və transmilli şirkətləri rolu olduqca böyükdür. Dünya iqtisadiyyatının keçmişdən bu günə yaşadıqlarını başa düşə bilmək üçün qloballaşmanı anlamaq şərtdir. Dünya iqtisadiyyatından qlobal iqtisadiyyata keçid yaşanmaqdadır. Bir birindən müstəqil və ayrılmış vəziyyətindəki ölkə iqtisadiyyatları bütövlülük ifadə edən qlobal iqtisadiyyata çevrilir.
Qloballaşma və anti-qloballaşma. Onlar arasında mübarizə və dünya nizamı
Tədqiqatçılar hesab edirlər ki, qloballaşma nə müstəmləkə imperiyaların hökm sürdüyü, nə də dünyanın bloklararası sinfi-ideoloji qarşıdurmasının mövcud olduğu vaxtlarda mümkün idi. Bunun üçün, hökmən, formal da olsa, bərabərhüquqlu dövlətlərdən təşkil olunmuş indiki polisentrist dünya nizamı, bütün dünya miqyasında insan haqları, demokratiya və s. kimi “ümumi maraqlar” altında vahid dəyərlər sistemini təbliğ və təşviq edən beynəlxalq nizamın mövcudluğu vacibdir.
Əgər Vestfal sistemindən XXI əsrin başlanğıcına qədər beynəlxalq əlaqələrin icraçısı kimi əsasən milli dövlətlər və onların koalisiyası çıxış edirdisə, müasir dövrdə qeyri-hökumət strukturlarının hesabına bu say bir neçə dəfə artmışdır. Hazırda dünya siyasətində beynəlxalq transmilli qurumlar, hökumətlərarası və qeyri-hökumət təşkilatları milli dövlətlərlə çiyin-çiyinə çalışmaqdadırlar. Bəhs olunan aktorlar XX əsrin sonu-XXI əsrin əvvəllərində beynəlxalq həyatda ənənəvi geosiyasi subyektləri getdikcə sıxışdıraraq strateji təsir və idarəetmə mexanizmlərini əlinə alır, həm müsbət, həm də beynəlxalq terror, narkobiznes, dini fanatizm və sair kimi mənfi hallarla beynəlxalq münasibətlər və transmilli qloballaşmanın əsas amilinə çevrilirlər.
Hazırkı geoiqtisadi vəziyyət ondan ibarətdir ki, transmilli korporasiyalar harada xammal və ucuz işçi qüvvəsi mövcuddursa, orada istehsal təşkil edir və bazar qururlar. Elə transmilli korporasiyalar var kı, onun istehsal etdiyi ümumi məhsulun cəmi 5 faizi yarandığı və hüquqi şəxs olaraq qeydiyyata alındığı ölkənin payına düşür.
Müasir geoiqtisadi qloballaşmada iki əsas meyl müşahidə olunur. Bir tərəfdən, ABŞ dünya geoiqtisadiyyatı və dünya geosiyasi sistemində hegemon dövlət rolunu saxlayır və getdikcə bu rolu gücləndirməyə çalışır. Digər tərəfdən, qlobal dünya aktorları getdikcə onu bəhs olunan sahələrdən sıxışdıraraq ciddi rəqabət və müqavimətlə üz-üzə qoyurlar. Məsələn, ABŞ-ın müttəfiqi olan Avropa Birliyi ölkələri də onun rəqibi kimi çıxış edən Cənub-Şərqi Asiya, Yaponiya, Çin, Cənubi Koreya , Tayvan və sair kimi dövlətlərlə iqtisadi çoxmərkəzçilik şəraitində müstəqil tərəf olaraq çıxış etməyə meyl göstərir və qloballaşma şəraitində ABŞ a ciddi rəqib yaratmış olurlar.
Təbii ki, ABŞ həm iqtisadi, həm də siyasi müstəvidə qloballaşmanın genişlənməsində maraqlıdır. Keçən əsrin 70-80 ci illərindən başlayaraq Anqlo-saksların himayəsi ilə minlərlə QHT yaradılmış və dünyanın ictimai-siyasi, iqtisadi həyatında onların fəaliyyəti təmin olunmuşdur. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s kimi qeyri dövlət aktorları müasir beynəlxalq siyasətə və dünya ölkələrinin daxili həyatına müdaxilə edərək planetar həyatın qurulması və idarə edilməsində iştirak edirlər.
Dünyanın siyasi inteqrasiyası ayrı-ayrı regionlar daxilində intensiv şəkildə həyata keçirilir. Avropa Birliyi, Şimali Amerika Dövlətləri Birliyi kimi təşkilatlar üzv dövlətlər arasında siyasi inteqrasiyanın ən yüksək formalarını tətbiq etməkdədirlər.
Bundan başqa? dünyanın ən böyük 8 dövlətinin rəhbərlərinin illik toplantıları, beynəlxalq siyasi təşkilatların zirvə görüşləri, ayrı – ayrı ölkələri təmsil edən siyasi partiya və ictimai qurumlar əlaqələr saxlaması və s kimi transmilli tədbirlər də dünyanın siyasi həyatının qloballaşmasına ciddi təsir göstərir.
Siyasi qloballaşma şəraitində Qərbin siyasi idarəçilik normalarının və standartlarının, ictimai – siyasi dəyərlərinin universallaşdırılaraq bütün dünyaya yayılması, dövlətlər, millətlər və mədəniyyətlər arasında milli sədlərin silinməsi, dünyanın vahidləşməsi və vahid mərkəzdən idarəedilməsi meylləri müşahidə olunur.
Elmi ədəbiyyatda “Mondializm” adlandırılan bu prosesi tədqiqatçılar ümumən obyektiv hesab etsələr də, onlar ABŞ və Qərb ölkələri tərəfindən planlaşdırılan, tənzimlənən və idarəolunan “mondializm” prosesini, başqa sözlə, Qərb dəyərlərinin bütün dünyada qəbul etdirilməsini, vahid dünyanın siyasi həyatının ABŞın böyümüş proyeksiyası kimi təşəkkül tapmasını və dəniz sivilizasiyasının dünyanın bütün digər xalq və dövlətlərinə “düşünülmüş ssenari” əsasında zorla təlqin olunmasını subyektiv proses kimi dəyərləndirirlər.
Geosiyasi inteqrasiya dərinləşdikcə, bəzi Qərb dairələrində, xüsusən ABŞ politoloqları içərisində dünyanı vahid mərkəzdən idarə edən “ümumdünya hökumətinin” yaradılmasına ehtiyac olması haqqında fikirlər səsləndirilməkdədir. Onların fikrincə, qloballaşmanın getdikcə bütün dünyada genişlənməsi, iqtisadi, sosial, siyasi inteqrasiyanın dərinləşməsi, liberal-demokratik sistemlərin universallaşması guya planetdə yeni bir millət və dövlətüstü mərkəzi hökumətin yaranmasına gətirib çıxarmalıdır. “Ümumdünya hökumət” adlandırılan bu mərkəz bütün fundamental hüquqları suveren dövlətlərin əlindən alaraq öz əlində cəmləşdəricək, ədalət bərqərar olacaqdır.
Dünyanın siyasi həyatının qloballaşmasında beynəlxalq siyasi inteqrasiya xüsusi yer tutur. Beynəlxalq siyasi inteqrasiyanın əsasını dünyada demokratikləşmənin transmilli siyasət səviyyəsinə qaldırılması, yeni –yeni ölkələrin bu prosesə qədəm qoyması, yaxud cəlb edilməsi və bu əsasda Qərb dünyası ilə geniş siyasi əlaqələrə girməsi təşkil edir.
Bu gün dünyada qloballaşmanın əleyhdarları da kifayət qədərdir. Bəziləri qloballaşması ancaq dünyanın inkişaf etmiş ölkələrinin və qlobal korporasiyaların maraqlarına xidmət etdiklərini, qloballaşma sahəsində kiçik ölkələrin və xalqların milli maraqlarının nəzərə alınmadığını, yerli şirkətlərin rəqabətə tab gətirə bilmədiklərindən də danışırlar.
Beləliklə, qlobalizmin inkişafı ona qarşı çıxanların daha da təşkilatlanmasına və mübarizələrinin kəskinləşməsinə səbəb oldu.
Qloballaşma şəraitində müasir dünyanın nizamı məsələsi ekspertləri narahat edən aktual mövzulardandır. Son illər demək olar ki, bütün nüfuzlu beynəlxalq tədbirlərdə bu məsələ müxtəlif kontekstlərdə müzakirə olunur. Bütövlükdə belə bir fikir mövcuddur: hazırda dünyanı təhdid edən ciddi qlobal risklər meydana gəlib. Onları aradan qaldırmaq üçün xeyli əmək sərf etmək lazım olacaq. Belə bir vəziyyətin yaranma səbəbləri də fərqli göstərilir. Son Davos İqtisadi Forumunun əsas devizinin dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşması ilə bağlı olması heç də təsadüfi deyil. Mütəxəssisləri dünyada geosiyasi nizamın yeni beynəlxalq qaydalar və prinsiplər əsasında yenidən formalaşdırılması çox maraqlandırır. Bəs hansı səbəblərdən bu məqsədə hələlik nail olmaq mümkün olmur? Başlıca faktorlar hansılardır? Davos Forumu işığında bu kimi suallara təhlili cavab üzərində geniş dayanmağa ehtiyac gördük.
Amerika Prezidenti Donald Trampın isə ümumilikdə dünya istehsal həcmini əsas olaraq ABŞ-a qaytarmaq xəttini yeritməsi onun faktiki olaraq reindustrializasiyaya başlamaq istədiyini göstərir.
Çin nə vəziyyətdədir? Onu hələ də "ümumdünya fabriki" adlandırırlar. Davosda da böyük nümayəndə heyəti ilə iştirak edib. Lakin ekspertlər əmindirlər ki, Pekin hələ Qərbin açdığı yolla gedir. O cümlədən öz regionunda ticarət və maliyyə axınına nəzarət etməyə çalışır. Bu o deməkdir ki, Çin artıq uzaqlaşan "qatarın sonuncu vaqonuna atlanmağa" çalışır. Lakin bu trendin sonunun böhran olduğu haqqında proqnozlar da vardır. İndi Çin iqtisadiyyatının artım sürətinin xeyli yavaşıdığı barədə məlumatlar mövcuddur. Əgər bu tendensiya daha da güclənsə, dünya iqtisadiyyatını nələr gözləyir?
Davos Forumunda iştirak edən Rusiya hansı xətti yeridir? Rusiya dünyaya yeni texnologiyalar verə bilmir. Onun iqtisadiyyatı hələ də daha çox xammalla bağlıdır. Buna görə də qlobal miqyasda əsas olaraq enerji daşıyıcılarının qiymətinin yüksək qalmasına xidmət edən xətt seçib.
Təbii ki, deqloballşamanın başlıca mənbəyi dünyanın supergücləri arasında olan qeyri-sağlam rəqabətdir! Onların hər birinin əsas məqsədi dünyanı birləşdirməyə doğru aparan addımlar atmaqdan ibarət deyil. Daha çox öz maraqlarının təmin edilməsi ilə liderlik etməkdir!
Bu zaman həmin qüvvələr özlərinin inkişafına üstünlük verməkdən çox, digərlərinin inkişafını ləngitməyə meyl edirlər. Bu da qlobal miqyasda kifayət qədər çətinliklər, süni maneələr yaradır. Dünyanın müxtəlif regionlarında, maraqların toqquşma sahələrində münaqişələr yaranır. Bununla bağlı kifayət qədər misallar mövcuddur. Məsələn, ABŞ-Çin münasibətləri Cənubi Çin dənizində ticarətə nəzarət ucbatından gərgin məzmun alıb. Vaşinqton Pekinə qarşı ticarət vergiləri siyasətini xeyli kəskinləşdirib. Amerika Avropa, Rusiya, Türkiyə və başqa dövlətlərə qarşı da eyni proteksionist mövqedən çıxış edir. Ekspertlər hesab edirlər ki, bütün bunlar ABŞ-ın sürətlə dəyişən dünyada liderlik mövqeyini saxlamağa çalışması ilə bağlıdır.
Bəs Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bu tendensiyaya təsiri yoxdurmu? Mütəxəssislərin fikrincə, demək olar ki, yoxdur. Bunun iki anlamı var. Birincisi, bütövlükdə dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq hüquq normaları çərçivəsində supergüclərə təsir edə bilsin. Onda onlar niyə mövcuddurlar? Formallıq xatirinə, yoxsa gözlərə kül üfürmək üçün? Yəni böyük güclərə beynəlxalq təşkilatlar öz maraqlarını pərdələmək və törətdikləri cinayətləri ört-basdır etmək, imkan olanda ona hüquqi don geyindirmək üçünmü lazımdır? Dağlıq Qarabağda, Ukraynanın şərqində, Suriyada, İraqda, Əfqanıstanda və başqa məlum yerlərdə törədilən cinayətləri beynəlxalq təşkilatlar "pərdələyəcəksə", hansı qloballaşmadan danışmaq olar? İkincisi, beynəlxalq təşkilatlarda ciddi islahatlar aparmaq lazımdır. Yaxud fərqli tənzimləmə mexanizmləri işləmək gərəkdir. Təəssüf ki, bunların heç biri hələ yoxdur.
Bunun necə reallaşa biləcəyini də dünyada çox gözəl bilirlər. Ədalət, beynəlxalq hüquq, ikili standartlardan imtina, fərqli mədəniyyət və din mənsublarına tolerant yanaşma! Bu, seçim məqamı deyil, bəşəriyyətin varlığının təməl şərtlərdir. Əks halda, boşuna müzakirələr "acı bağırsaq" kimi uzanacaq.
Bütün bunları nəzərə alan bir qrup insan illərdir ki, bu kimi qlobal forumları fitə basaraq hegemon dövlətləri planetin bütün problemlərində günahlandırırlar. Antiqlobalizm hərəkatı Qərbdə yaranmış, tədricən başqa ölkələrdə də gündəmə gəlmişdir. Amerikasayağı qloballaşmanın rəmzləri 1999-cu ildə diqqəti daha çox cəlb etməyə başladı. Həmin il antiqlobalistlər ÜTT-nin görüşünün təxirə salınmasına nail ola bilmişlər. Artıq iqtisadi qloballaşma tərəfdarlarının demək olar ki, hər bir görüşü, istər ümumdünya iqtisadi forum, istərsə də "böyük səkkizlərin" görüşü antiqlobalistlər tərəfindən ciddi etiraz aksiyaları ilə qarşılanır. Amerikasayağı qloballaşmanın əleyhdarları öz hərəkatlarını "yeni antikorporativ hərəkat", "qlobal demokratiya uğrunda hərəkat" adlandırırlar.
Dostları ilə paylaş: |