Əhli-beytdən (ə) gələn bəzi rəvayətlərdə məlum ayədə mövcud olan sirlərə toxunulmuşdur. Bir çox təfsirçi və tibb mütəxəssisləri də ayə ilə bağlı elmi məqamları qeyd etmişlər.
İmam Sadiq (ə) bütün bu məsələlərin (hökmlərin) insanların xeyrinə olduğunu vurğulayaraq buyurur:
“Leş yeyənin bədəni zəifləyir, gücü azalır, nəsli kəsilir. Bunu davam etdirən şəxs qəfil ölümlə (infarkt və s.) dünyadan köçür”1.
İmam Rza (ə) buyurur:
“Leş yemək bədəndə pis iy əmələ gətirir. Tündməcazlığa, əsəbiliyə, qəlbin daşlaşmasına və ülfətin azalmasına səbəb olur. Leş yeyən şəxsin öz övladını, atasını, dostunu öldürməyəcəyini söyləmək çətindir”2.
İmam Sadiqdən (ə) nəql olunan digər rəvayətdə oxuyuruq:
“Leşdən qan xaric olmur, qatılaşaraq (daxildə) qalır. Buna görə də leş əti ağırdır”1.
Qeyd: Rəvayətlərdə leş yeməyin orqanizm üçün törətdiyi fəsadlardan başqa mənəvi zərərləri də açıqlanmışdır. Müasir tibdə də bu məsələlərə diqqət yetirilir.
2. “Təfsiri-nümunə”də oxuyuruq:
“Həzm sistemi leşi yararlı qana çevirə bilmir. Bundan başqa leş mikrob yığınıdır. Buna görə də İslam leş yeməyi haram etməklə yanaşı, onun murdar olduğunu da bildirmişdir ki, müsəlmanlar tam uzaqlaşsınlar”2.
Bəzi həkimlər yazırlar:
“Qan, tərkibinə nəzərən (ölümdən öncə bədənin ən yaxşı müdafiəçisi olmasına baxmayaraq) ölümdən sonra mikrobların inkişafı üçün əlverişli məkana çevrilir. Leşin qanı, öldükdən 1 saat sonra bədəninə hopur. 3-4 saatdan sonra əzələlər sıxılır və (fosfor, fermium və s.) turşularının mövcudluğu nəticəsində quruyur. Sonra orqanizm qələviləşir, quruluqdan çıxır və mikroblar fəaliyyətə başlayır. Nəticədə bədən parçalanır və iylənir. Qanın daxildə qalması mikrobların çoxalmasını sürətləndirir. Lakin heyvan şəriətdə göstərilən qaydada kəsildikdə (vena və arteriyanın kəsilməsi ilə) qan bədəndən tam çıxır. Kəsilən heyvanın çapalaması qanın tam çıxışına kömək edir”.
Elm adamlarından biri yazır:
“Leş hansı heyvana aid olmasına baxmayaraq, onda olan üzvi maddələr tez sıradan çıxır və iylənir. Hava nə qədər isti olsa, onun təsirli iyi və vəba vibrionları o qədər tez yayılır. Bədəndə olan mikroblar orqanizmin fəaliyyəti və mövcud antibakteriyaları (leykosit - ağ qan cisimciyi – kürəciyi) təsiri nəticəsində məhv edilir. Ölümdən sonra isə mikrobların fəaliyyəti başlayır və bütün bədəni əhatə edir. Buna görə də cəsəd murdardır və ona toxunduqda mütləq, qüsl verilməlidir”1. YEKUN
1. İlahi dinlərin bəşər mədəniyyətinə xidmətlərindən biri leş (ölü heyvanın) ətinin yeyilməsi ilə mübarizə, meyidin dəfn olunması və ətraf mühitin çirklənməsinin qarşısı alınmasıdır. Bu, İslam dinində ağıla müvafiq şəkildə və mötədillik çərçivəsində verilmişdir.
2. Leşin (heyvan ölüsünün) yeyilməsini qadağan edən ayələr Quranın elmi möcüzəsi deyil. Çünki hələ Qurandan öncə səmavi kitablar bu hökmə toxunmuşlar. Lakin bu məsələ (leşin yeyilməsinin gigiyenik fəsadlarının bəlli olmadığı bir dönəmdə qadağan olunması) ilahi peyğəmbərlərin haqq olduğunu göstərən bir möcüzə hesab oluna bilər.
3. Quranda sözügedən hökmlərin səbəbi açıqlanmadığından gigiyenik fəsadları yeganə səbəb olaraq göstərmək olmaz. Bu yalnız hökmün ardında duran səbəblər silsiləsinin kiçik bir hissəsidir. Çox güman ki, leşin yeyilməsinin haram olması, murdarlığı, “məssi-meyyit” qüslu və ölünün dəfn olunması zərurətinin digər sirli səbəbləri də mövcuddur. Hansı ki, elm inkişaf etdikcə bu sirlərin də üstə açılacaq. Buna misal olaraq, leşin yeyilməsinin psixi və mənəvi ziyanlarını göstərmək olar.
Müsəlman cəsədinin dəfn olunmasında müsəlmana göstərilən hörmət də xüsusi qeyd olunmalıdır. Bu məlum hökmlərin səbəblərinin yalnız gigiyenik olmadığını göstərir.
4. Leş vəba vibrionları törətmir. O, xəstəlik törədici bakteriyaları, o cümlədən vəba vibrionlarını inkişaf etdirir.