Quranın təhrİfİnə daİr İttİhamlara cavab



Yüklə 219,53 Kb.
səhifə17/65
tarix10.01.2022
ölçüsü219,53 Kb.
#109255
1   ...   13   14   15   16   17   18   19   20   ...   65
1. 1. 8. Nüsxə yanlışı

Təhrif iddiaçılarının əl-Kafiyə qarşı ən çox istinad etdikləri hədis “Quranın fəziləti” kitabının “Nadir hədislər” babının sonuncu – 28-ci hədisidir. Bu hədisdə İmam Sadiq buyurur: “Cəbrayılın Məhəmmədə (s) gətirdiyi Quran on yeddi min ayədən ibarətdir”. (Kuleyni, 2/634) Halbuki əlimizdə olan Quranın ayələri bu rəqəmin üçdə birindən bir qədər artıqdır.

Bu hədis bizə Əhli-sünnə mənbələrində olan bir rəvayəti xatırladır. Xəlifə Ömərdən nəql olunan rəvayətdə onun Quranın bir milyon iyirmi yeddi min hərfdən ibarət olduğunu söylədiyi göstərilir. (Süyuti. Əl-İtqan, 1/242) Halbuki əlimizdəki Quranın bütün hərfləri bu rəqəmin təxminən üçdə biri qədərdir. Bu baxımdan, bəziləri bu iki rəvayəti eyni şəkildə həll etmək istəmişlər: əgər hər iki rəvayət səhih olsa, deməli, Xəlifə Ömər kimi İmam Sadiq də nəsx olunduğuna görə Quranda yazılmayan ayələri nəzərdə tutmuşdur.

Həqiqət isə başqadır. Əslində, İmam Sadiq bu hədisdə Quranın on yeddi min deyil, yeddi min ayədən ibarət olduğunu buyurmuş, “on” sözü isə rəvayətçi və ya nüsxə köçürənlərin səhvi ucbatından hədisə daxil edilmişdir. Buna dəlil Feyz Kaşaninin əl-Kafiyə şərh olaraq yazdığı əl-Vafi əsəridir. Feyz heç bir tərəddüd və şübhə etmədən uyğun hədisi “yeddi min” kimi qeyd və sonra şərh etmiş, (Feyz Kaşani M. Əl-Vafi, 9/1780-1781) təfsir kitabında da bunu bir daha vurğulamışdır. (Feyz Kaşani M. “Təfsir əs-safi”, 1/54) Buna əsasən, onda olan əl-Kafi nüsxəsində hədisdə “on” sözünün olmadığı ortaya çıxır. Feyz Kaşaninin təhrif düşüncəsini çəkinmədən və açıq şəkildə Kuleyniyə aid etdiyini (Feyz Kaşani, “Təfsir əs-safi”, 1/52) nəzərə alsaq, burada onun bilərəkdən hədisi dəyişdirmə ehtimalı da sıfra enir. Xatırladaq ki, Feyz Kaşani əl-Kafinin ən qədim şərhçilərindəndir və alimlər əl-Kafinin onda olan nüsxəsini daha etibarlı saymışlar. Əllamə Şərani bu barədə deyir: “Buradakı “on” sözü heç şübhəsiz, bəzi nüsxə köçürənlər və ya rəvayətçilər tərəfindən artırılmışdır”. (Mazandarani, 11/76) Beləliklə, bu rəvayətə əsaslanan ittiham qapısı bağlanır və yaranmış şəkk həm sağlam məntiqə, həm də İslam hüququnun “Dər əl-hüdud bi əş-şübuhat” prinsipinə görə, müttəhimin xeyrinə işləyib, onu məsuliyyətdən azad edir.

Xatırladaq ki, məzhəbindən asılı olmayaraq, bəzi qədim əsərlərin mövcud nüsxələrində də belə səhvlər var.

Quranın yeddi min ayədən ibarət olmasına gəlincə isə, yuxarıda qeyd etdik ki, bu, tərtibatla bağlı məsələdir və həcmcə hər hansı dəyişiklik nəzərdə tutulmadığı üçün təhrif hesab olunmur.

Əl-Kafi kitabından Quranın azaldığına dəlil kimi göstərilən hədislər bunlardan ibarətdir və göründüyü kimi, onların biri də uyğun iddiaya əsas vermir. Bəhanəyə qalsa, çox sözdən bəhanə tapmaq olar, lakin İslam məntiqində belə bir şey yoxdur. İslama görə, dəqiq bilmədiyin bir iddianı edə, bilmədiyin məsələ ilə bağlı kimisə günahlandıra bilməzsən; üstəlik, bu məsələ çox ciddi və taleyüklü bir məsələdirsə. Çünki barəsində danışdığımız gözəl kitabımızda belə yazılıb: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz, ürək - bunların hamısı sorğu-sual olunacaqdır”. (İsra/36) Həmçinin oxuyuruq: “Onların buna dair heç bir elmləri (əminlikləri) yoxdur, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqəti çatdıra bilməz!” (Nəcm/28)


Yüklə 219,53 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin