Təkəllüm eyləyəndə diliyü dişiyü ləbi,
Biri əqiqü, biri inciyü, biri mərcan.
Könlünü zarü, məni xarü, təni dar edən
Biri cəfayü, biri qürbətü, biri hicran.
Tənü könül bilə göz, vəslü nazü hüsnü üçün,
Biri xərabü, biri valehü, biri heyran.
Tamam ömründə Babura üç söz deyibdir:
Biri söyüncü, biri qattığü, biri yalan.
Baburun qəzəlləri çox lirik və axıcıdır. Bu, sadəliklə birləşincə, çox kamil sənət nümunələri meydana gəlir. Məsələn, daxili qafiyəli bu qəzəl məzmun və formaca gerçək bir inci təsiri bağışlayır:
Xəttin ara üzarın – səbzə içində lalə,
Ol çeşmi-pürxumarın – lalədəki qəzalə.
Bütün pərilər, ey can, gərdində zarü heyran,
Guya ərər nümayan ay dövrəsində halə.
Mehrü vəfanı əğyar çox gördü səndən, ey yar,
Cövrü cəfanı bisyar qıldın mana həvalə.
Hicrində, ey pəriru, gözümdən uçdu uyğu,
Hər gecə dana doğru işimdir ahü nalə.
Üzümə baxsan, ey yar, görərsən yüz qüssə var,
Eşqində Babur yazar bu növ yüz risalə.
Hər şeyə hakim hökmdar-şairin həsrət, hicran və qüssədən nalə çəkməsi, şikayət etməsi onun incə qəlbinin, sevən ruhunun, insani duyğularının, ürək çırpıntılarının gerçək təzahürüdür:
Necə dövran qüssəsi olar mənim canıma xas,
Kaş ki, ölsəm dəxi, bu qüssədən olsam xilas.
Yaxud fələyin gərdişindən şikayət edən, könlü xəstə aşiqin vəziyyətini göstərən bu beytə nəzər salaq:
Çərxin mən görməyən cövrü cəfası qaldımı?
Xəstə könlüm çəkməyən dərdü bəlası qaldımı?
Baburun bəzi qəzəlləri öz şuxluğu, oynaqlığı ilə diqqəti cəlb edir. Məsələn, bu qəzəldə olduğu kimi:
Cövrdə nadir, zülmdə mahir,
İşvədə qadir, qəmzədə ustad.
Yar qəmindən, hicr ələmindən,
Səbr kəmindən naleyü fəryad.
Baburi-bidil, ey büti-qatil,
Cövrünə mail, zülmünə mötad.
Baburun qəzəlləri arasında qeyri-adi formada yazılmış bir çarpaz qəzəli var. Əslində, bu, iki qəzəlin beytlərinin iç-içə keçirilmiş şəklidir. On beytlik bu qəzəlin 1-3-5-7-9-cu beytləri bir müstəqil qəzəl, 2-4-6-8-10-cu beytləri isə başqa bir müstəqil qəzəldir. Şair misralardakı sözləri elə ustalıqla düzmüşdür ki, bir misranın tərsinə oxunması nəticəsində digər qəzəlin misrası ortaya çıxır. Bu qəzəl Baburun məzmunla yanaşı formaya verdiyi böyük əhəmiyyəti göstərir. (Həmin qəzəl bu kitabda 121-ci nömrə altında verilmişdir). Qəzəldən iki beytə baxaq:
Çü Babur sana quldur, nəzər qıl, ona zinhar,
Tapılmaz yenə bir qul, onun tək sana, ey can.
Ey can, sana onun tək bir qul yenə tapılmaz,
Zinhar ona nəzər qıl, quldur sana çü Babur.
Şairin məsnəviləri, rübailəri, tüyuğları, qitələri, mətlələri, natamam qəzəlləri arasında da çox gözəl nümunələr var. Oxucular özləri bunu görəcəklər. Biz burada yalnız bir neçə misal göstərməklə kifayətlənmək istəyirik. Babur beytlərinin birində yazır:
Olmadı hərgiz necə ol bivəfa yarım mənim,
Gər mana yar olsa ol, olar xuda yarım mənim.
Babur klassik türk nəzm şəkli olan tüyuğ janrında da qələmini sınamışdır. Onun tüyuğları sayca az olsa da, onların arasında çox gözəl örnəklər var. Ədəbi ənənəyə görə, tüyuğlar çox zaman cinas qafiyəli olur. Aşağıdakı tüyuğ da onlardan biridir:
Ta könül verdim oşol kaysarıya,
Varalım bilmədim kay sarıya,
Dostlar, yara məni saqındırın,
Salsanız nagah ayaq Kaysarıya.
Bu tüyuğda Babur üç cinas işlətmişdir. Birinci misradakı kaysarıya sözü gözəllərin qeysəri və ya qeysərlərə layiq qız mənasında, ikinci misradakı kay sarıya sözü hansı tərəfə mənasında işlənmişdir, son misradakı Kaysarıya sözü Kayseri şəhərini ifadə edir.
Şairin böyük sənətkarlıqla qələmə aldığı rübailər isə ictimai-fəlsəfi məzmunu ilə diqqəti cəlb edir. Onlardan bir nümunə:
Dostları ilə paylaş: |