Necə bir Türkiyə mümkündür?
İnsanın və cəmiyyətin səadəti təkcə maddi rifaha əsaslanmır. Qərb dünyası maddi rifahı ilə yüksək səviyyədə olsa da, bir-birindən qopmuş, könülləri qurumuş çox sayda bədbəxt insanlarla doludur. Bizə aşılanmaq istənən də budur. İnsanların səadəti maddi və mənəvi zənginliyin eyni anda mövcud olması ilə mümkündür. Bu, Mövlananın “Məsnəvi”sindəki bir hekayə ilə çox gözəl ifadə edilmişdir. Babalarımız mənəvi elmlərdə bugünkü Qərbdən çox qabaqda olublar. Bizdə bir alimin həqiqi bir alim ola bilməsi üçün həm maddi, dünyəvi, həm də mənəvi, yəni daxili aləmin elmlərinə vaqif olması vacib hesab edilirdi. Maddi elmlər fizika, kimya formulları bir şeyin necə formalaşdığını göstərir, lakin nə edilməli olduğu haqqında heç nə demir.
Nəyi seçmək insanın və millətlərin mədəniyyətlərindən, mənəvi aləmlərindən asılıdır. Mənəvi və insanlıq yönü zəif olanların məşğul olduqları elm və texnoloji inkişaf çox vaxt bəşəriyyətin əleyhinə istifadə edilir. Məsələn te-levizoru götürək. Bu gözəl texniki vasitə ilə insanların təhsil səviyyəsinin, mədəni və mənəvi zənginliklərinin yüksək səviyyədə inkişaf etdirilməsi mümkün olduğu halda, bu gün bir çox kanallar, məsələn Amerika televiziya kanalları insanlara vəhşilik, dələduzluq, əxlaqsızlıq öyrədir, insanları öz düşüncəsi olmayan bir qoyun sürüsünə çevirir.
Biz həm Asiyayıq, həm Avropa, həm də Yaxın Şərq. Söhbət coğrafi mövqeyimizin bizə bəxş etdiyi mədəniyyət və mənəviyyat zənginliyindən gedir. Şərqin mənəvi zənginliyi və insan anlayışı ilə Qərbin maddiyatı arasında körpü qura biləcək bizdən daha münasib bir millət yoxdur. Dəhşətli bir naqislik kompleksi ilə xaçlı səfəri mentalitetindən xilas ola bilməyən Avropaya yalvara-yalvara qalmaqdansa Asiyalı olmağımızdan qürur duyaraq tarixi mənəvi zənginliklərimizlə maddiyatı ən yeni qabiliyyətlərlə insanı əzmə və istismar etmək üçün yox, insanın yüksəlməsinə, səadətinə, qardaşlıq duyğusuna və rahatlığa qovuşması üçün istifadə edən bir millət olmalıyıq. Necə ki, əsrlərcə olmuşuq.
Son vaxtlar Qərbin keçirdiyi mənəvi böhran onun başqaları ilə olan davranışlarında da özünü göstərir və bəsit mədəniyyət maskası altında Qərbin nə dərəcədə qəddar, eqoist və barbar olduğunu nümayiş etdirir. Demokratiya, BMT, insan haqları Qərbin sadəcə öz çirkin əməlləri üçün istifadə etdiyi örtük və maskadan ibarətdir.
Türkiyə həm Qərb üçün, həm də Şərq üçün insanlıq nümunəsi olan bir ölkə ola bilər. Bir millət zülmə məruz qalırsa türkü öz yanında, sülh yaradılmasına çalışan, vasitəçilik edən, bütün beynəlxalq təşkilatlarda öz səsini eşitdirən, insanlığa dəvət edən ən fəal bir sülhpərvər kimi görməlidir.
Gələcəyin Türkiyəsi yeni bir Yapon möcüzəsi olacaq, elmdə, texnikada ən ön cərgədəki yenilikləri ilə həm özünə, həm də bəşəriyyətə faydalı bir şəkildə çalışacaqdır. Türk gənci həm öz tarixini, dilini, ədəbiyyatını, həm də xarici aləmi, texnologiyanı biləcəkdir. Türk nə başqaları tərəfindən xor görüləcək, nə də öz mənliyindən vaz keçəcəkdir.
Türk, Asiya ölkələri və İslam dünyası ilə öz arasında yaradılan soyuqluğu, hətta düşmənçilik hisslərini yox etməli və müxtəlif ölkələrlə mədəniyyət, təhsil, elm və həmrəylik münasibətlərini inkişaf etdirməlidir. Yeni Şərqi Avropa ölkələri ilə, Yaxın Şərq və Asiya ölkələri ilə, hətta Afrika və Cənubi Amerika ilə tamamilə yeni əlaqələr quracağıq. Köhnə dostlar, düşmənlər hamısı bizim insanlığımızın və qabiliyyətlərimizin həsrətində olacaqlar və bizdən nümunə götürəcəklər.
Orta Asiya Türk dövlətləri ilə sıx mədəniyyət, təhsil, texnologiya, ticarət münasibətləri qurulacaq və siyasi bir məqsəd güdmədən aramızdakı qopmuş qardaşlıq əlaqələri möhkəmləndiriləcək, gömrük, pasport, viza maneələri ləğv ediləcək və əsl bir türk dünyası yaradılacaqdır.
Türk gənci, həm köhnə, həm də yeni Türkiyəni çox yaxşı tanıyacaq, hər peşədə, hər sahədə gözəl və daim inkişaf edən Türk dilini istifadə edərkən hər kəlmənin bir bal damlası kimi dadını ağzında hiss edəcək. Türk dilini dünyanın qardaşlıq və insan sevgisi dilinə çevirəcəkdir.
Səlcuqlu babalarımızın dövründə olduğu kimi, təhsil müəssisələrimizə dünyanın hər tərəfindən xarici müəllimlər gələcək, Türk dilində təkcə ən yeni elm və texnologiyanı yox, insanlığı da öyrənib öz ölkələrinə dönəcəklər.
Türkiyəyə gələn xarici turistlər təkcə Roma, Bizans və ilk dövr Xristian xarabalıqlarını yox, Səlcuq, Osmanlı əsərlərini də görəcək, karvansaralarda türk qonaqpərvərliyini dadacaq, yenidən canlanan gözəl ənənə və həyat tərzimizin həsrətində olacaqlar.
Qısa bir vaxtda belə bir Türkiyə formalaşdıra bilərik.
Dostları ilə paylaş: |