* * *
Məxdumqulunun yaradıcılığı Azərbaycanda həmişə sevilmiş və təqdir edilmişdir. Müxtəlif dövrlərdə mətbuatda onun şeirlərindən bəzi nümunələr çap olunmuş, haqqında yazılar qələmə alınmış, sovet dövründə SSRİ xalqları ədəbiyyatı (hazırda türk xalqları ədəbiyyatı) çərçivəsində tədris edilmiş və öyrənilmişdir. Gənc alimlərimizdən biri onun yaradıcılığı barədə dissertasiya da yazmışdır.
Vaxtilə mərhum Fəxrəddin Əliyevin tərtib və tərcümə etdiyi «Türkmən inciləri» kitabında Məxdumqulunun bir neçə şeiri verilmişdir. 1984-cü ildə isə şairin anadan olmasının 250 illiyi münasibətilə «Qəm selı» adlı şeirlər kitabı buraxılmışdır. İsmayıl Vəliyevin tərtib və tərcümə etdiyi bu kiçikhəcmli kitabda 102 şeir öz əksini tapmışdır. Professor Pənah Xəlilov kitaba 7 səhifəlik önsöz yazmış, onun 3 səhifəsini şairin Azərbaycanda olub-olmamasına (olmamasına) həsr etmişdir. Təbii ki, sovet dövründə nəşr olunduğuna görə, bu kitabda Məxdumqulunun dini məzmunlu şeirlərindən heç bir nümunə verilməmişdir. Yeri gəlmişkən demək lazımdır ki, sovet dövründə Türkmənistanın özündə də şairin dini-ruhani şeirlərini çap etmək mümkün olmamış, onların üstündən sükutla keçilmişdir. Ona görə də müstəqillik dövründə Məxdumqulunun kitablarından birini «Bağışla bizi» adıyla çap edən naşirlər (bu, şairin ən məşhur dini şeirlərindən birinin adıdır) həmin çatışmazlığı da aradan qaldırmış, böyük sənətkardan bir növ üzr istəmişlər.
Türkmən şairlərindən biri Məxdumqulu haqqında obrazlı şəkildə belə demişdir: «Xalqın sönməz çırağı Ulu ustad Fəraqi». Bu olduqca isabətli bənzətmədir. Məxdumqulu türkmənlər üçün o qədər böyük əhəmiyyət kəsb edir ki, onlar bir şeyi daha dolğun şəkildə ifadə və izah etmək üçün Fəraqidən bir şeir parçasını misal gətirirlər. Bu mənada Türkmənistan Dövlət Universitetinə, Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstituna, bir sıra müəssisə və mərkəzə dahi şairin adını verilməsi heç də əbəs deyil. Türkmənistan Respublikasının beynəlxalq miqyasda verilən ən yüksək dövlət mükafatlarından biri isə «Xalqara Məxdumqulu Bayrağı» adlanır.
Dostları ilə paylaş: |