NİZAMİNİN TOYUNDA
Ey Nizami, şairlərin sultanı,
Sən ən böyük ustaların birisən,
Səkkiz əsr öncə gəldin dünyaya,
Hamı öldü, sən hələ də dirisən.
Qələm etdin lələyini ağ qazın,
Bu dünyanı heyran etdi hər yazın,
Karvanlara yol göstərir mayak tək
Mavzoleyin güneyində Qafqazın.
Sən dirisən bu gün doğma elində,
Şeirlərin Azərbaycan dilində.
Ey Nizami, mən şeirinin vurğunu,
Salamlaram səni, Səməd Vurğunu.
AZƏRBAYCAN QIZINA
Adın Sona, gözün qara, gözəl qız,
Səni gördüm, niyə oldum qərarsız,
Əgər könül albomunda yer olsa,
Mən qazaxın rəsmini də qoyarsız.
Təbriz-Bakı səmasında bir sona,
Gümüş Xəzər sahilində gül Sona,
Ürəyimdən ürəyinə nə axar,
Mən deməyim, ürəyinə sorsana.
QOLTUQAĞACLI İGİD
Mən ağaclı bir igidi gördüm də,
Qəsdən ona bu sualı verdim də:
–Söylə, dostum, hardadır bir ayağın?
Harda onu bada verib gəldin də?
İgid imiş, cavab verdi o saat:
–Görürsən ki, bir ayağım yerində,
Sizinkilər qalsın deyə salamat,
İkincini qoyub gəldim Berlində!
ALMA BAĞINDA
Qılınc, xəncər qurşandı,
Bir qoç igid at minib.
Çıxdı alma bağından
Cavan gəlin şad, gülüb.
İgid dedi yarına:
–Bağ qoruyub, qəm çəkdim,
Mənə alma bağında
Sən neçə cür gül əkdin?
Dedi ona gəlincik:
–Bağı tez-tez yoxladım,
Gülü sənə bağda yox,
Ürəyimdə saxladım.
Gün bu sözdən nur aldı,
Güldü alma, güldü bağ.
İki ürək bir oldu,
Mahnı dedi kefi çağ.
YAYLIQ
Müqəddəs bir andımdır,
Peymanımdır bu yaylıq.
Bürü ona qəlbini,
Uzun çəksə ayrılıq.
Bu ləkəsiz yaylığa
Göz yaşımı tökmüşəm,
Canım, onu məndən al,
Sənin üçün tikmişəm.
Eli qoru yağıdan,
Kaş ki sənə yarasın,
Lazım olar sarmağa
Biləyinin yarasın.
Bəlkə onda bu yaylıq
Qızıl qana boyanar,
Yara gəlsə bəd xəbər,
Tez yuxudan oyanar.
Vətən üçün, sən üçün
Dağı-daşı çaparam,
Keçib neçə təpə, dağ
Axır səni taparam.
Qanın hopan bu yaylıq
Sonda bizi bağlayar,
Bu yaylıqda bir sirr var,
Mahnı olub çağlayar.
Dostları ilə paylaş: |