Ramazan bayramının əhkamları:
Birinci: Bayram namazına qüsl və gözəl paltar geyməklə hazırlıq.
İmam Malik (Allah ona rəhmət etsin) Muvatta kitabında Nəfiidən belə rəvayət etmişdir: "İbn Ömər (Allah onların hər ikisindən razı olsun) Ramazan bayramında namaza çıxmazdan öncə qüsl alardı." ( Səhih isnaddır)
İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) belə demişdir: “İbn Ömər (Allah onların hər ikisindən razı olsun) sünnətə son dərəcə çox əməl etdiyi üçün bayram günü namaza çıxmazdan öncə qüsl alardı.” (Zəd-ul məad 1/442)
Həmçinin, hər iki bayrama ən yaxşı paltarını geyməsi də sabit olmuşdur.
Ibn Cərir (Allah ona rəhmət etsin) demişdir: "İbn Əbi əd-Dünya və Beyhəqi səhih isnadla İbn Ömərdən onun hər iki bayrama ən yaxşı paltarını geydiyini rəvayət etmişlər." (Fəth əl–Bari, 2/51) Bu iki və başqa əsərlərə görə alimlərin çoxu bayram günü bəzənmək və qüsl almağın müstəhəb olduğunu vurğulamışlar.
Ikinci: Bayram namazına çıxmazdan öncə tək sayda olmaqla : üç, beş və tək sayda olaraq daha artıq xurma yemək müstəhəbdir. Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə belə deyilir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bayram günü xurma yeməmiş ( namaza) çıxmazdı. Xurmaları tək sayda yeyərdi." (Buxari)
Üçüncü: Evindən çıxdığı andan namaz qılınan yerə gələnə kimi kişilərə uca, qadınlara isə alçaq səslə təkbir etmək müstəhəbdir.
Abdullah ibn Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət olunan bir hədisdə belə deyilir: "Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazan bayramı günü evindən çıxdığı andan ibadətgaha gələnədək təkbir gətirərdi." (Başqa hədislərin şahidliyi ilə səhihdir)
Nəfiidən (Allah ona rəhmət etsin) belə rəvayət olunur: "İbn Ömər Ramazan və Qurban bayramlarında evindən çıxdığı andan ibadətgaha çatana kimi təkbir edərdi. İbadətgaha gəldikdə imam gələnədək, imam gəldikdə isə onun təkbiri ilə təkbir edərdi." (Daruqutni və başqaları səhih isnadla rəvayət etmişlər)
Dostları ilə paylaş: |