Sən həmişə mən istəyən kimi olmusan. Kufədəki hərəkətin bir daha sübut etdi ki, sən uzaqgörən və tədbirli adamsan. Sənin coşmağın qorxmaz aslanın qızması kimidir. Sənin bu hərəkətinin müqabilində mənim başqa tədbir görməyimə ehtiyac yoxdur. Sənin barəndəki fikirlərimi əməli olaraq sübuta yetirdin. Mən də sənin göndərdiyin şəxsləri çağırıb sual-cavab etdim. Onların qulağına bəzi sözləri pıçıldadım, gördüm ki, elə sənin dediyin kimi–fəzilətli və düşüncəlidirlər. Belə isə onlara yaxşılıq et. Bir də mənə xəbər çatıb ki, Hüseyn ibni Əli Məkkədən çıxaraq, İrağa tərəf yola düşmüşdür. Sən hərbçi və keşikçiləri pusquda qoy. Şəhərdə hər kəs səninlə müxalifət etsə tutub zindana sal, səninlə vuruşmaq niyyətində olan şəxsləri qətlə yetir. İş və planların barədə mənə xəbər çatdır Vəssalamu əleyk.
Bunu yazıb əmr etdi ki, o iki başı Dəməşqin darvazaları önündən assınlar.105
KUFƏ YOLLARI BAĞLANIR
Übeydullah ibni Ziyad Həzrət Müslüm və Hanini öldürdükdən sonra Kufəni sui-qəsdlər və vəhşət səhnəsinə döndərdi: Əvvəlcə hərbi hökumət elan edib öz əlaltıları vasitəsi ilə camaata iqtisadi cəhətdən təzyiq göstərdi. O, öz məmurlarına əmr etmişdi ki, qərib, qiyamçı, yaxud şübhəli adamların adlarını yazsınlar. Camaatı hədələyərək onları kiçik bir xilaf iş üstə edam edəcəyi, yaxın qohum-əqrəbalarının isə ümumi yardımlardan məhrum olunacağı ilə qorxudurdu. İbni Ziyad həmçinin elan etdi ki, hər kəsin barəsində Hüseyni himayə etməsi ehtimalı olunsa, mühakiməsiz edam olunacaq, evi yandırılacaq, var-dövləti isə müsadirə ediləcəkdir.
Beləliklə, o, Kufəni tam nəzarət altına aldı« Hicazdan Kufəyə gələn yolların hamısını bağladı. Kufəyə giriş-çıxışın qadağan olması barədə hökm çıxartdı. Qadisiyyədə (bu məntəqə Kufəni Hicazla əlaqələndirirdi) hərbi postlar qoydu, bu postu Hüseyn ibni Nümeyrin başçılığı ilə 4 min nəfər döyüşçü qoruyurdu. Bu qayda ilə digər sərhəd nahiyələri də (Qətqətanə, Lələ və Kəfan ki, bu, Kufəni İraqın Bəsrə şəhəri və başqa bölmələri ilə əlaqələndirirdi) ordu vasitəsilə mühafizə olunurdu. Nəticədə, Kufəyə daxil olmaq və ya çıxmaq mümkün deyildi.
YEZİDİN HİYLƏSİ
Yezid, Əmr ibni Səid ibni Ası böyük bir ordu ilə Məkkəyə göndərərək məxfi şəkildə İmam Hüseyni (əleyhis-salam) tutmağı ona əmr etdi. Bu iş baş tutmasa, qarışıqlıq salıb onu ya öldürsün, ya da İmam döyüşə hazır olsa, onunla döyüşsün.
Əmr ibni Səid Zilhiccənin 8-də böyük bir ordunun müşayiəti ilə Məkkəyə daxil oldu. Elə buna görə də İmam (əleyhis-salam) ehram bağlamış halda dayanmadan Kəbəni təvaf etdi, sonra Səfa-Mərvə arasında səy və təqsir əməlini yerinə yetirərək ehram paltarından çıxdı. O Həzrət Zilhiccənin 8-də, çərşənbə axşamı (Müslüm və Haninin şəhadətə çatdığı gün) Məkkədən Kufəyə doğru yola düşdü.
Beləliklə Əmr ibni Səid Yezidin İmam (əleyhis-salam) barəsində verdiyi əmri yerinə yetirməkdən məyus oldu. Yezidə bir məktub yazıb İmam (əleyhis-salam)-ın Məkkədən çıxması xəbərini ona çatdırdı.
İmam (əleyhis-salam)-ın uzaqgörənliyi ilə Məkkədə baş verəcək qarışıqlıq aradan götürüldü. Beləliklə də müqəddəs Kəbə evində törədiləcək hörmətsizlik təhlükəsi sovuşdu.
İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)IN XÜTBƏSİ
Məkkədən çıxmazdan bir gün əvvəl İmam Hüseyn (əleyhis-salam) öz yoldaşlarına xitabən belə buyurdu:
Allahın dərgahına həmd-səna edirik. Allahın istədiyi olmalıdır və İlahi qüvvəyə arxalanmayan heç bir qüvvə mövcud deyildir. Allahın salamı İslam peyğəmbərinə olsun! Biz Əhli-Beyt (əleyhis-salam)-ın razılığı Allahın razılığından başqa bir şey deyildir. İlahi imtahana hazırıq, beləliklə də səbr edənlərə məxsus mükafatı alacağıq. Mən Rəsulullahın ciyərparəsiyəm və onun cigərparəsi heç bir vaxt ondan ayrılmayacaq. Onun gözü övladlarını görməklə aydın olub öz vədəsinə vəfa etsin-deyə behiştdə ona qovuşacağıq.
Hər kəs öz qanını bu yolda axıtmağa hazırdırsa və özünü Allah ilə görüşə razı edibsə, bizimlə birgə olsun. Mən, inşallah, sabah sübh çağı yola düşəcəyəm.
Bu sözdən sonra o Həzrətin dostlarından bəziləri, o cümlədən İbni Abbas, Əbdüllah ibni Zübeyr, Əbdüllah ibni Ömər Kufəyə getməməyi ona məsləhət gördülər.
İmam (əleyhis-salam) Əbdüllah ibni Ömərlə görüşəndə onu özünə kömək etməyə dəvət etdi. Həzrət ona belə dedi: Allahın əzabından qorx, mənə kömək etməkdən əl çəkmə.
MƏHƏMMƏD HƏNƏFİYYƏ İMAM HÜSEYN (əleyhis-salam)-IN HÜZURUNDA
İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: İmam Hüseyn (əleyhis-salam) Kufəyə yola düşmək istədiyi gecə Məhəmməd Hənəfiyyə o Həzrətin hüzuruna gəlib dedi: Qardaş, sən əvvəllər kufəlilərin atamıza və qardaşımıza qarşı etdikləri məkr və hiyləni görmüsən. Qorxuram ki, onlar sənə qarşı da belə etsinlər. Əgər Məkkədə, Allahın əmin-amanlıq hərəmində qalsan, möhtərəm, əziz olarsan. Məkkədə heç kimin səninlə işi olmaz.
İmam (əleyhis-salam) buyurdu:–Qorxuram ki, Yezid məni elə Məkkədə şəhid etsin. İstəmirəm ki, mənə görə Kəbə hərəmində hörmətsizlik olsun. Məhəmməd dedi:–Belə isə Yəmənə, yaxud da səhralara get, bu halda heç kim səni tapa bilməz.
İmam (əleyhis-salam) buyurdu:–Gərək bu barədə fikirləşəm.
Səhər açılanda Həzrət buyurdu:–Dəvələri yükləyin.
Bu xəbər Məhəmməd Hənəfiyyəyə çatanda taqətsiz halda gəlib, qardaşının dəvəsinin yüyənindən yapışaraq dedi:–Qardaş, mənə söz vermişdin ki, bu iş barəsində fikirləşəsən, bəs nə üçün səfərə bu tezlikdə çıxırsan?
İmam (əleyhis-salam) buyurdu:–Sən gedəndən sonra Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənim yanıma gəlib, buyurdu: Ey Hüseyn, (Məkkədən) çölə çıx, Allah istəyir ki, səni Öz yolunda şəhid edilmiş görsün.
Məhəmməd Hənəfiyyə dedi:–İndi ki, bu məqsədlə gedirsən, onda əhli-əyalı niyə özünlə aparırsan?
Həzrət buyurdu:–Allah onları əsir olmuş halda görmək istəyir.
Məhəmməd Hənəfiyyə ağlar halda İmam (əleyhis-salam)-la vidalaşıb qayıtdı.
Həmzə ibni Əyən İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: İmam Hüseyn (əleyhis-salam) İraqa tərəf yola düşəndə, hansı səbəbə görə Məhəmməd Hənəfiyyə ondan ayrıldı?
İmam Sadiq (əleyhis-salam) buyurdu: Mən sənə bir söz deyim, daha bu barədə bir də sual etmə: İmam Hüseyn (əleyhis-salam) İrağa yola düşərkən, bir kağızda belə yazdı: Bismillahir rəhmanir rəhim. Bu məktub Hüseyn ibni Əlidən Haşim övladlarınadır, (bilin ki) həqiqətən hər kəs mənə qoşulsa, şəhid olacaq, kim də məndən ayrılsa, nicat tapmayacaq. vəssalam.106
Dostları ilə paylaş: |