Müasir elm: insanlığın ortaq mirası
İlk müsəlmanlar Quranın və ulu Peyğəmbərin tövsiyələrinə nə ölçüdə əməl etdilər?
Müsəlmanlar Peyğəmbərimizin ölümündən yüz il sonra öz dövrlərinin elmlərini öyrənmək vəzifəsini yerinə yetirdilər. Mütərəqqi Araşdırma İnstitutları (beytül-hikmətlər) quraraq elm sahələrində 350 il davam edən inkişaf əldə etdilər.
İslamda elmlərə göstərilən ehtiramın bir səbəbi də, İslam dövlətinin könüllü himayədarlığı idi. Gibbin ədəbiyyat sahəsində yazdıqlarını şərh etsək: «İslamda elmlərin inkişafı, digər ölkələrdən fərqli olaraq, böyük ölçüdə vəzifəlilərin comərdliyinə və himayəsinə bağlı idi. Bu və ya başqa şəhərdə padşahlar və vəzirlər elmə arxa çıxmaqdan həzz aldıqlarına, fayda və etibar gördüklərinə görə bu məşəl alovlanmağa davam etdi».
İslamda elmin qızıl dövrü, şübhəsiz, orta əsr alimlərinin sonuncularından olan İbn Sinanın və onun müasiri, eyni zamanda da yeni əsrin birincilərindən olan İbn Heysəm ilə əl-Biruninin dövründə yaşanmışdır.
İbn Heysəm (Əl-Hazən, 965-1039) dövrünün ən böyük alimlərindən biri idi. Apardığı təcrübələrlə optikadakı çətin məsələlərin həllində xüsusi rol oynamışdır. «Bir mühitdən keçərkən, işıq selinin daha asan və daha qısa (tez) olan yolu izlədiyini» qeyd etmişdir. Burada, İbn Heysəm əsrlər sonra meydana gələcək Fermanın «ən az zaman» prinsipinin əsasını qoymuşdur. Daha sonralar Nyutonun hərəkət qanunlarının birincisi kimi bilinən ətalət qanununu da İbn Heysəm ortaya qoymuşdur. Rocer Bekonun «Opus majus» əsərinin beşinci fəsli, praktiki olaraq, İbn Heysəmin «Optika»sının bir kopiyasıdır.
İbn Sinanın ikinci məşhur müasiri olan əl-Biruni (973-1048) bugünkü Əfqanıstan sərhədləri daxilində yaşayıb yaratmışdır. O, İbn Heysəm kimi təcrübəçi, görüşlərində altı əsr sonra dünyaya gələcək olan Qaliley qədər müasir və orta əsrlər fikrindən, düşüncəsindən uzaq bir elm adamı idi.
Qərb elminin Yunan-İslam elminin mirası olduğu danılmaz bir həqiqətdir. Bununla yanaşı, İslam elminin törəmiş bir elm olduğu, müsəlman elm adamlarının yunan nəzəri ənənəsini kor-koranə tətbiq edib, elmi metodlara yeni heç bir şey əlavə etmədiklərini söyləyirlər. Bu səhv hökmdür. Əl-Biruninin Aristotel haqqında söylədiklərinə fikir verək: «Bir çox insanın dərdi (problemi), Aristotelin fikirlərini ifrat dərəcəsinə gətirmələridir. Özləri də, Aristotelin sadəcə öz qabiliyyətinin imkan verdiyi ölçüdə fikir ortaya atdığını bildikləri halda, onun düşüncələrində heç bir xəta ehtimalının ola bilməyəcəyinə inanırlar».
Və ya əl-Biruninin orta əsr xurafatı haqqında söylədiklərinə nəzər salaq: «İnsanlar (yanvar ayının) altısında dünyanın bütün duzlu sularının şirinləşdiyi bir saatın tapıldığına inanırlar. Suda baş verən bütün proseslər yalnızca torpağın xüsusiyyətindən asılı olduğuna görə … bu proseslər nizamlı xarakterdədir. Yəni, bu hökm … tamamən əsassızdır. Daimi və səbirli təcrübələr bu hökmün cəfəngiyat olduğunu hər kəsə göstərəcəkdir.»
Və nəhayət, əl-Biruni müşahidə üzərində təkidlə duraraq, coğrafiya haqqında belə yazır:
«Hindistan torpaqlarını öz gözlərinizlə görüb, mahiyyəti barədə uzun-uzadı fikirləşsəniz və dünyanın hər tərəfində, nə qədər dərin qazsanız qazın, qarşınıza çıxan yumru daşlara; dağların ətəklərində, çayların gur axdığı yataqlardakı nəhəng daşlara; dağlardan çox uzaqlarda, çayların sakit axdığı yataqlardakı daha kiçik daşlara; suların göllənməyə başladığı deltalarda və dənizə tökülən çay ağzındakı qum dənələri qədər ovxalanmış daşlara diqqət etsəniz, bütün bunları göz qabağına gətirsəniz, Hindistanın vaxtilə bir dəniz olduğunu, zaman keçdikcə suların gətirdiyi daş-torpaqla dolmuş olduğunu düşünməyə başlayarsınız.»
Brifoltun ifadələriylə desək, «yunanlar sistemləşdiriblər, araşdırma aparıblar və nəzəriyyələr qurublar, ancaq səbir istəyən ətraflı və uzunmüddətli müşahidə və təcrübi yanaşma kimi şeylər yunan tərzinə yaddır. «Elm» adlandırdığımız hadisə, Avropaya ərəblər tərəfindən gətirilən təcrübə, müşahidə və ölçmə metodları nəticəsində doğmuşdur. (Müasir) elm, İslam mədəniyyətinin dünyaya ən qiymətli hədiyyəsidir…»
Bu düşüncələr böyük elm tarixçisi Corc Sarton tərəfindən də təkrarlanır: «Orta əsrlərin əsas, ancaq bir o qədər də az bilinən nailiyyəti, təcrübə ruhunu oyandırılmasıdır ki, bu da hər şeydən əvvəl XII əsrə qədər müsəlmanların sayəsində oldu».
Tarixin tragediyalarından biri də bu müasir ruhun qarşısının alınması olmuşdur. Buna görə də, elm metodologiyasında köklü və daimi bir dəyişiklik gətirilməmişdir. Əl-Biruninin və İbn Heysəmin işlərindən yüz il qədər sonra İslamda elmlərin quruluşu və təşkili bir durğunluq dövrünə girmişdir. İnsanlıq, təzədən eyni səviyyədəki mükəmməlliyə, müşahidəyə və təcrübəyə verilən üstünlüyə çatmaq üçün təqribən 500 il daha – Tiho Brahe, Qaliley və müasirlərini gözləməli olacaqdır.
Dostları ilə paylaş: |