Namazın ibadətlər arasında yeri
Muhəmmədə ilk vəhyin gəlməsindən və ona peyğəmbərlik verilməsindən on il sonra Uca Allah namazı Peyğəmbərə meracda olarkən arada heç bir vasitə olmadan əmr etmişdir. Bu müddətə qədər o, insanlara tək Allaha ibadət etməyi, ona şərik qoşmamağı əmr edirdi. Müsəlmanların qəlbində əqidə möhkəmləndikdən sonra Allah onlara gün ərzində beş vaxt namaz qılmağı vacib buyurdu. Uca Allahın Quranda namazı digər ibadətlərdən çox xatırlatması namazın əzəmətini bildirir. Bu ibadətə xas olan bəzi xüsusiyyətlər vardır ki, bunlar başqa ibadətlərdə yoxdur. Bunlardan; Uca Allah bu ibadətin yerinə yetirilməsini hər bir halda vacib etmişdir. Başqa ibadətlərdən fərqli olaraq namazı bütün insanlara; kişi və qadına, qul və azad olana, zəngin və kasıba, müsafir və səfərdə olmayana, xəstə və sağlama vacib buyurmuşdur. Həmçinin digər ibadətlərdən fərqli olaraq namazı Allah öz peyğəmbərlərinin dili ilə hər bir ümmətə əmr etmişdir. Uca Allah İbrahimin (a.s) dili ilə buyurur: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et!”.6 Uca Allah Musaya (a.s) buyuraraq deyir: “Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!”.7 Həmçinin Allah Muhəmməd peyğəmbərə xitab edərək deyir: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir”8. Bu mənada olan ayələr Quranda çoxdur.
Dostları ilə paylaş: |