Qoşa qanad


Ön söz Yanlışların üzünə qapı bağlananda Həqiqət də bayırda qalır. Taqor



Yüklə 1,48 Mb.
səhifə20/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   16   17   18   19   20   21   22   23   ...   49
Ön söz
Yanlışların üzünə qapı bağlananda

Həqiqət də bayırda qalır.

Taqor

Taqor


Müasirlərimizin əksəriyyəti kimi mən də sənəti çox sevirəm və həyatı onsuz düşünə bilmirəm. Nə üçün? Bu sual neçə ildir ki, fikrimi məşğul edir və az qala məni baş­lıca işimdən yayındıracaq qədər güclü görünür. Əl­bət­tə, belə bir hadisə baş verə bilməz, çünki bu suala öz ixti­sa­sı­mın gözü ilə baxırdım. Nəhayət, sənət məsələləri ət­ra­fın­da­kı düşün­cə­lər diqqətimi “elm və sənətin əlaqəsi, qar­şı­lıq­lı təsiri” kimi nisbətən konkret sahəyə yönəltdi ki, dövri mətbuatımızda bu barədə müzakirə və söhbətlərə tez-tez rast gəlmək olur.

Elmlə sənətin əlaqəsini, qarşılıqlı təsirini azacıq da ol­­sa açmaq məqsədi güdən bu yazı mövzuya sənət pərəs­tiş­karı bir təbiətçinin baxımıdır. Bu fikirlər müxtəlif vaxt­larda gör­dük­lərimin, oxuduqlarımın və ayrı-ayrı gö­rüş­lərin təsiri al­tın­da formalaşmışdır.

İstər elmin, istərsə də bunların qarşılıqlı təsirinin bir elm obyekti kimi öyrənilməsi ilk baxışda əməli cəhətdən az əhəmiyyətli görünə bilər. Lakin belə deyil. Axı, bu mə­sələlər əslində həyatın mahiyyəti, insan aləminin mahiy­yə­ti məsələ­lərinin vacib hissələridir.

Həyatın təkmilləşməsi, yetkinləşməsi üçün insanın gö­rəcəyi vacib işlər çoxdur. Belə bir hal əbədidir. Gö­rü­lə­cək iş­lərin qurtarması həyatın sona çatması olardı. İşin be­lə tü­kən­məzliyinə baxmayaraq insan fikirləşməyə başla­yan­dan bəri həyatın və özünün mahiyyəti haqqında düşün­məyə həmişə vaxt tapmışdır. İlk baxışda mücərrəd görünə bilən bu axta­rış­lar insanın sabahı üçün gərəkdir. Axı, insan öz gələcəyini təkmilləşdirmək üçün onun mahiyyətini an­la­malıdır, aləmi dərk etməlidir. İnsanın təcrübi məqsədlər üçün yaratdıq­la­rı­nın hamısı aləm haqqındakı təsəvvür­lə­ri­nin, biliyinin nəti­cə­sidir. İnsanın aləm haqqında biliyi, qəribə də olsa, öz həyatı üçün istifadə etdiyi faydalı im­kan­lardan dəfələrlə çoxdur. Bu biliyin böyük bir hissəsi həyata tətbiq olunmur. Belə hal tə­biidir – ürəkli bir addım atmaq üçün neçə-neçə addım irəlini görmək lazımdır. Bir sözlə, təcrübədə istifadə olunmayan bilik işıq rolunu oy­nayır. Əlbəttə, müəyyən vaxta qədər.


...Bir kimsə əgər olaydı agah

Kim, xəlqi necə yaradır Allah,

Mümkün ki, iradətilə ol həm,

Xəlq edə biləydi özgə aləm.
İndiki elmin gözü ilə baxsaq və müasir elm dilinə çe­virsək, Füzuli deyir ki, insan aləmin necə yarandığını, necə qu­rulduğunu bilsəydi, özü də belə bir aləm yarada bilərdi.

Bu gün aləmi bilmək zərurəti hələ aləm yaratmaqdan əvvəl, xərçəng xəstəliyinə müalicə üsulu tapmaq, irsi xəs­tə­liklərin müalicəsi problemini həll etmək, insanın texniki fəaliy­yəti nəticəsində təbiət ahənginin pozulması qarşısını almaq, elmin, sənətin mahiyyətini başa düşüb, bunların im­­­ka­nından tam istifadə etmək üçün lazımdır. Elmlə sə­nə­tin əlaqəsi məsələsi yeni qoyulmur. Bu, çox qədim prob­lemdir. Məsələyə hər dövrün özünün baxımı var. Biz qar­şı­ya çıxan hər hansı bir sualın mahiyyətinə ayrı-ayrı çağ­larda baxsaq, onun zamana görə necə dəyişdiyini gö­rə­rik. Biz “cavab köh­nəlib” deyirik. Bəlkə “sual yeniləşib” de­mək daha doğrudur.

Yüz il bundan qabaqkı “Sənət nədir?” sualı ilə indiki “Sənət nədir?” sualı eyni deyil. Sualın qoyuluşu eyni olsa da, əs­lində bizi maraqlandıran “Sənət necə olmalıdır?” sualı­dır. “Sənət nədir?”, “Elm nədir?”, “Sənətlə elm bir-bi­rini necə ta­mamlayır?” kimi suallar hər ikisinin yüksə­li­şin­dəki ziddiy­yətli dövrlərdə irəli sürülür. Alına biləcək ca­vab­lar hər ikisinin inkişaf yolunu aydınlaşdırmaq üçündür. Bir tərəfdən də bu suallara orijinal cavabların alınması, tri­vial (əksi mənasız olan) olmayan cavabların tapılması üçün yeni fikir zirvələrinə yetişməyi tələb edir.

Kvant fizikasının görkəmli nümayəndələrindən biri olan Lui De Broyl elmi axtarış aparan adamı zirvə ar­xa­sında nələr olduğunu görməyə can atan səyyaha bənzədir. O, ucalıqdan, arxasında başqa aləmlər gizlənmiş yeni zir­və­­lər görür. Hər sualın-sorğunun həlli cavabla bərabər ye­ni suallar, yeni diləklər, sirlər aləminə gedən yeni yol­lar­dır. Şəhrizadı bir-birini tamamlayan min bir nağıl ölüm­dən qurtardığı kimi, elmi işçini də fəaliyyətsizlikdən, mə­nəvi yoxsulluqdan sualdan çıxan yeni suallar xilas edir.

Yeni çıxılmış zirvələrdən gələcək zirvələrə bərabər ke­çilmiş yol da aydın görünür. Tədqiqatçı – araşdırıcı yeni zirvələrə yola düşməzdən öncə gəldiyi yolla bu yüksək­lik­dən baxır. İndi keçilmiş olan, ayrı-ayrılıqda gördüyümüz, lakin əlaqəsini duymadığımız sıldırımlar, dolaylar, aşırım­lar başqa cür görünür. Geriyə qayıdıb zirvəyə yenidən gəl­miş olsay­dı­nız, oraya ən rahat yol seçərdiniz. Artıq çatıl­mış məqsədə necə və hansı yolla gəlməyin müzakirəsi bu məqsəd üçün elə bir əhəmiyyət kəsb etmir. Bu müzakirə gə­ləcək yolun qısal­dılması üçün lazımdır.

İndi fikir aləmində belə zirvələr çoxdur: mikroalə­min quruluşu, molekulyar biologiya, kibernetika, təşkilat haq­­qında elm və s. Bütün bu zirvələrdən elmə, sənətə və on­ların əlaqəsinə baxış yeni nəticələr əldə etməyə imkan ve­rir. Belə cəhdlərin soyuq baxışlarla qarşılandığı hallar az de­yil: “Sə­nəti kimya, fizika, biologiya anlayışlarına xırda­la­maq onu yox etmək demək deyilmi?”

Həyat məhz kimya, fizika, biologiya anlayışlarına xır­­da­lana bildiyindən bu gün etibarlı, dayanıqlı olmuşdur. Bir də həyat, sənət, buna görə qəribəliyini itirə bilməz, onu başqa qəribəlik əvəz edir. Bəlkə də qəribəlik üstünə qə­ri­bə­lik gəlir. Elə kristalloqraf görməmişəm ki, kristalların içə­risinin quruluşunu öyrəndiyinə görə çölünün gözəl­liyi­nə laqeyd ol­sun. Elə də həkimlər, anatomlar. Məgər çiçək­ləri ləçək­lə­rinə, yarpaqlarına və hüceyrələrinə qədər bölən bo­tanik onların gö­zəlliyindən zövq almırmı?

Biliksizlikdən doğan təəccüb az ömürlü olur, düşün­dür­mür. Bilikdən, tanışlıqdan yaranan heyranlıq isə həya­tın insana verdiyi ən dadlı duyğulardandır. Həyat öyrənil­dik­cə şirinləşir, şirinləşdikcə öyrənilir. Həyatın sirlərini öy­­rənməyə inam­sızlıq, həyatın özünə ümidsiz baxışdan törəyə bilər. Belə bir inamsızlıq şeylərin mahiyyətini öy­rənmək səyini hələ beşikdə ikən öldürə bilər.

Əlbəttə, bu skeptikliyin psixoloji səbəbi müəyyən qə­dər başa düşüləndir. Vaxtı ilə insan Yerin kainat üçün mər­­kəz olmadığını eşitdikdə daha böyük həyəcan keçir­miş­dir: necə ola bilər ki, üzərində insan gəzən Yer kainatın mər­kəzi olmasın?!

Tanrıları belə özünə oxşadan insana bir gün qalan can­lılarla eyni köklü olduğunu deyəndə necə pərt olma­yay­dı. Lakin o tezliklə inandı ki, mərkəz olmaq hələ yük­səklik deyil və meymunlarla uzaq qohumluq onun insan şöh­rətini zərrəcə azaltmır. Əksinə, insan öz yerini düzgün bildikdən, özü haqqında bu həqiqətləri öyrəndikdən sonra uzaq “qohum­la­rına” nisbətən daha yüksəkliklərə uzandı.

Bu cür misilsiz həyat təcrübəsinə yiyələnən insan ən adi elementlərdən təşkil olunduğunu bilib özü öz gözün­dən düşməməlidir. Məsələ təkcə nədən təşkil olunmaqda de­yil, həm də necə təşkil olunmaqdadır.

Beləliklə, elmlə sənətin əlaqəsi kimi bir məsələni ye­ni fikir zirvələrindən müşahidə etmək sənəti bizim üçün adiləşdirmir, əksinə, bizi oradakı gözəlliyin daha dərin qat­larına yüksəldir.

Bəs belə addımlarda yanlışlıqlar necə? Səhv etmək qor­xusu bizi nə qədər doğru addımlardan saxlayır! Necə deyərlər, səhv etmək üçün ən yaxşı yol heç bir iş gör­mə­məkdir.

Bu baxımından elmin bütün tarixini gözdən ke­çir­mək mümkün olsaydı, gözlənilməz həqiqətlərlə qarşılaşan nə qədər yanlış addımlar nəzərə çarpardı. Kolumb sarsıl­maz bir inamla Hindistan səfərinə çıxıb Amerikanı av­ro­palılar üçün açdı. Kimyaçılar “Fəlsəfə daşı” axtara-axtara kim­yanı nə qədər zənginləşdirdilər. Mənə elə gəlir ki, tri­vial olmayan, əksi də ağıla batan mülahizələr, fərziyyələr yox­lanılmağa möhtacdır, onları araşdırmağa dəyər.

“Fizika, kimya həyatın mahiyyətini aça bilməz!”, “Ma­şın şeir yaza bilməz!” və s. kimi qəti hökmlər verənlər az deyil.

Qoy maşın musiqi yazsın, pis olar, dinləmərik. Bu imkanımızı əlimizdən kim ala bilər? Biz ki, adi, təbii qay­dada yazılan hər musiqini bəyənmirik. Maşın dözülməz bir musiqi yazsa belə biz onu iftixar hissi ilə dinləməliyik. Bu, insanlıq üçün bəstəkarın orta səviyyəli musiqisindən çox dəyərlidir. Məsələ maşına musiqi və şeir yazdırmaqda de­yil. Belə işləri insan üçün insan etməlidir. Məsələ maşının imkanlarını öyrənməkdir. Maşına şer yazdırmasaq, musiqi bəstələtməsək, şəkil çəkdirməsək onun imkanlarını necə ta­pa bilərik? Bir də insan, özünün indi gördüyü işləri görə bilən bir maşın düzəldərsə, öz beyni qat-qat artıq inkişaf edəcək. İnsan yaradaraq yaranır – bu prosesdə dəyişib ye­ni­dən yaranır. Bu, yaradıcılıq prosesinin mütləq nəticəsidir. Yaratmaq istədiyiniz alınmasa da, siz özünüz ye­niləşəcək, yenidən yaranacaqsınız. Bəlkə də, adamlar “zəh­mət itmir” dedikdə bunu nəzərdə tuturlar. İnsanın “per­petium mobile” – daimi mühərrik yaratmaq yolundakı bütün cəhdləri boşa çıxdı. İnsan belə bir işin mümkün ol­madığını tapıb çox yüksəldi. O belə bir mühərriki tapmış olsaydı, inkişafa ehtiyac qalmaz, heç əvvəlki yüksəkliyini də saxlaya bilməzdi. Biz hələ maşının imkanlarından öz işi­mizdə tam istifadə etməmiş, bəzən mətbuatda maşın­la­rın yazacağı şeirlərin bədii baxımdan zəif olacağını “elmi” cəhətdən sübut etməyə çalışırıq. Doğrusu, bu, çox gülmə­li­dir.

Yanlış və fantastik əməllər dalınca qaçmaq haqqın­da­kı mülahizələrdə isə məqsəd yol verə biləcəyimiz yan­lışlıqlara, əsassız hökmlərə haqq qazandırmaq deyil. Elm elə bir torpaqdır ki, yanlış fikirlər heç bir vaxt orada gö­yə­rə bilməz.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin