Yenidən Qurtuluş savaşı: nədən başlayaq? Dilimizə olan son hücumların altında yatan şey əcnəbi dil ilə təhsildir. Buna qarşı alınacaq çox tədbirlər var. Təcili tədbirlər aşağıdakılardır:
Əcnəbi dilin ancaq əcnəbi dildə təhsil ilə mümkün olduğu haqqında səhv ictimai rəy yaradılmışdır. Məsələnin ciddiliyini dərk edənlər ətrafındakı hər kəsə, valideynlərə, pedaqoqlara və xalqa həqiqəti başa salsınlar. Hazırlıq sinfi anlayışının başqa ölkələrdə olmadığını, bunun böyük bir israfçılıq olduğunu hər kəsə bildirməlidirlər.
Hər hansı bir əcnəbi dilin, hansı ixtisaslarda faydalı olduğu, hansı formada öyrənilməli olduğu müəyyənləşdirilsin. Məsələn, turizmə rəhbərlik edənlərin və otel idarəçilərinin ingilis dilindəki fizika və riyaziyyat terminlərini bilmələri zəruri deyil. Eyni zamanda, elm adamının da məişət səviyyəsindəki ingilis dilini çox yüksək səviyyədə bilməsi lazım deyil və öz ixtisasının hüdudları çərçivəsində əcnəbi dil bilməsi kafidir. Əsas bilməli olduğu şey isə riyaziyyatdır.
İnsanlar, yeni seçilən nazirlər və s. təkcə əcnəbi dil bildikləri üçün mədh edilməməli, riyaziyyat, kompüter proqramları, iqtisadiyyat, fəlsəfə, türk ləhcələri, mühəndislik və s. bilik və qabiliyyətlərinə görə alqışlanmalıdır.
Hüquqşünaslarımız əcnəbi dillə təhsilin konstitusiyaya zidd olması baxımından lazımi instansiyalara xəbərdarlıq etməli, hətta toplu şəkildə cinayət işləri açmalıdırlar.
Bütün orta və ali təhsil müəssisələrində əcnəbi dildə təhsil dövlət tərəfindən qadağan edilməlidir. Hətta xarici missioner məktəblərində belə, təhsilin dili tamamilə türkcə olmalı, əcnəbilər bu məktəblərdə ayrıca xarici dil dərsində intensiv, yeni və sürətli əcnəbi dil öyrənmə metodları ilə fayda verməlidirlər. Əgər bu dəyişikliyə razı olmasalar, əsl məqsədləri aydın olacaq. Bütün özəl və ya dövlət təhsil müəssisələrində əcnəbi dillər ayrıca, yeni metodlarla tədris olunmalı, yay kursları açılmalı, ictimai rəy formalaşdırılmalı, hazırlıq sinfi anlayışı tamamilə ləğv edilməlidir. Əgər dövlətin bir-iki il artıq təhsil vermək imkanı varsa və mütləq başqa ölkələrdən daha çox təhsil verilmək istənilirsə, hazırlıq dövründə hər tələbə, ixtisasından asılı olmayaraq, riyaziyyat, kompüter və proqramlaşdırmanı öyrənməlidir. Bax, onda başqa ölkələrdən geridə yox, öndə olarıq. Çünki, hazırda öyrədilən ingilis dili “rock and roll” dilidir. Əsl elm dili isə riyaziyyatdır.
Partiyasından və siyasi görüşündən asılı olmayaraq, iqtidarda olan hökumətlər Türkiyə, Türk dünyası və türk xalqının əbədiliyini və maraqlarını birinci planda dəyərləndirməli və bu mənada milliliyə önəm verməlidirlər. Türkiyə və Türk dünyasının ən əsas problemi olan təhsil və təhsilin dili məsələsidir və bu məsələlərə diqqətlə yanaşmayan, qəti tədbirlər görmək istəməyən bir iqtidar, təmsilçilərinin nitqlərindən və xarici görünüşlərindən asılı olmayaraq milli ola bilməz.