Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə53/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   ...   49   50   51   52   53   54   55   56   ...   60
Acı həqiqət


(«Bakırqan»dan)
Tatar bayı – bilgiçi,

Türmələrə girgiçi;
Ömür boyu nə etmiş –

Orda məlum olğuçu.


Bay çağında gülgüçü,

Eybin-suçun görgüçü;


Tapılmaz bu miskini

Doğru yola sürgüçü.


Bayın var naxşı derlər,

Hər feli yaxşı derlər;
Onun dörd bir yanına

Münafiqlər dolğuçu.


Malı-mülkü bitdisə,

Var-dövləti getdisə,


Malın qədrin bilməz der,

Dostları da gülgüçü.




Doğma dil
Ey doğma dil, gözəl dil, atam-anamın dili!

Çox şeyləri öyrəndim mən səninlə ilgili.


Beşikdə layla çaldı anam bu dildə mənə,

Hər gecə nağıl dedi mənə bu dildə nənəm.


Ey doğma dil! Hər zaman sənin köməyin ilə,

Sevincimi, qəmimi daim gətirdim dilə.


Ey doğma dil! Səninlə dilə gəldi ilk duam:

Qoru, dedim, sən məni, ata-anamı, xudam!



Yer yuxusu
Çölə ağ qardan

Qış yorğan salmış.

Yaza qədər yer

Yuxuya dalmış.

Yatar, oyanmaz,

Qış tam ötüncə, –

Quşlar cənubdan

Geri köçüncə.

Yazın ayları,

Aprel, mayları,

Çox gözəl olur

Daşan çayları.

Orman uğuldar,

Oxuyar quşlar,

Göylər kükrəyər,

Yağar yağışlar.


Gün boyu oxşar

Günəş nuru, meh;

Hər gecə düşər

Qalın qırov, şeh.


Düşər yadına

Həm o da, bu da,

Neçə ki yatar

Görər yuxuda.


Sakit yatar yer,

Görər şirin düş.

Oyanma hələ,

Gözlə, ötsün qış!


Qəzetə mürəttiblərinə
Millətin əfkarını tərtib edənlər sizsiniz;

Çarəsiz dərdə dəva tərkib edənlər sizsiniz.


Sizsiniz, ya, yazıya, yazıçıya qeyrət verən;

Yazmaya təşviq edən, tərğib edənlər sizsiniz.


Sizsiniz var ömrünüzü millətə təxsis edən;

Rahi-qəflətdən bizi təxlis edənlər sizsiniz.


Kəndi hüsnündən xəbərsiz bir gözəl çocuq kimi,

Qədrinizi kəndiniz tənqis edənlər sizsiniz.


Çün səhafətlər mürəttibliyə heç lazım deyil,–

Bunları, bilməm nədən, təsvib edənlər sizsiniz.


Pək müxalisdir mübəzzirlik mürəttib şəninə;

Namünasib işləri tənsib edənlər sizsiniz.


Getsəniz də bilxəta bəzən lüzumsuz işlərə,

Sonra xülqi-binnədəm təhzib edənlər sizsiniz.


Sizsiniz millət yolunda daimən qaim olan,

Nəfsinizi bilqiyam təzib edənlər sizsiniz.


Sizə təslim eyləmiş millət bütün övraqını;

Onları inci kimi mənsur edənlər sizsiniz.


Çəkməyin qəm: bizcə, siz məmduhsunuz, məqbulsunuz;

İştə şeiri yazmaya məcbur edənlər sizsiniz.


Bu şeirim, şübhəsiz, gəlmişdir afaqi-xəyalımdan;

Sizi tərdirə məcburəm, deyil kəndi xəyalımdan.


Bu söz axır sözümdür: sağ olun, dostlar, mürəttiblər;

Sizə dair bir az yazdım – gələncə iqtidarımdan.


Hürriyyət haqqında
Hara getdi senzurluq,

Qulluq, darlıq, kəmxorluq?

Geri baxsaq, biryolluq

Onlar uzaq qaldı ya.


Bir oldular zakonda

Tatar, urus, yapon da;

Ağ önlüklü zəbun da

Tam azadlıq aldı ya.


Bütün senzur yabıldı1,

Dərdə dərman tapıldı,

Qızıl qara boyanan

Karxanalar böldü ya.


Çox gənc igidlər öldü,

Meyidlə dünya doldu,

Adları baqi oldu

Ta qiyamət dedi ya.


Şagird, student – barı2,

Dara asılanları,–

Siz də bu arslanları

Unutmayın dedi ya.


Qısqanmadı malların,

Qurban qıldı canların,

Can verəndə şadlanıb,

Gülə-gülə öldü ya.


İndi getdi irəli

Zəncirlənən dilləri,

Millətin bülbülləri

Cəh-cəh vurub durdu ya.

 

*

Getdi həsrət, ələmlər,

Azad oldu qələmlər;

Olsun çox-çox salamlar

Ruhlarına dedi ya.
Məmnun olsun ruhları,

Əziz olsun duxları;

Bunların ax-uxları

Hürriyyəti verdi ya.

 

Balkan nəğmələri


I

Hər kəs hökm edər: –


Türkiyə bitər!
Balkanlar işi
Hələ çox gedər.

Tək bu Ədirnə


Alınmır yenə.
Yaniya, Şkudra
Yekə həngamə.

Çatalca yaman,


Ağzı dolu qan,
Toplar desinmi,
Dastan dünyadan.

Ay-hay, Çatalca,


Sən yağlı qalça;
Udulmayınca
İstanbul harda?

II

Sözlə atışdıq,


Əllə vuruşduq;
Biz quşlar kimi,
Londona uçduq.

Burada türklər –


Çirkin yörüklər –
Ağızlarından
Odlar tökülər!

«Siz kimsiz?» derlər,


«Biz türküz» derlər;
Belə deyib heç
Ümid üzmürlər.

Derlər: «Osmanlı


Üç istehkamı
Əldə tutanda,
Dayanmaz qanı.

Artıq yıxıldız,


Möhkəm dağıldız.
Niyə tarixdən
İbrət almırsız?

Ruslar da artıq


Yaxına gəldi;
Ona nemsələr
Çoxmu yer verdi»?

«Qorxma nemsələr –


Biznən kimsələr,
Vilhelm layiq,
Xəlif desələr.

Bizə gəl də bir,


Etsəniz səbr,
Çatalcada da
Sizə var qəbr!»

MƏCİD QAFURİ


(1880-1934)

Başqırdca sesen sözü türkcənin ozan, almancanın zinger kəlməsinin qarşılığıdır, mənası xalq ozanı deməkdir. Xalqın bağ­rından qopan başqırd sesenləri yüzillər boyu kənd-kənd, şəhər-şə­hər dolaşaraq qəhrəmanlıq dastanları (kobayır) söy­lə­miş, eşq və həsrət nəğmələri ifa etmiş, millətin dərdini və is­təklərini dilə gətir­miş, sevincini və kədərini paylaşmış, bir sözlə, xalq ruhuna tərcü­man olmuşlar. Başqırd ədəbiyyatında ilk ünlü sesen Yulay oğlu Salavatdır (1752-1800). Salavat bir qəhrəman və sesen olaraq sazı, sözü və qılıncıyla çarlıq reji­minə qarşı milli-azadlıq mübarizəsi aparmışdır. Onun könüllərə səpdiyi toxumlar cücərmiş, başqırdlar içindən Şəmsəddin Zəki, Mitha­fəddin Ağmolla (1831-1895), Mə­həmməd Səlim Ümitbayev (1841-1907) kimi istedadlı şairlər ye­tişmişdir. Bu il türk dün­yasında və Rusiyada anadan olmasının 130-cu ildönümü təntənə ilə qeyd edilən M.Qafuri onların arasında özəl bir yerə sahibdir.


Məcid Qafuri (Əbdülməcid Qafurov) 1 avqust 1880-ci ildə Başqırdıstanın Ufa vilayətinin Sterlitamak qəzasının Yelem-Ka­ran kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Kiçik bir təsərrüfat sahibi olan atası Nurqəni eyni zamanda arıçılıqla uğra­şır, yayda pətəklərini alaraq dağ döşlərinə üz tutur, qışda kənd mək­təbində müəllimlik edir, ailəsini çətinliklə saxlayırdı. Evdə, bayırda və məktəbdə atasına kömək edən Məcid hələ uşaqlıqdan həyatın çətinliklərini, yoxluq və yoxsulluğun nə demək olduğunu şəxsən görmüş və anlamışdı. Atası ona və dörd uşağına yaxşı bir gələcək təmin etmək üçün onları oxutmaq istəyirdi. Kiçik Məcid evdə atasından aldığı dərslər sayəsində oxuyub yazmağı öyrəndi. Sonra kənd məktəbinə gedən Məcid proqramı tez bitirdi və çox zaman məktəbdə atasını əvəz etməyə başladı.

Məcid kəndin yaşlılarından və atasından dinlədiyi dastan və nağılları, atalar sözlərini, xalq şeirlərini yaddaşına həkk edir, mah­nıların sözlərini əzbərliyordu. Oğlunun oxumaya böyük hə­vəsini görən Nurqəni 1893-cü ildə onu qonşu Üteş kəndindəki məktəbə göndərdi. Ancaq tale 13 yaşlı yeniyetməni sınağa çək­di; çox keç­mə­dən əvvəlcə atasını, sonra isə anasını itirən Məcid ağır şərtlər altında təhsilini davam etdirdi və məktəbi bitirdi.

1898-ci ildə Məcid Qafuri o dövrün ən yaxşı mədrəsə­lə­rin­dən birində oxumaq üçün piyada olaraq evdən çıxdı və tam 450 kilometr yol qət edərək Orenburq vilayətinin Troitsk şəhərinə gəl­di. Burada Zeynulla İşanın mədrəsəsinə daxil olan Məcid üçün dərslər nə qədər asan idisə, həyat o qədər çətin idi. O, Troitskdəki varlı tatarların və başqırdların, yay tətilləri zamanı köçəri qazax­la­rın uşaqlarına dərslər verərək, qızıl mədənlərində çalışaraq güzə­ranını təmin edirdi.

Troitskdə türk, ərəb, fars və rus dillərini dərindən öyrənən gənc Məcid Şərq ədəbiyyatı, tarix, coğrafiya sahəsindəki biliklə­rini artırdı. «İşanın şagirdlərinə» adlı ilk şeirini də 1902-ci ildə burada yazdı. Mədrəsə təhsilindəki sxolastik quru təlimi, qüsurları satirik bir dillə tənqid edən bu şeir böyük gurultu qopardı, xocası ilə münasibətlərinin pozulmasına səbəb oldu, nəticədə Məcid məd­­­rəsə hücrəsindən qovularaq şəhərdə ev kirələmək məcburiy­yə­tində qaldı. Bu, onun onsuz da ağır olan maddi durumunu daha da pisləşdirdi. Eyni ildə gənc ədib «Dilənçilikdə keçən ömür» adlı ilk hekayəsini qələmə almaqla ədəbiyyata həm şair, həm də nasir kimi ayaq basmış oldu.

1904-cü ildə Kazana gələn Məcid buradakı yeni tipli «Mə­həmmədiyyə» mədrəsəsində, 1906-1909-cu illər arasında isə Ufa­daki dünyəvi «Qaliyyə» mədrəsəsində oxudu. Beləliklə, 29 illik həyatının təqribən 20 ilini müxtəlif məktəblərdə oxuyaraq keçirdi və çox yaxşı təhsil aldı.

Kazanda yaşadığı illər onun həyatında silinməz izlər buraxdı. Məcid burada böyük tatar alimi və maarifçisi Qəyyum Nəsirovla (1825-1902) və ünlü başqırd yazarı Məhəmməd Səlim Ümidba­yevlə, daha sonralar Abdulla Tukayla (1886-1913) tanış oldu, on­lardan sosial və siyasi elmlər sahəsində çox şey öyrəndi, Krım, Qafqaz və Orta Asya türk xalqlarının durumu, habelə Osmanlı im­peraiyasının vəziyyəti və siyasəti haqqında dərin məlumatlar aldı.

Qafurinin ədəbi faaliyətə başladığı illər Rusya impe­riya­sında böyük siyasi xaos, iqtisadi və milli qarğaşa dövrü idi. Çar rejimi şiddətli fırtınadakı gəmi kimi yırğalanırdı. Bolşeviklər və Le­nin çarı yıxmaq üçün fəhlələr, kəndlilər və əsgərlər arasında təş­viqat və təbliğat aparırdılar. Özəlliklə Rusyanın türk xalq­larını öz tərəflərinə çəkmək üçün bol siyasi vədlər verir, çarı yıxıb iq­ti­dar olunca hər xalqa öz dilini və milli mədəniyyətini inkişaf etdir­mək imkanı verəcəklərini söyləyirdilər. Halbuki çar rejimi milli azlıqlara, özəlliklə də türk xalqlarına ana dilində mətbuat, məktəb kimi ilkin mədəni haqları belə vermək istə­mirdi. Türklər müs­təmləkə üsul-idarəsinin və rus şovinizminin doğurduğu milli zülm, həm də öz xalqından olan kapitalistlərin və iri torpaq sahiblərinin, sələmçilərin və tacirlərin, rejim tərəfdarı olan din mənsublarının ağır təzyiqi altında əzilirdilər. Zənginlə kasıb arasında dibsiz uçu­rum yaranmışdı. Ona görə də bir çox yerli xalqçı türk ziyalısı ça­riz­min devrilməsi ilə milli və iqtisadi problemlərin ortadan qalxa­cağına inanır, bolşevikləri dəstəkləyirdi. Bu durumda inqilab qor­xusu qarşısında qalan çar II Nikolay 17 oktyabr 1905-ci ildə ma­nifest imzalayaraq bəzi güzəştlərə getdi. O tarixdən başlayaraq qeyri-slavyan xalqlar, o cümlədən türklər də öz dillərində qəzət və jurnallar, kitablar nəşr etməyə, siyasi və xeyriyyə təşkilatları qur­mağa başladılar.

Məcid Qafuri bu zaman artıq bir xeyli məşhurlaşmışdı. Onun gerçəkçi şeir və hekayələri oxucular arasında böyük rəğ­bət qazanmışdı. Özəlliklə «Sibir dəmir yolu və ya əhvali-millət» (Oren­burq, 1904) və «Dilənçilikdə keçən ömür» (Kazan, 1904) adlı ilk kitablarında yazar müdrik bir əda ilə sadə xalq dilində baş­qırdları maariflənməyə, oxumağa, mədəniyyətə, öz milli haqlarını anlamağa, müdafiə etməyə və almağa çağırırdı. 1905-07-ci illəri əhatə edən I rus inqilabı dövründə Məcid Qafurinin yaradıcılı­ğında xalqçılıqdan, maarifçilikdən inqilabçı-demokrat­lığa doğru kəskin bir dönüş başlandı. Şairin sakit, öyüdçü-didaktik uslubu qı­sa zaman ərzində atəşin inqilab şüarları ilə dolu bir şeir dilinə çev­rildi. Onun «Zamanı gəldi», «İki quş», «Azadlıq dövrü’, «Dəyiş­mə», «1906-cı ilin 1907-ci ilə vəsiy­yəti», «1907-ci ilin cavabı» kimi şeirləri, «Aclıq ili və ya satılan qız» hekayəsi doğrudan doğ­ruya inqilabi çağırışlarla dolu idi. Çarizmi yıxmaq üçün milləti üsyana səsləyən əsərləri yalnız oxucuların deyil, dövlət qədəmə­lərinin də diqqətini çəkdi. Ka­zan prokuroru şəhər polisinə gön­dərdiyi gizli məktubda yazırdı: «Asi şairin şeirlərində yüksək rüt­bəli məmurlar və hökumət tiran, müstəbid, başqalarına zərər verən, qaniçən canavar, düş­mən adlandırıldığı halda, inqilabçılar qəhrə­man, ağıllı insanlar kimi öyülməkdə, onların böyük ağacı, yəni mövcud dövlət quruluşunu yıxmağa yönələn fəaliyyətləri təqdir edilmək­dədir...»

Məcid Qafuri bir misyon şairiydi. İnandığı davanı son nəfə­sinə­dək yürütdü, prinsiplərindən vaz keçmədi, evrim-devrim (tə­kamül-inqilab) dilemması qarşısında əsla tərəddüdə düşmədi, da­im devrimdən yana oldu. Məzlumla zalımın, acla toxun qovğasın­da birincilərin cərgəsində yer aldı, həmişə binəsibləri sevdi, onl­arın xoşbəxtliyi üçün savaşdı, onlar üçün yazdı, onlar üçün göz yaşları tökdü. «Halımız» şeirində öz məzlumpərəst kredosunu açıq şəkildə bəyan etdi:
Ortaq dil yox artıq, hər yerdə qovğa,

Dərin kin bəsləyir bülbülə qarğa.

Vəhşilik rəvacda, yetimdir şəfqət,

Varlımı çıxacaq yoxsula arxa?
Aclıq bilməyən az, aclıq çəkən çox,

Zalımın əlində zülm adlı ox.

Bu dünyada məzlumların halına

Əbdülməcid ağlar, başqa kimsə yox.
Rusiyada sinif qovğasının ilk mərhələsində şairin və dev­rim­­çilərin xəyalları puça çıxdı. Devrim dalğası yavaş-yavaş yatdı, sonra ölkədə şiddətli irtica başlandı. İnqilabçı ovu Qafuridən də yan keçmədi. Şair məhkəməyə cəlb edildi, polis onun «Gənc öm­rüm», «Millətə eşqim» adlı şeir kitablarını və «Yetim uşaqlar» adlı hekayə kitabını satışdan yığaraq müsadirə etdi, özü isə ciddi nə­zarətə aldı. 1906-cı ildə Məcid Qafuri tatar şairi Mirayaz Uk­masi ilə birlikdə polisdən qaçaraq qazax step­lərinə getdi. Bir müd­dət orada gizləndikdən sonra Ufaya qayıtdı və həyatının sonuna qədər orada yaşadı. Polis təqibi Ufa­da da fasiləsiz olaraq davam etdi və 1917-ci il oktyabr inqi­labına qədər sürdü. 1912-ci ildə Qafuri «Şərq» mətbəəsində kor­rektör vəzifəsinə işə düzəldi və 1919-cu ilə­dək burada çalışdı.

Devrimin məğlubiyyəti Qafurini qorxutmadı, o, müba­rizəni bezmədən, usanmadan davam etdirdi. Şair bu dövrdə öz şeirlərini «qəlbinin qanıyla» yazaraq xalqın «qəvi düşməni olan çarlıq reji­mi» ilə savaşını dayandırmadı. Əksinə, onun mətin inqilabçı ruhu daha da möhkəmləndi:


Mən yazıram şeirləri

Ürək-bağrım qanı ilə!

Savaşıram çoxdan bəri

Xalqımın düşmanı ilə!
Qafuri millətin dərdinə laqeyd qalan bəzi liberal, uzlaşmaz ziyalıları, sözdə vətənçi, əməldə mənfəətçi adamları ən sərt dillə tənqid atəşinə tutdu. Bu sətirlətə diqqət edək:

Sevgin varsa bu millətə, vətənə,

Sev onları, demə «axı mənə nə?»
Şairin fikrincə, millətin qurtuluşu üçün sadəcə danışmaq, mübahisə eləmək vaxt itktsindən başqa bir şey deyildir, istiqbal uğrunda mübarizə aparmaq hər bir vətəndaşın müqəddəs vəzifəsi və borcudur. Məcid Qafurinin bir vətəndaş və şair olaraq yeganə dərdi xalqdı, millətdi, onun xoşbəxt sabahı və gələcəyi idi. Ma­raqlıdır ki, Qafurinin sənətində siyasi istiqlal fikrinə, məsələn, Azərbaycan və Orta Asiya şairlərində olduğu kimi açıq, sətraltı və ya dolaylı şəkildə də olsa rast gəlmirik. Ehtimal ki, bu, Başqır­dıstanın coğrafi baxımdan Rusiyanın mərkəzində yerləşməsindən qaynaqlanır. Bəlkə də bu sualın cavabı aşağıdakı misralarda yatır:
Millətinə xidmət edən adama

Yaraşarmı uşaq kimi oynaşmaq?

Oyun var ki, dəyməz xərclənən şama,

Mənasızdır boş işlərlə uğraşmaq.
Bu nöqtədə Məcid Qafuri ilə Başqırdıstanın müstəqil bir dövlət olması üçün var qüvvəsi ilə çalışan Əhməd Zəki Vəlidi To­ğanın yolları ayrıldı. Hətta irəlidə onların arasında siyasi duel də yaşandı, Toğan əleyhinə Qafurinin çox sərt şeirlər yaz­masıyla sonuclandı. Bu gündən baxarkən bu iki böyük başqırd arasındakı anlaşmazlığa, qovğaya üzülməmək əldə deyil...

1914-cü ildə I dünya müharibəsi başlayanda Məcid Qafuri onun imperialist mahiyyətini dərhal anladı, savaşın insanlara azadlıq deyil, qan, ölüm və aclıq gətirdiyini göstərən şeirlər qə­lə­­mə aldı, müharibəni pislədi. 1917-ci ilin oktyabr inqilabını isə böyük sevinclə alqışladı. Şairin sosialist devriminə, Leninə, Sta­li­nə həsr olunmuş şeirləri də vardır. Bunlara misal olaraq «Qəl­bi­mə», «Azadlıq günləri», «İnqilab», «Azadlıq şərəfinə», «At bu şüb­hələri, bu qorxuları» kimi şeirləri misal göstərmək olar.

Oktyabr inqilabından sonra Rusiyada çar tərəfdarları ilə bol­şeviklər arasında başlayan vətəndaş müharibəsində də Qafuri tərəd­düdsüz olaraq inqilabçıları dəstəklədi. «Yolumuz», «Ver əli­ni», «And», «Dalğalansın qızıl bayraq», «Haqq-hesab günü», «İgid tatara» şeirlərini yazaraq sovetlər və inqilabçılar lehinə siyasi təş­viqat apardı. 1924-cü ildə Leninin ölümünə «Matəmin əks-sədası» şeirini yazan Qafuri daha sonra «O ölmədi» şeirində proletariatın liderinin poetik portretini çəkdi. Bu şeirlərin ideoloji yönünə bax­madann hamısının sənət nöqteyi-nəzərindən çox mükəmməl əsər­lər olduğunu, başqırd dilinin poetik inkişafına böyük töhfə verdi­yini etiraf etmək lazımdır.

Məcid Qafurinin ən yaxşı əsərlərindən biri 1920-ci ildə yaz­dığı «İşçi» («Eşsə») poemasıdır. Burada başqırd və tatar kənd­li­lə­rinin yerli topraq sahibləri tərəfindən amansız istismar edilməsi, nəticədə onların dilənçi halına düşməsi və proletar­laşması realist bir şəkildə işlənmişdir.

1923-cü ildə Başqırdıstan ictimaiyyəti bütün sovet xalqları ilə birlikdə Məcid Qafurinin ədəbiyyata gəlişinin 20-ci ildö­nümünü o günə qədər görünməmiş bir təntənə ilə bayram etdi. Qa­furiyə Başqırdıstanın xalq şairi adı verildi. Ona iriməbləğli xüsusi maaş bağlandı, böyük və rahat bir mənzil ayrıldı, xəstəliyi nəzərə alınaraq bir inək bağışlandı.

1924-29-cu illərdə tatarca çıxan «Yeni köy» qəzətində ça­lışan Məcid Qafuri yeni-yeni şeirlər yazmaqla yanaşı nəsr və dra­maturgiya, uşaq ədəbiyyatı sahələrində də ən yaxşı əsərlərini qə­ləmə aldı, özəlliklə hekayə və povest janrında bir-birindən maraqlı əsərlər yazdı. «Qara üzlər», «Həyat pillələri», «Şairin qızıl mə­dən­lərində» adlı povestlər yazıçının öz gözləri ilə gördüyü, şəxsən ya­şadığı olayların möhürünü daşıyır.

«Qara üzlər» Qafurinin uşaq yaşlarında şahid olduğu fa­ciəvi bir eşqin dastanıdır. Bir­birlərini sevən Həlimə və Zakirin qarşısına çıxan maneələr, yəni islam fanatizmi, eşqə feodal ba­xışı onları «əski dünyanın qurbanları» etmiş, axırda ölümlərinə səbəb olmuş­dur. Bu əsər daha sonra dram halında işlənərək səhnələşdirilmiş, uzun müddət tatar və başqırd teatrlarında uğurla oynanmışdır.

Məcid Qafurinin «Həyat pillələri» adlı povesti sadə bir kənd­li gəncin həyatından bəhs edir. Əsərdə Vahid adlı bir gəncin məktəb və əsgərlik həyatı, axırda inqilabçı olması, sinfi mübari­zə­si sovet ədəbiyyatının sosyalizm realizmi sənət me­todu baxı­mın­dan təsvir edilmişdir.

«Şairin qızıl mədənlərində» adlı povestdə isə Qafuri öz hə­yatını yazmışdır. Ünlü proletar ədibi Maksim Qorkinin «Mənim uni­versitetlərim» adlı avtobioqrafik əsəri ilə səsləşən bu povest Məcid Qafurinin gənclik illərində Uralda Ramiyev qardaşlarına məxsus qızıl mədənlərində çalışarkən yaşadığı əzab və məşəqqət dolu olayları əhatə edir. Məcid Qafuri çox-çox sonralar Zakir Dərdmənd adlı simvolist-dekadent şairin həmin sahibkar rami­yevlərdən biri olduğunu öyrənmiş, bir şairin başqa bir şairi necə amansızcasına istismar etdiyini göstərmiş, kapitalizmin iç üzünü açmışdır. Bu əsər bir baxıma ədibin yarımçıq qalmış «Xatiratım» adlı əsərinin tərkib his­səsidir. Həyatının bu məhsuldar çağında Məcid Qafuri «Belaya çayının sahilində», «Vəhşi qaz», «Təəs­sürat», «Qoca ovçu», «Ural dağlarında» adlı gözəl hekayələrini də qələmə almışdır. Başqırd ədəbiyyatında təmsil janrında ilk əsər­lərin müəllifi də yenə Qafuridir.

Məcid Qafuri 1926-cı ildə «Qızıl ulduz» dramını, 1927-28-ci illərdə «İşçi» poemasının motivləri əsasında eyniadlı operanın librettosunu yazmışdır. Bu opera Kazanda Tatar Akademik Dram Teatrı tərəfindən tamaşaya qoyulmuş və böyük rəğbət qazanmışdır. Qafuri eynı zamanda bir çox başqırd xalq qəhrəmanlıq dastan­larını, mifoloji mətnləri, nağılları toplamış, onları ədəbi yöndən cilalamışdır. Çoxşaxəli coşqun ədəbi və sosial fəaliyyəti, ədəbiy­yatın və sənətin müxtəlif sahələrındə və janrlarında əsərlər yaz­ması, Başqırdıstanda ilkləri gerçəkləş­dirməsi baxımından onu so­vet türk ədəbiyyatları tarixində yalnız ünlü özbək ədibi Həmzə Həkimzadə Niyazi ilə müqayisə etmək mümkündür.

Məcid Qafuri 28 oktyabr 1934-ci ildə 54 yaşında Ufada əbədiyyətə qovuşmuş və şəhərin mərkəzindəki A.Motrosov adına parkda dəfn edilmişdir. 1948-ci ildə ədibin həyatının son 11 ilində yaşadığı mənzili Qafuri ev-muzeyinə çevrilmiş, 5 metr yüksək­li­yində əzəmətli heykəli ucaldılmışdır. Başqırdıstandakı bir çox elm və mədəniyyət mərkəzinə, o cümlədən Rusiya Elmlər Akade­mi­yası Ufa filialının Dil, Ədəbiyyat və Tarix İnstitutuna, doğulub bö­yüdüyü rayona, bəzi məktəblərə, müxtəlif şəhərlərdəki prospekt və küçələrə Məcid Qafurinin adı verilmişdir. Ədibin yaradıcılığı ciddi şəkildə tədqiq edilmiş, haqqında saysız elmi-ədəbi məqalə, bir neçə dissertasiya yazılmışdır.

Hər yönüylə Məcid Qafuri, onun həyatı, sənəti və müba­ri­zəsi budur. Ona bugün ideoloji yöndən baxmağın, bəzi məqamları təftiş etməyin heç bir mənası yoxdur. Yeganə gerçək Məcid Qa­furinin XX yüzilin ən ünlü başqırdlarından biri, başqırd və ortaq türk ədəbiyyatının tanınmış nümayəndəsi və böyük sesen olma­sıdır.



MƏHƏBBƏT
Bugün eşqim oldu mənə bir möhnət,

Bu könlümdən əsla çıkmaz, nə hikmət?


El gözündə yoxsa da bir dəyəri,

Mənim üçün bulunmaz bir səadət.


Xarab etti cismimi bu fikirlər,

Düşününcə qəlbə dolar məlamət.


Ər qədrini ərlər bilə bilərmi,

Edər bunu yalnız əshabi-himmət.


Necə qəmli fikrə oldum mübtəla,

Nə cəhənnəm qaldı düşdə, nə cənnət.


Məhəbbətsiz varmı zövqü həyatın,

Bu dünyanı tutub duran – məhəbbət.


1907.

BİR XATİRƏ
Bu eşqim başqa bir gəncə verilsə,

Mənim tək sevməyi bacarmaz kimsə.

Kaş saqilik edə huri gözəllər,

Eşqin şərabından doyunca içsəm.


Mən səni sevdiyim o gündən bəri,

Eyş-işrət etməkdən ümidi kəsdim,

Görərmi gözlərim başqa dilbəri,

Dünyaya, taleyə, bəxtimə küstüm.


Mən səni sevirəm, bu bir etiraf,

Sən kindən uzaqsan, çiçək qədər saf.

Könlümə qazılmış bir surətin var,

Nə olar, gəl qızma, insaf et, insaf.


Könlümdə yalnız bu surətin qaldı,

Dünyada həyatım necə qaraldı,

Eşqimə dəlilmi istərsən, buyur:

Vücudum zəifdir, üzüm saraldı.


Ey gözəl, o qara sevdan başımda,

Gündüz xəyalımda, gecə düşümdə,

Bu eşqin odundan gəl məni qurtar,

Məhv etmə sən məni bu gənc yaşımda.


Bircə yol şad eylə, ey boyu bəstə,

Gülüşün dərmandır, ürəyim xəstə.

Bir qəmli bülbüləm eşqin yolunda,

Həsrətlə ötərəm qızılgül üstə.

1907.

TALE
Başlanıb fırtına, çalxanır dəniz,

Adı həyat olan gəmidəyik biz.


Bilinmir, biz ömrün harasındayıq,

Ölümlə olumun arasındayıq.


Öndə bir qaya var, qorxunc görkəmi,

Sovuşsa sahilə çıxar bu gəmi.


Ya suya batacaq, ya da qalacaq,

Qismətdə nə varsa, o da olacaq.


Qarışıq duyğular bürüyür bizi,

Ümiddən qorxuya sürüyür bizi.


Batırsa bu gəmi, qoy batsın, nə qəm,

Bizi nə gözləyir? Cənnət, cəhənnəm?


1915.


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin