VƏQTİDİR
Ey könül, pəndim sənə: mərdanə olsan, vəqtidir,
Yanaraq həqq şəminə pərvanə olsan, vəqtidir.
Qeyri-həqqi tərk edib, biganə olsan, vəqtidir,
Cindeyi-fəqrin geyib, divanə olsan, vəqtidir,
Can çəkib cabbarına, cananə olsan, vəqtidir.
Bəndəsən, dur uyğudan, vəqtin ki ötməzdən öncə,
Köksün üzrə pis əcəlin xarı bitməzdən öncə,
Tut, giribanın yaxaya dəsti yetməzdən öncə,
Əjdəri ağzın açıb, cismini udmazdan öncə,
Bu qara torpaq ilə həmxanə olsan, vəqtidir.
Yaşın altmışa yetibdir, novca çağlardan keçib,
Şər işə baş qoyarsan, kari-rəhmətdən qaçıb,
Qəhri-həqdən qorxuban, hər gündə göz yaşın saçıb,
Hər səhərlər «hu» deyib, vəhdət şərabından içib,
Məşrəbü Mənsur kimi məstanə olsan, vəqtidir.
Bu cahan rənasının faydası yoxdur canına,
Pis əcəl yayın çəkib, tirini atar şanına,
Həq deyib tapsan qəza allah zamindir qanına,
Gecə-gün xidmət qılıb, zinət verib imanına,
Dövləti-iman ilə dövranə olsan, vəqtidir.
Ey Nəfəs, ötdü bu ömrün nəbz üçün möhnət çəkib,
Yaxşıdan üz döndərib, gəzdin yaman sarı baxıb,
Arsız dünya cilvə eylər gündə göz-qaşın dartıb,
Hüsni-ciyərsuzlar ilə sən həm ciyər-bağrın yaxıb,
Həq qaşında gövhəri-yeganə olsan, vəqtidir.
MOLLA NƏFƏS
Qəflət uyğusunda qaldın,
Oyan indi, Molla Nəfəs!
Gəh saralıb, gəhi soldun,
Oyan indi, Molla Nəfəs!
Hicran bağrını dağlayar,
Həsrət sinəndə çağlayar,
Sevən yarın çox ağlayar,
Oyan indi, Molla Nəfəs!
Bu dünyaya dürlər doldu,
Aylar ötdü, günlər qaldı,
Dur ayağa, vaxt oldu,
Oyan indi, Molla Nəfəs!
Yad eylə gəl sevən yarı,
Ağ köksündə alma, narı,
Dolanmışdır zülfi-tarı,
Oyan indi, Molla Nəfəs!
Nəfəs, gəlgil sən huşuna,
Çox oyun gələr başına,
Yetmək üçün sirdaşına,
Oyan indi, Molla Nəfəs!
Dostları ilə paylaş: |