Doğma vətənimə
Səndən ayrı düşsəm də ömrümün ilk danında,
Kazan ətrafı, sənə döndüm eşqin canımda.
Tanış qırlar, çəmənlər çəkdi əvvəl hissimi,
Çəkib güclə qaytardı axır sənə cismimi.
Sıxsa da səndə məni fəqirliklər, yetimlik,
Əzsə də dostlarımın pis rəftarı və kəmlik.
Ötdü artıq o günlər, uçub gedən quş kimi,
Xatırlaram onları xəyal kimi, düş kimi.
Coşsa da dalğaların, batırıb qərq etmədi,
Dörd yanımı sardı od, yandırıb xərq etmədi.
Bu səbəbdən anladım, ey sevgili vətənim,
Çox əzizdir canıma dalğan, alovun mənim!
Hər şey necə əzizdir – çayın, çeşmən, ormanın,
Yolun, kəndin, çöllərin, dərzin, tayan, xırmanın.
Hər fəslin öz ləzzəti - ağ corabın, sarığın,
Qışda keçə çəkmənin, yazda isə çarığın.
Həm çobanı, həm iti, həm qoyunu, həm qurdu,
Hər şeyi çox gözəldir bu vətənin, bu yurdun !
Dilənçi
Qışdır, boran, sərt bir hava, lopa-lopa qar yağmada,
Torpaq üstə düşən qarı külək dərhal sovurmada.
Sızlayır yel, qışqırır yel, artır boran qar arttıqca,
Durmuş məscid qabağında bu havada kor bir qoca.
Gecə-gündüz bu yerdədir, tanrının hər yazmış günü,
Tutur əlindəki qabı yay və payız, yaz, qış günü.
Yoxdur halı zavallının, ayaq üstə güclə durmuş:
–Versənizə bir qara pul, manat deyil, qəpik-quruş.
İndi deyim ondan sizə: bir vaxt kefi çox çağ idi,
İçdiyi bal, şərbət idi, yediyi də çim yağ idi.
Bir zamanlar yayılmışdı kor qocanın adı-sanı,
Bürümüşdü həm Kazanı, Xankirməni, Həştərxanı.
Nə söyləyim, dükanının, mallarının hesabı yox, –
Hə istəsən, hər şey hazır, alan alsın, çeşidi çox.
Neçə-neçə troykası, neçə gözəl faytonları,
Vardı tülkü dərisindən nə kürkləri, nə donları!
Əla idi, yaxşı idi, bundan artıq mən nə deyim,
İndi çılpaq, paltarı yox, versənizə bircə geyim.
Olmuşdu bütün mollalar bu qocanın məftunları,
Oxunmuşdu onun üçün duaları, əfsunları.
Başlarını sallayaraq, çevrəsində küllənərək,
Yürüdülər ətrafında yorğa atın dayçası tək.
Hanı indi onun əziz yar-yoldaşı, tay-tuşları,
Hara yox oldu hamısı: Qaynukları, Axmuşları?
Yoxdur halı zavallının, ayaq üstə güclə durmuş,
Versənizə bir qara pul, manat deyil, qəpik-quruş.
Bu beş namaz qılanlara onun əli açıq qalar,
Nə bir molla görər onu, nə gözucu nəzər salar.
A, beləmi? Axça varsa, demək, çoxdur dost da, yar da,
Axça iyi gəlməyirsə, vəfa yoxdur dostda, yarda!
Dostları ilə paylaş: |