Bismillahir-Rəhmanir-Rəhim
Bu, Əmirəlmöminin Ömər ibn Xəttabın valisi Suraqə ibn Əmr tərəfindən Şəhribəraza, albanlara və Albaniyada yaşayanlara verilən əmannamədir. Hər hansı bir hadisə baş verib-verməməsindən asılı olmayaraq, hər hərbi səfərdə iştirak etmək, valinin uyğun gördüyü hər yürüşdə iştirak etmək şərtilə onların canları və malları qorunacaq, dinləri və məzhəblərinə, dini ayinlərinin icrasına toxunulmayacaq və mane olunmayacaqdır. Zərər və ziyana uğramayacaqlar, heç bir şeyləri əksilməyəcəkdir. Bu əmannamə Albaniya əhalisinə, əl-Bab (Dərbənd) bölgəsindəki dağlarda, dağ kənarlarında, məskunlaşanlara, onlarla qonşu ərazilərdə yaşayanlara və şərtləri qəbul edən hər kəsə şamil edilir. Onların arasından bu şərtləri qəbul edənlər cizyədən azaddırlar. Səfərbərlikdə iştirak etmək cizyə yerinə keçərlidir. Səfərbərlikdə iştirak etmək istəməyənlər (cənubi) Azərbaycan əhalisinin ödədiyi miqdarda cizyə ödəməlidirlər. Eyni zamanda onlar qonaqlara bələdçilik etməli və hər biri bir müsəlmanı bir gecə və gündüz qonaq saxlamalıdırlar. Səfərbərlikdə olanlar bundan azaddırlar. Səfərbərlik bitib öz yurdlarına qayıdandan sonra yenə bu şərtlərə əməl etməlidirlər.
Əhdi Mərazə ibn Muqərrin yazdı. Əbdur-Rəhman ibn Rəbiə əl-Bahili, Salman ibn Rəbiə əl-Bahili, Bukeyr ibn Abdullah əl-Leysi şahid oldular(Təbəri, Tarixi-i Təbəri, c. V, s. 1983. Təbəri bu əhdin tarixini qeyd etmir. Abbasqulu Ağa Bakıxanov Suraqə ibn Əmrin Şirvan səfərini h.23/m.644-cü ildə gerçəkləşdirdiyini yazır (bax. Gülistan-i İrəm, s. 51). Ehtimal ki, əhd də bu tarixdə bağlanmışdı.).
Suraqə ibn Amr Şəhribərazla əhd bağlayandan sonra əmri altındakı ordunu bir neçə hissəyə böldü və ətraf məmləkətlərə yürüş etmələrini əmr etdi. Həbib ibn Məsləmə Tiflisə, Huzeyfə ibn Useyd isə Alaniyaya (Osetiya) yürüş etmişdi. Xəlifə Ömər Suraqənin bu işini bəyənməmiş və hərbi dəstələri dərhal geri, Şirvana çağırmasını əmr etmişdi(İbn əl-Əsir, əl-Kamil, c. III, s. 29; Təbəri, Tarix-i Təbəri, c. S. 1984.). Bu ordu üçün çox təhlükəli bir hərəkət idi. Kiçik dəstələrə bölünmüş ordu bir -birlərindən çox uzaq məsafələrə səfərə çıxmışdılar. Bundan başqa, onlara ərzaq və əlavə qüvvə göndərilməsi də çətinləşmişdi. Yeni fəth edilmiş İran və digər ölkələrin əhalisi müsəlmanların hər hərəkətini diqqətlə müşahidə edirdilər. Xəzərilərin qəfil hücumu əldə edilmiş bütün uğurları alt-üst edə bilərdi. Necə ki, bu kiçik hərbi dəstələr heç bir müvəffəqiyyət əldə edə bilmədən geri, Şirvana qayıtmışdılar. Bir müddət sonra Suraqə ibn Amr Şirvanda vəfat etmiş və onun yerinə Şimali Azərbaycan valiliyinə Əbdur-Rəhman ibn Rəbiə əl-Bahili təyin edilmişdi(İbn əl-Əsir, əl-Kamil, c. III, s. 29; Bələmi, öz əsərində (s. 111) Suraqənin Bukeyr ibn Abdullahla birlikdə Kufəyə qayıtdığını yazır.).
Dostları ilə paylaş: |