YANMAZMI
(Füzulinin qəzəlinə təxmis)
Fəğan, kim ol ləbi-meygun içib qanımı qanmazmı?
Həzin canıma hər dəm zülmi-bidadın dayanmazmı?
Yanıb şövq oduna başdan-ayaq cismim tükənməzmi?
«Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?»
Olub ol büt niqabəfkən, çəkərəm mən dərdü şivən,
Fələk səqfin qılıb rövzən, qəzam ənduh, yerim külxən,
İşim nalə, dilim elkən, sözüm olarmı müstəhsən,
«Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa, bilmən, inanarmı, inanmazmı?»
Çıxıbdır ol məhi-taban, camalından cahan rəxşan,
Güvən, ey göz, könül, ey can, içində qalmasın ərman,
Əyləndirmə olub heyran, qalıbdır vədeyi-peyman,
«Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?»
Gözün pür fitneyi-cadu, gəzəli-müşki-ənbərbu,
Atarsan ox-kəman əbru, qılaram canımı kabu,
Durur könlüm ona ötru, varır əşkim olub cu-cu,
«Güli-rüxsarına qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?»
Fərağında məni-bidil, işim müşkil üzə müşkil,
Tutubsan qeyr ilə məxfil, yatıb mən xəstə ayü il,
Səri-köyün qılıb mənzil, muradım olmadı hasil,
«Deyildim mən sənə mail, sən etdim əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?»
Çıxıbdır namüsəlmanım, qılıbdır qəsdi-imanım,
Fələkdə ahü suzanım, gözümdə əşki-qəltanım,
İçimdə dərdi-pünhanım, təbiba, yoxmu dərmanım,
«Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?»
Cahanda dolu qovğadır, fəğani-Əndəlibadır,
Bu necə füruşəfzadır, dilim vəsfində guyadır,
Ana köyündə məvadır, əlində cami-səhbadır,
«Füzuli rindi-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sövdadır, bu sövdadan usanmazmı?»
Dostları ilə paylaş: |