Ə.Şamil: — İbrahim bəy, 1984-85-ci illərə kimi elə bilirdim Bolqarıstanı beş barmağım kimi tanıyıram. Çünki SSRİ mətbuatı xarici ölkələr arasında Bolqarıstana xüsusi yer ayırırdı. Xalq arasında zarafatla Bolqarıstanı SSRİ-nin 16-cı respublikası adlandırırdılar. Bu təsadüfi deyildi. Bolqarıstanda Polşada, Macarıstanda, Çexoslovakiyada olduğu kimi açıq antisovet qiyamları baş qaldırmamışdı. Yuqoslaviya kimi müstəqil siyasət yeritməyə can atmırdı. İdxal, ixracı Sovetlər Birliyi ilə bağlıydı. SSRİ-dən hətta turist kimi xaricə getmək çətin olduğu halda Bolqarıstana getmək olurdu. Bolqarıstanda türkcə çap olunan qəzet-jurnallara abunə yazılmaq, kitablar almaq da mümkün idi. Mən özüm Nazim Hikmətin Sofiyada nəşr olunmuş 8 cildlik əsərlərini Bakıdakı “Dostluq” kitab mağazasından almışdım.
80-ci illərdən başlayaraq isə mağazalarda türkcə kitablar azaldı. 4-5 ilsonra isə Bolqarıstana gedən turistlərimiz ictimai yerlərdə türkcə danışmağa yasaq qoyulduğu, türklərin adları və soyadlarının dəyişildiyi, dinləri dəyişildiyi, təzə Doğulan uşaqların zorla xaç suyuna salındığı xəbərlərini gətirdilər. Necə deyərlər, Ozan Arif demiş: Bir Mestan tanımışdım, soyadı Cefakardı,
Kahrolsun kommünistler, kahrolsun Bulqaristan. Biz onda başa düşdük ki, bu gün bolqar türklərinin başına gətirilənlər beş-on il sonra bizim başımıza gətiriləcək. Ayağa qalxıb soydaşlarımızı müdafiə edən mitinqlər keçirməsək, imza toplamasaq da çayxanalarda üç bir, beş bir yığışıb vəziyyəti müzakirə edirdik.
Mətbuat bu mövzuda susur, şairlərimiz, siyasi xadimlərimiz isə Vyetnamda, Yəməndə, Afrikada, nə bilim dünyanın harasındasa, insan haqqlarının pozulmasından gen-bol yazılar verirdilər. Azərbaycanda yaşayan millətçilər belə səslərini çıxardıb onlara etirazlarını bildirə bilmədikləri zamanda Ozan Arif var səsi ilə bağırırdı: Nerede Vyetnama ağıt yazan solçular,