İMAM HƏSƏN (əleyhis-salam)-IN MƏKTUBU
İmam Həsən (əleyhis-salam) Müaviyənin bəlkə düz yola hidayət olunub islah olmasını, ağlını başına yığmasını, ona qarşı itaətsizlikdən əl çəkməsini ehtimal verərək, habelə höccəti tamamlasın deyə bir neçə məktub yazdı. Müaviyə də bu məktublara cavab göndərirdi. Həzrətin ona yazdığı ilk məktuba işarə edirik (onu Cündəb Əbdullah Əzüdi ilə göndərdi). Məktubun mətni belə idi:
Bismillahir-rəhmanir-rəhim.
Allahın bəndəsi Həsən ibni Əlidən Müaviyətibni Əbi Süfyana. Salam olsun sənə. Mən sənin haqqında yeganə Allahın dərgahına həmd edirəm. Böyük Allah, Həzrət Müəhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i peyğəmbərliyə seçdi. O, bütün aləmlər üçün rəhmət idi və ilahi risaləti təbliğ etdi. Allah onu bu dünyadan aparanda risalət işində heç bir süstlük, səhlənkarlıq etməmişdi. Nəhayət Allah onun vasitəsilə haqqı aşkar, şirki isə məhv etdi, bütün ərəblərə, xüsusilə Qureyşə izzət, böyük əzəmət bağışladı. Allah Quranda buyurur: 12
Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) bu dünyaya göz yumandan sonra ərəblər qüdrət və hakimiyyət uğrunda bir-biri ilə çəkişməyə başladılar. Qüreyş biz Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in tayfasından və ailəsindənik deyə iddia edirdi. Camaat da bu sözü bəyənib haqq saydılar. Sonradan biz Qureyşlə ehticac13 etdik, necə ki, onlar ərəblərə ehticac etmişdilər. Amma Qureyş bizim haqqımızda insafsızlıq etdi. Çünki biz Peyğəmbərin Əhli-beyti Qüreyşlə ehticaca başlayıb onlardan insaflı olmalarını istəyəndə bizi hakimiyyətdən uzaqlaşdırıb bizə qarşı zülm, düşmənçilik və müharibə etməyə başladılar. Əlbəttə biz onlarla çəkişmədik. Ona görə ki, Allah dininə zərər dəyəcəyindən qorxur, münafiqlərin və əhzabların14 intiqam almaq üçün fürsət tapacaqlarından ehtiyat edirdik.
Lakin bu gün sənin iddia etdiyin işə təəccüb edirəm! Bu iş üçün azacıq da olsa, haqqın yoxdur. Sən nə dindarlıq nəzərindən fəzilətli adam kimi tanınmısan, nə də İslamda təqdirəlayiq keçmişin var. Sən əhzabdan və Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi və səlləm) qarşı ən qatı, kinli düşmən olan Qüreyş başçılarından birinin (Əbusüfyanın-müt.) oğlusan. Tezliklə o dünyaya qayıdandan sonra biləcəksən ki, axirət aləmi kimin xeyrinədir. Həzrət Əli (əleyhis-salam) canını Yaradana təslim edəndən sonra müsəlmanlar məni özlərinə başçı seçdilər. Bil ki, bu məktubu yazmaqda məqsədim sənə höccəti tamam etməkdir ki, bununla da Allah qarşısında təqsirli olmayam.
İndi əgər haqqa tabe olsan yaxşı, xeyirli bəhrə apararsan. Müsəlmanların da məsləhəti elə bundadır. Batildə israr etməkdən əl çək və sair şəxslər kimi mənə beyət et! Sən bilirsən ki, mən bu işə (xilafətə) Allah yanında və Allahdan qorxan hər kəsdən daha layiqəm. Belə isə zülmdən əl çək və müsəlmanların qanlarının axıdılmasının qarşısını al! Amma bil ki, əgər öz azğınlığını davam etdirsən, mən müsəlmanları tezliklə sənə tərəf göndərəcək, səni mübarizəyə çağıracağam. Qoy Allah bizim aramızda hökm etsin; çünki O, ən yaxşı hökm edəndir.15
MÜAVİYƏNİN İMAM HƏSƏN (əleyhis-salam)-A CAVABI
Müaviyə bu məktubun cavabında belə yazdı:
Allahın bəndəsi, möminlərin əmiri–Müaviyədən Həsən ibni Əliyə. Salam olsun sənə! Mən bir olan Allahın dərgahına sənin haqqında şükr edirim. Amma bəd; məktubunu aldım. Allahın Rəsulu və onun fəzilətləri haqqında bəyan etdiyini başa düşdüm və bilirəm ki, o, əvvəldən axıra insanların içində ən layiqlisidir. Məktubda yazmısan ki, müsəlmanlar Allahın Rəsulundan sonra canişinlik məsələsində bir-biri ilə çəkişdilər. Mən görürəm ki, sən aşkar şəkildə Əbu Bəkr Siddiqə, Ömər Faruqə, Əbu Übeydə Əminə və Allahın Rəsulunun dostlarına, ənsar və mühacirdən olan yaxşı insanlara töhmət vurursan. Sənin bu sözlərin mənim üçün heç xoşagələn olmadı. Sən bizim və xalqın nəzərində paxıllıq və töhmətlə tanınmamısan. Mən istərdim ki, sən həmişə layiqli sözlər deyəsən ki, hamı səni yaxşılıqla yad etsin.
Bu ümmət Peyğəmbərin canişini haqqında ixtilafa düşəndən sonra heç vaxt sizin fəzilətinizi, parlaq, gözəl keçmişinizi və Rəsulullahla yaxınlığınızı unutmadılar, İslamdakı məqam və mənzilətinizi inkar etmədilər. İslam ümmətinin əqidəsi bu idi ki, hakimiyyət Qüreyşin ixtiyarında olmalıdır. Qureyşin də arasında Allahın əmrlərini icra etməkdə qabaqcıl, bacarıqlı olan bir nəfər bu işi öhdəsinə almalıdır. Buna görə də onlar Əbu Bəkri seçdilər. Amma bu seçki sizin qəlblərinizdə kin yaratdı. Əgər müsəlmanlar sizin aranızda Əbu Bəkrin yerinə layiqli bir nəfər tapsaydılar heç vaxt ondan üz döndərməzdilər.
Sən öz məktubunda məni sazişə çağırmışsan. Lakin indi mənimlə sizin aranızdakı münasibət Peyğəmbərdən sonra sizinlə Əbu Bəkrin arasında yaranan vəziyyət kimidir. Əgər mən sənin xalqın işlərini nizama salmaqda, əmvalı (dövlət vergilərini) toplamaqda və düşmənlərin qaşısında dayanmaqda daha bacarıqlı və işbilən olduğunu bilsəydim, hökmən sənə müsbət cavab verərdim. Amma bilirəm ki, mən hökumət işlərini idarə etməkdə səndən təcrübəliyəm; yaşım sənin yaşından çox, siyasi agahlığım səndən artıqdır. Buna görə də mənim fərmanıma itaət et və bil ki, hakimiyyət məndən sonra sənə həvalə olunacaq. Hal-hazırda İraqın beytül-malını sənin ixtiyarında qoyacaq, hansı məntəqəsini istəsən, sənə tapşıracağam ki, sənin tərəfindən əmanətdar bir şəxs hər il onları yığıb yanına gətirsin. Eləcə də heç bir iş sənin nəzər və məşvərətin olmadan görülmüyəcək və Allahın fərmanını yerinə yetirdiyin hər işdə sənin əmrlərinə itaət olunacaq.16
Mədaini yazır: Müaviyə məktubun sonunda İmam Həsən Müctəbaya (əleyhis-salam) xitabən yazdı:
Sənin atan Osmanın hökumətinin devrilməsində çox çalışdı. Nəhayət Osman məzlumcasına öldürüldü və Allahdan, onun qisasını almasını istədi. Hər kəsin intiqamını Allah alsa, heç nə itirməz. Sonra sənin atan hakimiyyəti zorla ələ keçirib müsəlmanların vəhdətini pozdu. Buna görə də cihad və islamda onun kimi qabaqcıl olan şəxslər onunla saziş etmədilər. Lakin atan iddia etdi ki, onlar əhd-peymanlarını pozublar. Buna görə də onlarla müharibəyə başladı, qanlarını axıtdı və Rəsulullahın hərəminə qarşı hörmətsizlik etdi. Bu müharibədən sonra bizdən beyət istəmədən yanımıza gəldi. Biz onunla müharibə etdik. Axırda iş o yerə çatdı ki, hər bizimiz bir hakim seçdik ki, xalqın məsləhəti və mənafeyinə olan, İslam ümmətinin vəhdətinə, aralarında ülfət yaranmasına səbəb olan əsasda hökm etsinlər. Biz o iki nəfərlə, sənin atanla möhkəm əhd bağladıq ki, o iki hakimin dediklərini sözsüz qəbul edək. Sən də hakimlərin necə hökm etdiklərini, Əlini xilafətdən saldıqlarını yaxşı bilirsən. Amma Allaha and olsun ki, o, bu hökmə etina etmədi və Allahın fərmanı üçün az da olsa gözləmədi. İndi isə məni atanın meyar bildiyi bir hökmə necə dəvət edirsən? Hansı ki, o özü bu hökmdən xaric olmuşdur. İndi yaxşı fikirləş və dinini tap! Vəssalam.
Qeyd etmək lazımdır ki, bu məktublar İslam ölkəsinin hər yerinə yayılır, zəif adamlar bunun mənfi təsiri altına düşürdü.
Dostları ilə paylaş: |