Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə55/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   ...   52   53   54   55   56   57   58   59   60
Qasım AMANJOLOV

(1911 – 1955)
XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə in­kişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatüm­lər, milli çalxantılar, iki dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan bax­dıqda, üç qitədə ucsuz­-bucaqsız torpaqlara hakim olan, dünya­nın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tə­nəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, tor­paqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, la­kin Osmanlı kimi parçalan­mamışdır. Ruslar bolşevik inqilabı sa­yə­sində öz imperiyalarını qoruyub saxlaya bilmiş, «on beş respub­likanın könüllü birliyi» şəklində, Sovet İttifaqı adı altında ehya et­mişlər.

Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayır­­­­mağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyiş­dirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşı­yıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalq­larının yeganə qazancı isə orta və ali mək­təblərin yaranması, küt­ləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxma­ya­raq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu.

XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Ker­ba­bayev, Qara Seyitliyev, Muxtar Övezov ... kimi nə­həng sənət­karlar ortaya çıxdı. Heç şübhəsiz, bu cərgədə məşhur qazax şairi Qasım Amanjolovun da öz xüsusi mövqeyi və yeri var.

Qasım Amanjolovun ədəbi portretini dolğun şəkildə təsəv­vür etmək üçün demək lazımdır ki, o, inqilabi-trubun şair kimi Süleyman Rüstəmə, duyğu yüklü lirikada, xalq ruhuna yaxınlıqda daha çox Hüseyn Arifə bənzəyir. XX əsr qazax ədəbiyyatı onsuz çox kasıb görünərdi.

Şairin öz əlilə yazılmış geniş tərcümeyi-halı yoxdur. Müxtə­lif vəsilələrlə doldurduğu anketlərdən öyrənirik ki, Qasım Rə­himcan oğlu Amanjolov 1911-ci ildə Qazaxıstanın indiki Kara­qanda vilayətinin Qarqaralı rayonunun Qızılaray qışlağında yox­sul bir ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında ata-anasını itirdiyi üçün onu Semey şəhərindəki internat məktəbə vermişlər. Qasım 1924-27-ci illərdə burada, daha sonra Semey baytarlıq texnikumunda və Uralsk şəhərində pedaqoji institutda təhsil al­mış­dır. Uşaqlıqdan qazax akınlarının ifa etdikləri mah­nıları, das­tanları dinləyən və əzbərləyən Qasım füsunkar xalq poeziyası ilə yaxından tanış olmuşdur. Böyük akın-şair Abayın yaradıcılığı ona xüsusi təsir göstərmişdir. Texnikum tələbəsi ikən rus və dünya ədəbiyyatının klassiklərini mütaliə etməsi onun ədəbi dünya­görü­şünü və poetik zövqünü formalaşdırmış, gənc şair ədəbiyyatda ilk kövrək addımlarını o vaxtlar ataraq, öz şeirlərini texnikumun divar qəzetində dərc etdirmişdir.

Qasım Amanjolov ali təhsil almaq üçün Leninqrad Meşə Təsərrüfatı İnstitutuna daxil olmuş, lakin maddi imkansızlıq üzün­dən doğma vətənə qayıdaraq özünü bütünlüklə ədəbiyyata həsr et­mişdir. O, 1930-cu ildə «Leninşil jas» («Leninçi gənclik») qəze­tində işə girmiş, sonra isə «Ekpendi kurılıs» («Zərbəçi tikinti») qəzetində çalışmışdır. Redaksiyalardakı yaradıcı mühit, xalq küt­lələri ilə yaxın ünsiyyət, adlı-sanlı akınlarla tanışlıq gənc şairə çox şey vermişdir. Qasımın bu mətbuat orqanlarında, «Qızıl əsgər» və «Pioner» qəzetlərində bir sıra şeirləri çap olunmuşdur.

1933-35-ci illərdə ordu sıralarında xidmət edən Qasım Aman­jolov əsgərlikdən qayıdan kimi Uralskda bizdəki tənqid-təb­liğ teatrına bənzər bir teatrda bədii rəhbər işləmişdir. Bu teatr onun akın, müğənni və artist kimi yetişməsində mühüm rol oyna­mışdır. Qasım burada özünün bir neçə şeirinə («Heyhat», «Doğma el» və s.) musiqi bəstələmişdir. Həmin dövrdən təxminən 80 il keç­məsinə baxmayaraq bu mahnılar hələ də xalq arasında popul­yardır.

Qasım Amanjolov 1936-ci ildə Almatıya köçərək «Sosia­lis­tik Kazakstan» qəzetində və Qazaxıstan Yazıçılar İttifaqında işlə­miş, çoxlu məqalə, oçerk, felyeton və şeir yazmışdır. 1938-ci ildə onun «Ürək sirri» adlı ilk şeir kitabı işıq üzü görmüşdür.

1941-ci ildə Qasım Amanjolov Böyük Vətən mühari­bəsinə getmiş, düşmənə qarşı əlində silah və qələm olaraq savaşmış, çox sayda cəbhə şeirləri və bir poema yazmışdır.

Ordudan tərxis olunduqdan sonra bir neçə il «Ədebiyet jəne öner» («Ədəbiyyat və incəsənət») jurnalının poeziya şöbəsinin müdiri işləyən Qasım Amanjolov bu dövrdə özünün ən gözəl əsər­lərini yaratmışdır.

1947-ci ildən etibarən sənətkarın səhhətində ciddi problem yaranmağa başlamışdır. Gecə-gündüz durmadan çalışan, sağ­lam­­lığına fikir verməyən Qasım Amanjolovun ömrünün yeddi ili əsgərlikdə keçdiyindən evlənməyə də macal tapmamışdı. Nəhayət, o, 1948-ci ildə, 37 yaşında ikən Sahibcamal xanımla evlənmişdir. Lakin onun ailə səadəti və rahat həyatı uzun sürməmişdir.

1954-cü ilin payızında Qasım Amanjolov Qazaxıstan yazıçı­larının III qurultayında iştirak etmiş, bundan qısa bir müddət sonra yatağa düşmüşdür. 1955-ci il yanvarın 18-də qor­xu bilməz insan, alovlu tribun-şair ömrünün və yaradıcılığının çiçəkləndiyi bir çağ­da, cəmisi 44 yaşında ölümə məğlub olmuşdur.


* * *

Qasım Amanjolov tipik bir sovet şairi idi, öz dövrünün, zə­manəsinin övladı idi. Bir sovet şairi kimi öz şeirlərində kol­xoz quruculuğundan da, fabrik-zavod fəhlələrinin əmək rəşa­dətindən də söz açmış, oktyabr inqilabını, Lenini, kommunist partiyasını, sosializmi, xalqlar dostluğunu vəsf və tərənnüm etmişdir. Bugün bun­ları danmaq, onun yaradıcılığını təftiş etmək, yaxud başqa prizmadan dəyərləndirmək nihilizm olardı. Qasım Amanjolov o quruluşa ürəkdən inanmış, ona axıradək sadiq qalmışdır. Çünki o özü və onun kimi yoxsul təbəqədən çıxmış bir çox həmkarı sosi­alizm sayəsində təhsil almış, parlamış, ad-san qazanmış, həyatda çox şeyə nail olmuşdu. Şair bioqrafik səciyyəli bəzi şeirlərində bunu dilə gətirmişdir:



Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin