CİNSİ SAĞLAMLIQ MENSTRUASİYA HALINDA CİNSİ ƏLAQƏNİN YASAQ OLUNMASI
Menstruasiya (heyz, aybaşı) qadınlarda hər 21-30 gündən bir uşaqlıqdan qan gəlməsi ilə müşayiət edilən mürəkkəb fizioloji prosesdir. İslama görə qadınlar aybaşı adətləri keçirdikləri zaman onlarla intim münasibət yasaqdır. Quranda bu haqda oxuyuruq:
Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!"1
Bugünkü yəhudilik və xristianlıqda bu növ qadınlarla intim münasibət qurulması haqqında ziddiyyətli hökmlər mövcuddur. Bir çox yəhudilərə görə bu cür qadınlarla hər hansı bir ünsiyyət haramdır. Bu fikirdə olanlara cavab olaraq bəzi xristianlar qeyd edirlər ki, qadının aybaşı adətində olub-olmaması arasında heç bir fərq yoxdur. Onlarla istənilən növ ünsiyyət, hətta cinsi əlaqə belə maneəsizdir. Ərəb müşrikləri, xüsusilə Mədinədə yaşayanlar yəhudilərdən təsirlənərək heyz halında olan qadınlarla onlar kimi davranırdılar. Bəzi müsəlmanlar Peyğəmbərdən (s) bu haqda soruşdular. Onlara cavab olaraq sözügedən ayə nazil oldu2.
Qadınlar heyz halında olduqları zaman cinsi əlaqəyə qarşı ikrah hissi duyduqlarından Quran kişilərə müraciət edir. Onlarla öz istəklərini qadınlara təhmil etməmələrini və bu vəziyyətdə qadınlardan uzaq olmağı tapşırır.
Dostları ilə paylaş: |