Müasir elmi dairələrdə elmi nəzəriyyələr əvəz oluna biləcək versiyalar şəklində qəbul olunur1. Başqa sözlə desək, elmi nəzəriyyələr faydalı fikirlər kimi qəbul olunur və onu əvəz edə biləcək yeni və dəqiq bir nəzəriyyə irəli sürülənədək öz elmi dəyərini itirmir. Təkamül nəzəriyyəsi qəti olaraq isbat olunmasa da o hal-hazırda elmi ictimaiyyət tərəfindən (təcrübi elmlər nəzərdə tutulur) məqbul nəzəriyyə kimi dəyərləndirilir. Eləcə də “Növlərin dəyişməzliyi” nəzəriyyəsi bir ehtimal olaraq irəli sürülmüşdür. Gördüyünüz kimi Quran ayələri hər iki nəzəriyyənin xeyrinə şərh oluna bilər. İki nəzəriyyədən birini tam təsdiq edən aydın bir ayə mövcud deyil. Belə olduqda təbii ki, heç bir nəzəriyyəni qəti olaraq Qurana aid etmək olmaz. Qeydlər:
1. Quranın hər hansısa bir nəzəriyyəni isbat və ya rədd etməsi bir zərurət deyil. Çünki Quran hidayət kitabıdır və onun elmi məsələlərə toxunması da hidayət məqsədi daşıyır.
2. Təkamül nəzəriyyəsini qəbul və ya inkar etməkdə dinə etiqad heç bir rol oynamır. Yəni Təkamül nəzəriyyəsini qəbul etməyib dinə etiqad bəsləmək mümkün olduğu kimi, eyni nəzəriyyəni qəbul edərək dinə etiqad bəsləmək də mümkündür. Bəzi etiqadlı təbiblər bu yolu getmişlər1.
3. Təkamül nəzəriyyəsini qəbul etmək və onu Quran ayələrinə tətbiq etmək heç də Quranın elmi möcüzəsi deyil. Çünki bir tərəfdən istinad olunan ayələr haqqında fərqli ehtimallar, müxtəlif şərhlər mövcuddur, digər tərəfdən isə növlərin (üzvi aləmin) mərhələli təkamülünün (birhüceyrəlidən insana qədər) ayələrə tətbiqi dəqiq deyil (Nur surəsinin 45-ci ayəsi haqqında danışarkən bunun şahidi olduq).