Rafael HÜseynov



Yüklə 89,5 Kb.
tarix05.01.2022
ölçüsü89,5 Kb.
#111265

Rafael HÜSEYNOV. "MƏĞRİBDƏN MƏŞRİQƏ İBN ƏRƏBİ..." (Mühyəddin Əbu Abdulla Məhəmməd İbn Əli İbn Ərəbi ət-Tai Xatimi əl-Əndəlüsi)




Sanki tale ona sonra görəcəyimiz qisməti yox, tam ayrı bir tale cızırdı. Atası Əli Əndəlüsdə – müsəlman İspaniyasındakı Mürsiyə kralı Məhəmməd ibn Mərdanişin yanında qulluqdaydı. Gələcəyin dahisi İbn Ərəbi 7 yaşında olanda atası Mürsiyənin başqa əllərə keçməsi səbəbilə Siviliyaya üz tutanda yenə orada hökumət işində çalışırdı. İbn Ərəbi özü də dövlət xidmətinə erkən cəlb edilmiş və ilk gəncliyində Siviliya valisi bu ağıllı cavanı o zamançün saraylarda mühüm sayılan katib vəzifəsinə irəli çəkmişdi. İbn Ərəbinin evləndiyi Məryəm adlı qız da adlı-sanlı bir ailənin övladı idi. Yaxın qohum-əqrəbasından da vəzifə sahibləri az deyildi. Mükəmməl təhsil görmüş, fitrətən qabil olan İbn Ərəbi bu gedişlə nəslin hakimiyyət pillələrilə yüksələn, bəlkə də, ən əsas siması olmalıydı. Amma olmadı. Eşq onun səmtini dəyişdi. Allah eşqi, elm sevgisi onu daha ali xidmətə sarı yönəltdi. İbn Ərəbi özü bir səltənət qurdu, özü bir kral oldu, özü bir sultanlar sultanına çevrildi. Əslində, o, heç ayrıca bir təriqət də yaratmadı – elmlə məşğul oldu, şeirlə baş-başa qaldı, sıra-sıra kitablar yazdı. Sən demə, elə ən möhtəşəm qala, ən yıxılmaz saray, ən yenilməz hakimiyyət qılıncda yox, məhz qələmdə, sözdə imiş. Elə bir hakimiyyət ki, onüçüncü yüzilin İbn Ərəbisini bu gün də taxtında, dəyişməyən möhtərəm Vəzifəsində saxlamaqdadır. lll İbn Ərəbinin adı, soyadı, şəcərəsi, əslində, belə uzun bir yazılışlı idi: Mühyəddin Əbu Abdulla Məhəmməd İbn Əli İbn Ərəbi ət-Tai Xatimi əl-Əndəlüsi. Amma İbn Sina bütün bəşəriyyətə ikicə kəlməylə şöhrətlənən kimi, onu da insanlıq İbn Ərəbi kimi tanıyaraq sevib. lll Elmi həyat, biliksizliyi ölüm sayan dahi İbn Ərəbi (1165–1240) 75 illik ömrü boyunca 300-ə qədər alimdən, ruh adamından, şeyxdən dərs alıb öyrəndi, 500-dən artıq qiymətli əsər yazdı, minlərlə kitab oxudu, elmlərin çox sirlərinə vaqif oldu və özündən əvvəlki digər əsl dahilər kimi “bilirəm” deməkdən qorxdu. Çünki onun fəlsəfi araşdırmalarının mühüm qənaətlərindən biri bu idi ki, idrakın, insan ağlının müəyyən bir həddi var. Heç olmazsa, o hədd içərisində çata biləcəyi elmə daim can atan İbn Ərəbi varlığı ilə bu örnəyi də yaratdı ki, həyat insana cəhalətdən qurtarmaq üçün bir fürsət kimi bəxş olunur. Elə bu səbəbdəndir ki, o, biliyinin hüdudluluğunu ifadə etməyən, nadanlığını boynuna almayanları ittiham etdi. Baş əsəri “Fütuhat-i Məkkiyyə”də “Cahil olduğunu bilən bir dəfə cahildir, cahil olduğunu bilməyən iki dəfə cahildir” dedi. Məhz üstün zəkasına və pak davranışlarına görə müasirlərinin “Şeyx-i əkbər” – “Böyük şeyx” ləqəbinə layiq gördüyü İbn Ərəbi elmin şairi idi. Çünki o, oxucusunu, ardıcıllarını və yoluna, fikrinə inam bəsləyənləri təfəkkürün elə uca qatlarına dəvət etmiş və etməkdədir ki, ora adi şüurun yeri deyil. O, təxəyyülü ilə bəsit düşüncənin yetişib dayandığı üfüqlərdən daha yüksəklərə qalxmış və öz fəlsəfi məktəbində də bu inandığı gerçəyi təsdiq və təbliğ etmişdir. Vəhy peyğəmbərlərə əta olunan bir nemətdir və İbn Ərəbi peyğəmbər deyildi. Lakin o, könlünə ilahi ilham damızdırılan nadir ağıl və istedad sahiblərindəndir ki, məhz ona əta olunmuş bu ruh sərvətinin sayəsində övliya və şairə çevrilmiş, bir övliya kəramətliliyi və bir şair çərçivələrəsığmazlığı ilə təbiətüstü aləmlərə qanadlanmış, idrakın, insanın və Allahın mahiyyəti haqqında bəşəriyyətə bir çox sirləri çatdıra bilmişdir. Dövrünün fəqihləri İbn Ərəbiylə daim təzadda olmuş, əleyhinə yüzlərlə fitvalar vermişsə və İbn Ərəbi də fəqihləri qeyzlə Fironlara, Dəccala bənzətmişsə, burada təəccüblü heç nə yoxdur və əslində, həm fəqihlər, həm İbn Ərəbi, hərəsi öz nöqte-yi nəzərindən haqlı idi. Bəlli qəliblər və hüdudlar içərisində, yazılmış, təsbitlənmiş qanun və qaydaların diktəsi ilə düşünən və yaşayan fəqihlərlə, əlbəttə ki, təfəkkürün tam başqa bir sürətinə yiyələnmiş, düşüncə bütlərini sındıran İbn Ərəbi həmfikir, yaxın, həmyol ola bilməzdi. Bütpərəstlik islamiyyət yarananda devrilmişdisə, İbn Ərəbi düşüncə qəliblərinə sitayiş bütpərəstliyini onüçüncü yüzildə sındırmağı bacardı. Və ən gözəli odur ki, bunca inqilabi bir düşünmə tərzinə malik olduğu halda İbn Ərəbi tolerantlığın, barışdırıcılığın, yuvarlaq bir nəticə, ortaq bir yol tapmağın tərəfdarı idi və buna yetişdi də. İbn Ərəbi zahiriliyi və batiniliyi – hər ikisi “Quran”a üz tutmuş iki istiqaməti ayrı-ayrılıqda qəbul etmədi, o tərəfin də, bu taydakıların da yanıldığını isbat etdi, həqiqətin yerini göstərdi – onlarla bunların aralığı. Maraqlıdır ki, tolerantlığın ən möhtəşəm örnəyinə çevrilmiş 2 dahinin ikisi də onüçüncü yüzildə Anadoluda görünür. Mövlana Cəlaləddin Rumi və İbn Ərəbi. Həyatının ən qaynar, ən məhsuldar olan son dövründə – 1205-1240-cı illərdə İbn Ərəbi Anadoluda idi və həmin yüzildə Mövlana da minlərlə davamçısıyla birgə sanki Allahla məsafəsi xeyli qısalmış bu mistik havalı məkanda fəaliyyətdəydi. Mövlana “kafirsən, müsəlmansan, bütpərəstsən, hətta din düşmənisənsə, bizim ümid qapımız sənin üzünə açıqdır, gəl” – söylədisə, İbn Ərəbi “Əl-Əmr ül-muhkəm” əsərində “Qarşındakı hər kim olur-olsun, yaxşılıq et!” düsturunu yaratdı. İbn Ərəbi bu tarixi sözlərini Malatyada bir müdərrisdən eşitdiyi əhvalatdan sonra söyləyir. Müəllim İbn Ərəbiyə danışır ki, son dərəcə zalım bir buxaralı vali şaxtalı bir gündə soyuqdan donan köpəyi görüncə ürəyinə rəhm düşür, heyvanı evinə gətizdirir, qızındırıb yedizdirir və əvəzində ilahi tərəfindən onun öz günahları da bağışlanır. lll Əsərləri ilə böyük mənəviyyat ensiklopediyası yaratmış İbn Ərəbi irsinin mahiyyətində sözün ən dərin qatlarına nüfuz edə bilmək, kəlmələrin görünməyən mənalarını üzə çıxararaq onları öz fəlsəfi konsepsiyasına uyğun şəkildə mənalandırmaq dayanır. Mövzuya poetik və fəlsəfi yanaşma düşüncə və ifadə tərzi olaraq İbn Ərəbi yaradıcılığının səciyyəvi xüsusiyyətləridir. Təsəvvüf İbn Ərəbidən əvvəl yaranıb və ona qədər çoxlu nəzəriyyəçiləri və ardıcılları olub. Təsəvvüf alim və şairləri məlum dillərin məlum sözləriylə danışaraq yazmışdılar. Onların əsərlərini başqalarının nitqindən və yazısından fərqləndirən məlum sözlərə verilən fərqli mənalar idi. İbn Ərəbi yeni bir ərəb, fars, türk dili yaratmayıb. Amma bu 3 dildə ortaqlaşan elə sözlər var ki, onlar məhz İbn Ərəbinin verdiyi mənalarla mahiyyətcə başqalaşdılar. Kökü etibarilə başqa mənaları və müxtəlif yozumları vardısa da, İbn Ərəbinin iradəsi ilə onlar səmtlərini dəyişdilər. lll İbn Ərəbini oxuyub anlamaq çətin, oxuyub dərk edəndən sonra ondan ayrılmaq daha müşkül idi. Bu haqda klassik soraq Əhməd Əflakinin “Ariflərin mənqibələri” əsərindədir. Mövləvilərin bəzi bilginlərinin İbn Ərəbinin “Fütuhat-i Məkkiyyə”sini mütaliə edərkən mənaları tutmaqda üzləşdikləri sıxıntılarla bağlı şikayətlənmələrindən Əflaki Dədə “arif dostlara” istinadən belə nəql edirdi: “Bəzi bilgin yoldaşlarımız “Fütuhat-i Məkki” adlı kitab haqqında belə söyləyir ki, qəribə kitabdır. Məqsədi bəlli deyildir. Söylənən hikmətlərin sirri bilinmir”. Lakin oxuyub sonacan qavrayanlar və ilk baxışdan sezilməyən incəlikləri tutanlar da varmış ki, Əflaki Dədə dərhal bunu da çatdırır: “Birdən-birə qəvval Zəki qapıdan içəri girdi və sirləri açıqlamağa başladı. Bunun üstündən Mövlana: “İndi Zəkinin fütuhları Məkkinin fütuhlarından daha yaxşıdır”, – dedi”. Bu, onüçüncü əsrdir və hər halda İbn Ərəbi dilinin qəlizliyindən gileylənənlər də sıravi şəxslər deyilmiş, fəlsəfi mətnlərə, təsəvvüf mətləblərinə agah olan ariflərmiş. Hətta onlara mürəkkəb gəlirmiş İbn Ərəbi. 7 əsr sonra da vəziyyət dəyişmir. İbn Ərəbi öz söz və düşüncə dünyasına heç kəsi rahatca buraxmır (və heç vaxt da buraxmayıb). Sübutlar şahidlərin ifadələrindədir və XIX–XX əsrlərin şahidləri də yenə sadə oxucular deyillər, sanballı alimlərdir. Nikolsonun tövsiyəsi ilə İkinci dünya müharibəsinin başlanmasına bir neçə il qalmış İbn Ərəbini oxumağa başlayan və 1939-cu ildə Kembricdə indiyədək dəyərini itirməmiş “Mühyiddin İbn əl-Ərəbinin mistik fəlsəfəsi” adlı əsərini nəşr etdirən misirli araşdırıcı Əbül-Əla Əfifi heyrətlənirmiş ki, başlanğıcda müəlliminin tapşırığı ilə “Füsus”u və həmin kitaba Kaşaninin yazdığı şərhi bir neçə dəfə oxuyandan sonra heç nə başa düşməyibmiş və həmin ərəb oğlu ərəb ustadı Nikolsona etiraf edibmiş: “Birinci kərədir ki, ərəbcə yazılmış bir kitabı anlamaqda bu qədər əziyyət çəkirəm”. İbn Ərəbinin dilini fəhm etməkdə qarşılaşdıqları yöndəmsizliklərdən şikayətlənənlərin siyahısındakı bu adlar dünyaca məşhur şərqşünasları nişan verir: Klemen Huar, Artur Arberri, Rom Landau (bu sonuncunun 1959-cu ildə Londonda “İbn Ərəbinin fəlsəfəsi” adlı dəyərli əsəri işıq üzü görüb). R.Landaunun qənaəti çox düşündürücüdür: “İbn Ərəbinin yaratmağı lazım bildiyi saysız əngəllərə sinə gərə bilmək üçün yalnız ona dərin bir heyranlıq gərəkdir”. Orta çağda da, yeni dövrdə də İbn Ərəbinin şifrəli dil aləminin aşılması xeyli zəhmət tələb edən divarlarını keçə bilənlər onu duyunca heyran qalıblar və İbn Ərəbiçi olublar – ya onun fəlsəfəsinin, yolunun ardıcılı, ya da onun sadiq tədqiqatçısı. İbn Ərəbi özündən əvvəlki 6 və özündən sonrakı 6-7 əsrlik təsəvvüf yolunun tən ortasında dayanan körpüdür. O, köhnə təsəvvüf məktəbini pərakəndəlikdən qurtararaq sistemləşdirmiş, özündən sonrakı zamanlar üçün əksəriyyət tərəfindən etiraf və qəbul edilən örnək doğura bilmişdir. Yunan fəlsəfəsi və poetik düşüncəsində Aristotelin oynadığı rolu İbn Ərəbi Yaxın və Orta Şərqdə yerinə yetirmişdir. Beləliklə, İbn Ərəbi yeni fəlsəfi dil və düşüncə tərzinin yaradıcısıdır. İbn Ərəbi özündə şairanə ruhu və filosof xislətini daşıdığından sözlərin mənaları ilə ən cəsarətli improvizələr edə, gözlənilməz yanaşma və yozumları ilə sözlərin mənaları arasında heyrətli məntiqi bağlılıqları aşkarlaya bilir. “Mən möminəm” demək heç kəsə yasaq deyil. Amma “Mömin” Allahın adlarından biridir. (Yenə “Fütuhat”da yazır ki, “Mömin” Allahın isimlərindən biridir və eyni zamanda insanın adıdır”). İbn Ərəbi bu kəlmədə insanın Allahın adaşına çevrildiyinə diqqət yönəldir. “Mömindən ötrü mömin bir-birinə dayaq olan binalar kimidir” yazan İbn Ərəbi insanı ucaldaraq, əslində, Allahın onların simasında özünə arxa yaratdığını təsdiq edir. lll “Şüur” və “şeir” kəlmələrini onların arasındakı məna və mahiyyət bağlılığı baxımından şərh edən İbn Ərəbi “Şüurun bilikdən aldığı pay qapının ardında bir şeyin olduğunu qabaqcadan bilməkdir” qənaətindədir. “Fütuhat”dakı nəsrlə yazılmış hər bölmənin əvvəlində müəllif müəyyən şeir parçaları verir və onları şərh etməyərək dərkini oxucunun ixtiyarına buraxır. Amma xəbərdarlıq edir: “Şeirdə bəhs etdiyimiz mövzunun nəsr hissəsində əksini tapmamış məsələləri vardır”. İbn Ərəbi şeiri biliyi qabaqlayan, ona irəlicədən yol göstərən vəhy, sezgi kimi mənalandırır və bu model onun özünün sözləri şərhetmə maneralarında daim əksini tapır. lll İbn Ərəbinin ayrı-ayrı əsərlərindəki şeirlərindən savayı ayrıca “Divan”ları da qalır. “Divan ul-məarif” ünvanlı şeir məcmuəsinin əvvəlində şairliyin ona necə verildiyini İbn Ərəbi mistik bir biçimdə təsvir edir: “Yuxumda bir mələyin ağ bir nurla bərabər mənə doğru gəldiyini gördüm. Bu, sanki günəş işığından bir parça idi. “Bu nədir?” deyə soruşdum. Mənə belə cavab verildi: “Bu, “Əş-Şüəra” surəsidir”. Onu uddum və o zaman bir tükün, sanki, köksümdən boğazıma, boğazımdan da ağzıma gəldiyini hiss etdim. Bu, başı, dili, gözləri və dodaqları olan bir canlı idi. Başı Məşriq və Məğrib üfüqlərini tutana qədər genişləndi, sonra yenidən kiçildi və köksümə geri döndü. O zaman bildim ki, sözüm Məşriqə də, Məğribə də çatacaq”. İbn Ərəbinin bu gümanının həqiqət olduğunu onunla aramızdakı yüzillər sübuta yetirib. Onun sözü və düşüncəsi, doğrudan da, Qərbə də, Şərqə də çatıb. Lakin İbn Ərəbinin xüsusi bir həssaslıq və nəvazişlə yanaşdığı şeirlərinin hələ onun öz sağlığında yayılması ilə bağlı öz qələmiylə yazdığı fantastikvari bir təfərrüat da var. Ona şairlik vergisinin bağışlanması ilə əlaqədar bəhs etdiyi hadisəni yuxuda gördüyünü yazdığından həmin əhvalatdakı istənilən qeyri-adiliyi qəbul etmək asandır. Ancaq şeirlərinin özü sağkən bir məkandan digər məkana bir an içində, heç bir ötürücü olmadan nəql olunması haqda bildirdikləri insanı çaşdırmaya bilmir. Məcazi mənada deyir bunu, yaxud bu da onun növbəti möcüzələrindəndir? Tək İbn Ərəbiyə deyil, bir para başqa sufi ulularına da şamil edilən eyni vaxtda bir-birindən aralı iki uzaq məntəqədə gözə görünmək söhbətləri uydurmadır, ya bu paklar inancın, beyinə hökm edə bilmənin bizlər üçün inanılmaz gələn elə mərtəbəsinə yetişibmişlər ki, təcəlla imkanı da qazanıbmışlar? Hadisəni İbn Ərəbi özü təsvir edir. Və İbn Ərəbinin şəxsiyyəti və irsini yaxşı öyrənmiş türkiyəli alim Nihat Kəklik “sözləriylə hərəkətləri arasında tam bir ahəng bulunan müstəsna şəxsiyyət” kimi dəyərləndirdiyi dahimizə sanki bu məqamda inanmağı təklif edir. Hicri 590, miladi tarixlə 1194-də İbn Ərəbi 29 yaşındaymış və Tunisdən gəlibmiş İşbiliyyəyə. Tunisdə olarkən “Məksure-yi İbn Müsənna” məscidində namaz əsnasında yeni beytlərini yaradır, lakin bu şeirləri kimsəyə oxumur. Daha sonra öz ifadəsinə uyğun olaraq, 3 aylıq məsafə qət edərək İşbiliyyəyə səfər edir və oradakı Udeys camisində yenə namaz vaxtı yerli-dibli tanımadığı bir şəxsin Tunisdə yazdığı həmin misraları əzbər söylədiyini eşidir. Şeirlərin kiminki olduğunu soruşur və həmin şəxs “İbn Ərəbininkidir” cavabını verir. “Yaxşı, bəs bu şeiri haçan öyrənmisən” – sualının cavabında həmin adam elə bir tarix deyir ki, İbn Ərəbi o zaman Tunisdəymiş (və arada da 3 aylıq məsafə). “Bir gecə yol üstündə camaat yığışmışdı, tanımadığımız bir qərib yanımızdan keçərkən bu beytləri oxudu. Bəyəndik, yazdıq. Yazarın adını bizə söylədi və həmin şeirlərin Tunisdə qələmə alındığını dedi. Sonra da qeyb olub itdi”. Şair tərəfindən dilə gətirilməmiş bir şeirin doğulduğu andaca başqa bir şəhərdə oxunub yazılmasına, bu əcaib translyasiyaya materialist bir baxışla şəklə yanaşmanı qətiyyən qınamıram, çünki həmin tərəddüd elə özümdə də var. Lakin bunun bənzəri olan başqa möcüzələri biz axı möcüzə hesab etmədən, heç bir parapsixoloji ilə ilgiləndirmədən qəbul edirik. O əsərlərini ki İbn Ərəbi onüçüncü yüzildə yazıb, – indi oxuyuruq, düşünürük, həyəcanlanırıq, təsirlənirik. Aralıqda səkkiz əsr civarında məsafə, sözlər, fikirlər dipdiri, İbn Ərəbi də bizimlə danışırmış, qarşımızdaymış kimi. Əfsanə sayaraq inanmaq istəmədiyimiz birinci hadisəni bu gün telefon, televiziya rahatca izah edir. Möcüzə saymadığımız ikinci hadisəni – yüzillərlə, minillərlə diri həmsöhbət olaraq qalmağın əsl sehrini açmaqdasa şüur, duyğu, elm acizdir. lll Sözə Allahın möcüzəsi kimi baxan İbn Ərəbi əsərləri boyu elə söz rəvayətləri nəql edir ki, hərəsi bir əfsanəyə oxşayır. İbn Ərəbi onları gerçək olmuşlar kimi yazsa da, bu söyləmələrin hər biri nağılvarilik tülünə bürünüb. Bəlkə sözə elə bir həddə vurulmaq lazımdır ki, o da sənə möcüzələrini göstərsin? İbn Ərəbi müstəsna zəka sahibi idi, insanı beş barmağı kimi tanıyırdı, Allah bəndəsinin şəkk şakərindən xəbərsiz deyildi və özü üçün artıq adiləşmiş qeyri-adi hadisələrin başqalarından ötrü çox zaman inanılmaz möcüzə, əfsun təsiri bağışlayacağını hiss etdiyindən dəfələrlə bunları bir yuxu deyə təqdim etmişdir. “İnsanlar yuxudadır, öləndə ayılırlar” sözlərini Məhəmməd Peyğəmbərə istinad edirlər və İbn Ərəbi də, ilk növbədə, bu hikmətə tapınaraq həyatın özünü də böyük və sonsuz röyanın – ölümün içində bir gözqırpımı qədər qısa an sayırdı. (Yadınızdamı “Dədəm Qorqud kitabı”nın uyquya “kiçik ölüm” deməsi?). İbn Ərəbi “Ruh ül-qüds” əsərində sözün möcüzəsiylə bağlı əhvalatlardan birini yaşı doxsanı ötmüş, ustadlarından hesab etdiyi Fatimə adlı qadından eşidib gördüyünü (məhz gördüyünü!) yazır. Varlığı müqəddəsliklə dolu, durmadan “Quran” oxuyan bu pak qadın yalnız mərhəmətli insanların gətirib onun qapısının ağzına qoyduğu cüzi yeməklə dolanarmış. İbn Ərəbi ona “ana”, o isə İbn Ərəbiyə “gözümün nuru”, “balam” deyə müraciət edərmiş. Sözün Fatimənin itaətində olmasına dair İbn Ərəbi “Fütuhat”da bunu yazır ki, bir gün bir qadın imdad üçün gəlir və ərinin uzaq şəhərdə evlənməsi sorağını aldığını, həyat yoldaşına qovuşmaq istədiyini söyləyir. Fatimə “Fatihə”ni oxumağa başlayır və sonra da indicə oxuduğu sözlərə qarşısında dayanan canlı insana müraciət edirmiş kimi tapşırıq verir: “Ey “Quran” “Fatihə”si, Süreyə get, bu qadının ərini mənim yanıma gətir. Onu yanıma gətirincə də kənara bir addım atmağına imkan vermə, daim nəzarətində saxla”. İbn Ərəbi təsdiqləyir: “Çox keçmədi ki, həmin adam həqiqətən qayıdıb öz ailəsinin yanına gəldi”. Hələ bunlara tərəddüdlə yanaşırıq, lakin bəlkə də zamanı yetişəcək ki, İbn Ərəbi kimi sözə sidq-ürəkdən bağlı seçilmişlərlə səmalar arasındakı hansısa ilahi bağlantı cığırlarının olması hər kəsə isbatlanacaq. Bu dahi tez-tez əsərlərində Peyğəmbəri yuxuda gördüyündən, ondan təlimatlar aldığından, Allah elçisinin ona “Müsəlmanlara öyüd ver!” söylədiyindən bəhs edir. Tək o yox, başqalarının da İbn Ərəbiylə əlaqədar Peyğəmbərli yuxuları haqda məxəzlər xəbərlər yaşadır. Əslən mərakeşli olan, mərifət aləmində tanınmış Yəhya İbn Əhfəş adlı bir şəxs İbn Ərəbiyə məktub yazaraq yuxuda Peyğəmbərin ona “İbn Ərəbinin xidmətinə get. Onun söhbətlərindən yararlan” dediyini xəbər verir. “Biz ona iş tapşırmışıq. Mənim adımdan söylə ki, sənə münasibətdə ona buyurulanı yerinə yetirsin”. Bunu “Fütuhat”da İbn Ərəbi özü təsdiqləyir. Demək, həqiqətən tapşırıq varmış ki, müraciət edəni İbn Ərəbi təəccüblə deyil, sakitcə, sorağını irəlicədən alıb gözlədiyi şəxs kimi qarşılayırmış. lll İbn Ərəbinin bəhs etdiyi bir başqa məqam, əslində, onun özünün və özü biçimdə düşünənlərin içərilərindəki inanc aləmində nə qədər məsud, nə qədər yüksək ixtiyar sahibi olduqlarına şübhə etməmələrinə bir göstəricidir. İbn Ərəbi bu fikri iki alim və müqəddəs müsahibindən müxtəlif vaxtlarda eşitdiyini yazır. Hər iki fikir təxminən eynidir. Onlar Allaha üz tutaraq “Pərvərdigara, bizim mülkümüz Səninkindən daha böyükdür”, – deyirmişlər. “Çünki biz Sənə dua edib Səni eşidir, dualarımıza əməl etmənə şahid oluruq. Bizimçün Sən varsan. Sənin Özünün mülkündə isə Sənə bu cür xidmət edəcək Allah yoxdur”. lll İbn Ərəbinin yerdənkənar əlaqələri ilə bağlı onun öz əsərlərində bilgilər və işarələr sıra-sıra görünməkdədir. O, “Fütuhat-i Məkkiyyə”nin birinci cildində açıqca yazır ki, bir zamanlar Əndəlüsdə olduğu kimi, Şamda da “könülləri səmavi, ali dərəcədə ruhani hissiyyata malik və Yer üzündə heç kəsin tanımadığı, yalnız göylərdə məşhur olan isanlarla” görüşüb. Və görüş əsnasında, söhbətləşərkən ona məlum olub ki, bunlar sıradan olan şəxslər deyillər, məhz səmadan gələnlərdir. Biz Yerdənkənar sivilizasiyalar, yadplanetlilər haqda XX əsrin ikinci yarısında fəal şəkildə müzakirələr aparmağa, buna inanıb-inanmamaq ətrafında mübahisələrə girişməyə başladıq. İbn Ərəbi onüçüncü əsrdə gördüyünü, görüşdüyünü yazırdı. Bəlkə gün gələcək, onun əsərlərinə yalnız hikmət kitabları kimi deyil, belə-belə sirlərin açılışı üçün də bir qaynaq kimi baxılacaq? lll İbn Ərəbinin müəllimləri çox və fərqli olub. Bu müəllimlərin sırasında adı Əbu Nəsr Farabi, Əbu Əli ibn Sina kimi zirvələrlə yanaşı çəkilən İbn Rüşd də var (1126–1198) (İbn Ərəbi atasının dostu olan gələcək ustadı İbn Rüşdlə 17 yaşındaykən görüşmüş və ilk görüşdəcə çox şeylər öyrənəcəyi müəllimini dərrakəsinin itiliyi ilə valeh etmiş və özü də onun gözlərini bir sıra gözlənilməz həqiqətlərə açmışdı), Ureyni adlı iki gözdən kor şeyx də, 96 yaşlı Fatimə adlı ixtiyar bir qadın da, 4 il sərasər yanından əl çəkməyib mərifət təlimi aldığı “ümmi” – yazı-pozudan tam xəbərsiz, bisavad Rundi adlı müqəddəs də, ona “bütün biliklərin təməli “Quran”dır deyən, “elmi yalnız “Quran”dan almalısan” öyüdünü verən ustadı Əbu l-Abbas ibn Naccə də... Təfəkkürü “Quran”a kökləməyi, hər məktləbdə təkan nöqtəsi olaraq bu qutlu məxəzdən çıxış etməyi İbn Ərəbiyə də, müsəlman Şərqi boyu bütün düşüncə və duyğu insanlarına da fəqət İbn Naccə kimi ustadlar deyil, bütövlükdə mühit özü diktə edirdi. Lakin nə ustadının nəsihəti, nə mühitinin diktəsi İbn Ərəbiyə danışıqsız tabe olmağa kifayət edəcək meyarlar idi. O, sözün içində söz, fikrin içində fikir axtarmaq improvizələriylə məşğuldu. Klassik şeirdə “ümm ül-Kitab” – “Kitabın anası” deyiminə dönə-dönə rast gəlirik və bu ifadəni, adətən, şairlər “Quran”ın – “Kitab”ın anası hesab edilən “Fatihə” surəsi ilə əlaqələndirirlər. İbn Ərəbinin düşüncəsi daha qanadlıdır. Onun üçün süxurlaşmış, kristallaşıb bərkimiş heç bir söz, deyim yoxdur. Hətta qəti qəbul edilmiş ifadələrdə də yeni gizli mənalar aşkarlayır. Tutalım, ənənəvi olaraq “Kitab-i mübin” ifadəsi ilə sırf “Quran-i Kərim” nəzərdə tutulursa, İbn Ərəbi bu ifadəyə bir qalaq başqa anlamlar yükləyir. İbn Ərəbiyə görə, “Haqqın zatı bütün həqiqətlərin daxil olması səbəbindən “Ümm ül-kitab”, Haqqın elmi isə “Kitab-i mübin”, açıq kitabdır. Bu halda zat, ilahi həqiqətlərə görə, kitabın anasıdır. Nəticə etibarilə Haqq özü Kitabın Anasıdır”. İbn Ərəbi “girir” “kitab” sözünün içərisinə, enir təkinə. Adətən “Kitab” söylənirkən “Quran” qavranmasını az sayır, ən xırda mətləbləri də öz fəlsəfəsinə uyğun təhlil edir. Kitabın hərfən yazılmış hərflər, hərfləri bir-birinə qovuşdurmaq demək olduğunu söyləyir, lakin hər yazının kitab olması üçün hərfləri bir-birinə əlavə etmək, artırmağın yetərli olmadığını da bildirir. İbn Ərəbi “kətəbə” – “yazdı” kəlməsini “lazım bildi”, “buyurdu” mənasında yozur. Son olaraq İbn Ərəbi “Fütuhat”da dünyanın, kainatın özünün bir kitab olduğu fikrində dayanır: “Bütün Aləm yazılmış bir kitabdır, mövcud olanlar İlahi Kitabdır”. Həmin əsərindəcə başqa yerdə belə yazır: “İnsan Pərvərdigarın kitabıdır”. Və insana izah edir: “Sən bir kitabsan! Yazılı olan hər şey səndədir. Sən özündən hər heyi poza bilərsən, amma istəsən, (özünü kitab kimi) oxuyarsan. Sən varsan və həmin səbəbdən sənin zahirin dünya, batinin axirətdir”. Lakin bununla dayanmır İbn Ərəbi, bir qədər də dərinləşdirir – Kitabın Anası, onun qənaətincə, Lövh-i Məhfuza aləmin həqiqətlərini yazan Uca Qələmdir. İbn Ərəbinin hərf, söz, kitab boyunca gəzişmələrini izlədikcə hürufiliyin hikmətinin də onun bu düşüncələrində ifadə edildiyinə şahid kəsilirsən. O: “Allah hərflərini bir-birinə qataraq onu bir Kitaba çevirmişdir. Haqqın sirləri kitabın hərfləri içərisindədir və üstün ağıl sahiblərindən başqası o sirləri bilə bilməz”. Son olaraqsa İbn Ərəbi insanı bir kitab olaraq yenə özünə, hər şəxsin öz içərisinə yönəldirdi: “Hər qəlb içindəki düşüncə və elmlər üçün yazılmış bir kitabdır. Onun da, “Quran” səhifələri kimi, təbəqələri vardır”. Beləliklə, İbn Ərəbi mahiyyətcə yadigar qoyub getdiyi zəngin irslə bizə bir vacib gerçəyi anlatmağa səy edib, bizə kitab kimi özümüzü oxuya bilməyi öyrətməyə can atıb. Və həmin işini diri kitablarıyla, əslində, bu anda da davam etdirməkdədir. lll Orta əsrin bəzi ortodoksları üçün İbn Ərəbi təlimi və onun “Füsus ul-hikəm”i təhlükə mənbəyi idi. Tarixdə bu təlimə və həmin əsərə qarşı barışmaz mübarizənin izləri qalır. Bir çox yerlərdə, o sıradan Dədə Rövşəni və ardıcıllarının Qarabağda təbliğat apararkən təqib edilərək ikrahla “füsusi” adlandırılması, kitabın nüsxələrinin yandırılması bəllidir. İbn Ərəbi belələrini və nəzəriyyəsini sonacan dərk edə bilməyənləri nəzərdə tutaraq “istilahlarımızı və dilimizi anlamayanlara kitablarımız haramdır” yazırdı. (Amma tarix boyu İbn Ərəbini nadan, yaxud təəssübkeş həmlələrdən qorumaq təşəbbüsləri də olub. Sultan Səlim Yavuz ömrünün 37 ilini böyük filosofun əsərlərinin mütaliəsində keçirmiş Şeyx Məkki Əfəndiyə (vəfatı 1519) İbn Ərəbi əleyhdarlarının tənqidlərinə cavab olaraq bir müdafiə risaləsi yazmağı əmr etmişdi). İbn Ərəbi “Füsus ul-hikəm”in ona yuxuda Peyğəmbər tərəfindən hazır şəkildə verilərək məzmununun insanlara çatdırılmasının tapşırıldığını yazır. Bu, bir məcaz olsa da, İbn Ərəbinin özünün artıq oyaqlıqda həmin kitabını ardıcılına çevriləcək minlərlə insana bir dərslik kimi təqdim etməsi danılmaz həqiqətdir. Orta əsrlərdə qələmə alınmış Yaxın və Orta Şərq poeziyası üçün İbn Ərəbi irsi bir açar, universal lüğət funksiyası daşımaqdadır. İbn Ərəbiyə görə, dinlər, dillər və millətlər fərqlənsə də, sözlərdəki hikmət fərqli deyil. Sözə canlı varlıq kimi baxan İbn Ərəbi “hikmətlərin sözlərin qəlbinə tək və ən yaxın yolla Allah tərəfindən” endirildiyinə inanır. lll Böyük mütəfəkkir “Sözlərdəki qapalı mənaları təfəkkür gücü ilə anla” məsləhətini vermiş, bu anlama və qavramanı rahatlaşdırmaq üçün lüğət, bələdçi sayıla biləcək qiymətli miras doğurmuş və elə bir yol açmışdır ki, onu bilmədən ərəb, fars və türkdilli klassik poeziyanın düzgün anlanılması da mümkünsüzdür. Müəyyən mənada “Fütuhat”ın cövhəri olan “Kitab ul-mərifət”də “məhəbbət” kəlməsini şərh edən İbn Ərəbi həmin hissi duyğuların ən alisi adlandıraraq bütövlükdə həyatın bu təməl üzərində duruş tapdığını bəyan edirdi: “Məhəbbət olmasaydı, heç bir şey üçün tələb qətiyyən doğru olmazdı. O zaman da heç nə vücuda gəlməzdi”. Məhəbbət mövzusu İbn Ərəbinin bütün nəsr əsərlərində bu və ya digər şəkildə yer alsa da, onun şeirlərinin hər birinin içərisində nəbz kimi vurmaqdadır. Hər halda İbn Ərəbi ilk növbədə alim, nasir idi, amma onun şeirlərini də ürfani poeziyanın, təsəvvüf şeirinin misilsiz örnəklərini vücuda gətirmiş Fəridəddin Əttarın, Cəlaləddin Ruminin, Hafiz Şirazinin, Əbdürrəhman Caminin əsərləriylə müqayisə etmiş, bədii məziyyətlərinə görə onları eyni yüksəkliyə layiq bilmişlər. Əksərən qəsidələrdən ibarət bu şeirlər məhəbbət poeziyasının xüsusi bir nümunəsidir. O qəsidələrə İbn Ərəbi özü şərhlər də yazmışdır. Şərhlərsiz həmin şeirləri sırf dünyəvi eşqin örnəkləri kimi də dəyərləndirmək olar. Lakin şərhlərdə hər sözə, hər tərkibə İbn Ərəbinin verdiyi ürfani yozum məna səmtini ilahi aləmə, vəhdət-i vücud dünyasına çəkir. Bu şeirlərin İbn Ərəbi tərəfindən yazılmış şərhi, olsun ki, lap əvvəllərdə yoxmuş. Sonralar məhz bu şeirlərin gerçək həyati sevgi səmtində oxunub dərk edilməsi səbəbiylə bəzi kəmfürsət müasirləri İbn Ərəbini yamanlamış, bu şeirləri “batil”, “zövqdən uzaq” deyə məhkum etmişlər. Yəqin bu amil müəllifə hər şeirə ayrıca şərh yazaraq onların səmayla bağlı olduğunu vurğulaması zəruriyyətini meydana gətirmişdir. Şeirləri Avropa oxucusuna ilk dəfə təqdim edərkən Nikolson tərtib və tərcümə etdiyi topluya önsözündə bu məsələyə ayrıca diqqət yönəldirdi. İbn Ərəbinin həm qəsidələrə şərhlərində, həm “Divan”a müqəddimədəki “bu şeirlərin hamısının mövzusu asimanidir” mətləbini qabartmasını Nikolson bədxahlar tərəfindən yayılmış şayiələrə görə bu şeirlərin gözdən düşə biləcəyi, oxucu itirəcəyi hürküsü ilə edildiyi fərziyyəsini yürüdürdü. İbn Ərəbinin narahatlığı, doğrudan da, sezilir. Lakin bu gün həm o şeirlərin müxtəlif gözlər və yanaşmalarla fərqli oxuna bilmək ehtimalı, həm İbn Ərəbinin canfəşanlıqla o yox, bu mənanı ifadə etmək istədiyi üzərində təkidi bir daha diqqəti mövzumuzun başlıca hədəfi ilə bağlı nöqtəyə zillədir: bir sözün içində bir neçə söz, bir sözün içində çoxlu məna gizlətmək Ustadın şakəri, yaradıcılıq dəst-xəttiymiş, bunu məharətlə edirmiş, amma bu keyfiyyətdəncə onun əleyhinə də istifadə mümkünmüş. lll İbn Ərəbi elmə və alimə ən yüksək qiymət vermiş qələm sahiblərindəndir. O, “Mərifət kitabı”nda bəyan edirdi: “Bil ki, Allah-Taala üçün elm vardır. Allah alimdir. Mələk və insan da belədir. Yəni, onların da elmi vardır. “Elm bir kəsin varlığına qovuşmuşdur” söyləmək “o şəxs alimdir” deməkdir”. İbn Ərəbiyə görə, Allahın nəzərində alim o şəxsdir ki, həm zahiri, həm batini bilir. Və İbn Ərəbi hökm verir: “Bu ikisini bilməyən nə seçkin alimlər zümrəsinə aid edilə bilər, nə də yaxşı alimdir. Hər kəs elm iddiasında olsa və elminin ziddinə getsə, o kimsə nə alimdir, nə də alim surətində bir adamdır”. Və hər cümləsi ən yüksək əyarlı qızıla bərabər risalədə “Elm və istedad” haqqında adlı bir bölmə də var. İstedadın ən parlaq və əyani örnəyinin bu mətləbdən söz açmasında iki gerçək duyulur. Bir tərəfdən istedad sarıdan yarımayıb bu qabiliyyətlə şərəfləndirilmişlərə həsəd aparanlara təskinlik verir ki, darıxmayın, darılmayın, bu sizin günahınız deyil, İlahi vergini özü lazım bildiyi kəslərə əta edir. Digər tərəfdən istedad sahiblərinə də anladır ki, nə qədər güclü olsanız da, bilin ki, sizə bağışlanmış bu verginin bəlli bir hüdudu var: “Allahın bəndələrinə elm payı yalnız onların istedad və qabiliyyətinə uyğun olaraq verilir. Rəsul-i kiramın ümmətlərinə verdikləri elmin ümmətlərinin istedad və qabiliyyətlərindən çox, ya əskik olmasına imkan yoxdur”. Elm aşiqi İbn Ərəbi elmi “nur” adlandırdığı Allahla bərabər tutmuş kimidir. O, “Dürrət ül-faxirə” əsərində yazırdı: “Elm bir işıqdır. Bir çıraq başqa bir çıraq vasitəsilə yandırıla bildiyi kimi, işıq da ancaq başqa bir işıqdan əldə edilir”. Yalnız Şərqin deyil, bütöv insanlığın düşüncə tarixindəki ən parlaq işıqlardan olan İbn Ərəbinin işığından bu gün bizə də işıq çatır və həmin əbədi işıqdan hələ bizdən sonrakı çox nəsillərə də işıq çatacaq. “Fütuhat-i Məkkiyyə”sində “Kimin müəllimi olmazsa, onun müəllimi şeytan olar” təsdiqləyən, “dünyanı bir məktəb, Allahı o məktəbin sahibi”, yəni, əslində, ən Ali Müəllim sayan İbn Ərəbi də insanlığın ölməz müəllimlərindən biri olaraq daim yaşayır və bu gün də dünya məktəbində dərslərini verməkdə davam edir. lll İbn Ərəbini ən çox oxuyan, ondan ən çox öyrənənlərdən biri Füzuli idi. İbn Ərəbi kimi ömrü uzunu elmi sevmiş Füzuli. Bəs bu nə sözlərdir ki, Füzuli o qədər elm oxuyandan, o qədər elm yaradandan sonra yazır? Elm kəsbilə rütbe-yi rifət, Arizu-yi mühal imiş ancaq. Eşq imiş hər nə var aləmdə, Elm bir qiyl ü qal imiş ancaq. Ustad saydığı İbn Ərəbiylə bu nöqtədə yolları ayrılırmı? Nədən Füzuli eşqin müqabilində elmi elə quruca hay-küy sayır? Yox, əslində, ikisinin də söylədiyi və inandığı həqiqət eynidir. Nəyisə bildiyinə əminlik duyanda, elmə sahib olduğun zənninə düşəndə barmağını dişlə, bil ki, yanılırsan. Çatılmaza çatmaq mümkün deyil. Nicatı sevgidə ara. O, “qeyl ü qal” olan sevgidən keçməyərək yetişdiyini fərz etdiklərin və ilğım olduqları halda elm sandıqlarınmış. Ümman qədər hüdudsuz görünən biliyi ilə İbn Ərəbi də eşqə pənah gətirmişdi. Bu sətirlər onun “Kitab üt-təcəlliyyat”ındandır: “Sevgilim, nə qədər çağırsam da, gəlmədin. Özümü sənə nə qədər göstərsəm də, mənə baxmadın. Özümü nə qədər ətirə çevirsəm də, məni qoxulamadın. Necə olur ki, toxunduğun hər şeydə məni hiss etmirsən? Necə olur ki, məni görüb eşitmirsən? Mən şirin olan hər şeydən şirinəm. Arzulana biləcək hər şeydən daha arzulananam. Gözəl olan hər şeydən daha gözələm”. Bu sözləri İbn Ərəbinin qələmi yazırdı. Bu sözləri deyənsə eşqin özü idi. Bütün gözəlliklərin gözü olan eşq! Bircə kəlmə ki, onun hikmətinin vəsfinə İbn Ərəbi bütün ömrünü və ilhamını həsr etdi! Və gəldiyi son nəticə bu oldu: ömrü boyu aradığı gül hər zaman Allahda açmaqdaymış!..
E-mənbə / link: http://525.az/view.php?lang=az&menu=7&id=727
Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin