Redaktor: Samir Bulut



Yüklə 9,56 Mb.
səhifə1/3
tarix24.02.2020
ölçüsü9,56 Mb.
#102175
  1   2   3


David Turaşvili

დავით ტურაშვილი

CİNS DÖVRÜNÜN UŞAQLARI

ჯინსების თაობა

144 səh.

Tərcüməçi: Etimad Muradov

Redaktor: Samir Bulut

Kompüter dizaynı: Yaşar Şahlaroğlu

Üz qabığındakı rəsm: Babi Badalov

Çap tarixi: 18.04.2015

Format: 13x20 1/16

Qiyməti: 5 AZN

“0L” MMC mətbəəsində çap olunub

ISBN: 978–9952-5672–3-6

@ Alatoran, 2015


@ Sulakauri-Publishing

The book is published with the Support of the Ministry of Culture and Monument Protection of Georgia


esos días azules, ese sol dc la infancia...”


(“Uşaqlığın o mavi günl
əri və günəşi... )


Antonio Maçadonun son sözləri

Bu kitabı nə vaxtsa nəşr etdirəcəyimi ağlıma da gətirməzdim, çünki sadəlövhcəsinə düşünürdüm ki, SSRİ dağılandan sonra Gürcüstanın sovet keçmişi ancaq acı bir xatirə kimi yaddaşlarda qalacaq, amma sən demə keçmiş qayıda da bilərmiş, xüsusən də biz özümüz heç cür ondan ayrıla bilməyəndə.
Biz yalnız o dövrlə vidalaşmışıq, “Şər imperiyası” adlanan ölkənin təfəkkür tərzi ilə yox; o ölkənin ki, orada Xeyirə nadir hallarda rast gəlinir, kosmosu birinci fəth clmiş olan bir qüdrətli dövlətə sahib olmalarına baxmayaraq cins geyimlər tikməyi bacarmırdılar. Cinsdən daha yaxşı və zərərsiz nə ola bilər? Amma Sovct İttifaqında cins tikməyi həqiqətən öyrənə bilmədilər, buna görə də ən pis çıxış yolu tapdılar – cinsi sadəcə qadağan elədilər.
Azadlıq qədər həsrəti çəkilən qadağan olunmuş cinslər Yasaq meyvədən(1) də əziz idi və sovet insanları hər cür yolla. hətta qaçaqmalçılıq yolu ilə onları əldə etməyə can atırdılar. Müxtəlif ölkələrdən gətirilmiş cinslər arasında bəzən oriji– nalını da tapmaq mümkün idi! O dövrdə Gürcüstanda çoxları belə hesab edirdi ki, əsl cinslər (ümumiyyətlə, orijinal olan hər şey) mütləq amerikan malı olmalıdır, çünki sovet təbliğatı ən çox məhz Birləşmiş Ştatlarla şiddətlə mübarizə aparırdı. Moskvanın ideologiyası (xüsusi bir ciddi–cəhdlə!) amerikan dəyərlərinə qarşı (o cümlədən cinslərə də) yönəlmişdi, buna görə do sovet insanları sadəlövhlüklə düşünürdülər ki, harda cins varsa, - orda xoşbəxtlik də var.

(1) Xristian inancına görə alma

Harda ki, cins yox idi, orda müstəqilliyin əsaslarından biri kimi xüsusi mülkiyyət anlayışı da yox idi. buna görə də yalnız qəbrə girməklə azad olmaq mümkün idi. Daha doğrusu, sənin şəxsi azadlığın yalnız torpaqda uyuduğun zaman sovet hakimiyyətini narahat etmirdi. Ona görə də xüsusi mülkiyyətin başqa növlərindən fərqli olaraq qəbirləri xalqın əlindən almırdılar. Sovet ateistləri gözəl bilirdilər ki, gec-tez onlar da qəbristanlığın torpağına gömüləcəklər, ona görə qəbirlərə loyallıqla yanaşırdılar, üstəlik, onlar da başqaları kimi mərhumlara ehtiram göstərirdilər.


Bəlkə, başqa bir səbəb də vardı, amma fakt faktlığında qalır - məzar torpağı sovet hakimiyyətinin xalqa verməyə təəssüf etmədiyi yeganə xüsusi mülkiyyət növü idi. Sovet gürcülərinin deqradasiyası da elə bundan başladı. O zaman, sovet dövründə gürcülərin hətta zövqü də dəyişildi, insanlar ölçü hissini itirdilər: qəbirlər onların yeganə xüsusi mülkiyyəti olduğundan, əvvəllər heç zaman görülməmiş başdaşılar düzəltməyə başladılar. O vaxta qədər gürcü qəbirləri son dərəcə sadə idi, lakin sovet Gürcüstanında nəinki qəbirlərə, ölümün özünə də münasibət dəyişildi və qəbirlərin üstündə mərmər oturacaqlar, masalar, hətta motosikl və avtomobillər də peyda oldu. Hərçənd bu avtomobilləri sahibləri həyatda olarkən başqa adamların adına sənədləşdirirdilər, sovet gürcüsü dəqiq bilirdi ki, bütün digər şeylərdən fərqli olaraq, məzar torpağı onun almmaz şəxsi mülkiyyətidir və buna heç kim, heç vaxt əl uzada bilməz. Odur ki, qəbirlərə qulluq edirdilər, sahib olduqları yeganə şəxsi mülkiyyəti abadlaşdırırdılar, bəzəyirdilər (hər kəs öz zövqünə görə). Bu, “özbaşına tikinti”nin qadağan olunduğu dövr idi: heç kim hətta sadə bir divar da hörə bilməzdi, nə öz evində, nə də həyətdə. Lakin qəbiristanlıqda sovet hakimiyyəti heç nəyə mane olmurdu: məzarın üstündə lap saray da ucaltmaq olardı, heç kim dillənməzdi, çünki bu yer azadlıq torpağı idi və qəbir - sovet Gürcüstanında yeganə məkan idi ki, buraya sovet hakimiyyəti gəlməmişdi. Hakimiyyətdə də gürcülər idi. Onlar (o zaman) dirilərdən çox ölüləri sevirdilər, dirilərdən çox ölülərə ehtiram göstərirdilər, lakin bir insana şəxsi məzar zəmanəti verilməsi üçün hər halda bir sovet qaydası vardı bu zəmanətə sahib olmaq üçün öz ölümünlə ölmək lazım idi. Əgər onlar ödürürdülərsə (bunun üçün Sovet İttifaqında adətən güllələnmə üsuluna əl atırdılar), buna heç ümid bəsləmək də olmazdı: onların məntiqinə görə güllələnmiş şəxsə qəbir düşmürdü, ona basdırılmağı üçün lazım olan yalnız bir parça gürcü torpağı ayrılırdı; lakin qəbir olmazdı. Şəhərdən kənarda gürcü torpağına qovuşardın, səni qazdıqları çalaya elə tullayardılar ki, heç kim bunu görməz (hətta təsadüfən) və bu yerdə, bu otların altında yüzlərlə güllələnmiş insanın uyuduğunu heç vaxt bilməzdi. Hətta bu çalanı qazanlar da (qəbir yox, sadəcə çala) gecə səni atdıqları yeri ertəsi gün tapa və tanıya bilməzdi. Amma o gecəki qəbirqazanlardan birinin iyirmi il sonra öz qurbanını tapdığı yer qədər nəhəng olan kainat kimi, bəzən insanı da anlamaq mümkün olmur. Lakin o qatil deyildi, sadəcə qəbirqazan idi, çünki qatil olsaydı, bu yeri yadında saxlamazdı, dərhal unudardı. O isə, altında Gega Kobahidzenin uyumalı olduğu çəmənliyi dəqiq yadında saxlamışdı. Trumen Kapotenin üstündəki otların səsi iyirmi il əvvəl qazılmış qəbri tapmağa heç vaxt kömək etməz, Şekspirin yaxud Qalaktionun qəbirqazanlarından heç biri heç vaxt heç kimə bu cür ağı deməzdi. Amma o da ağlamadı, sadəcə qəbir qazdı və o soyuq noyabr gecəsində, ay işığında yadında saxladığı sirri on beş ildən sonra Gega Kobahidzenin anasına pıçıldayaraq açdı. Geganın anası – Natella Maçavarianiyə oğlunun indi harda olduğunu dəqiqbildiklərini bu illər ərzində dəfələrlə dcmişdilər; amma bu adamın həqiqətən nəsə bildiyini o dərhal anladı.
O sadəcə bilməyə bilməzdi - onun üzü yox idi, ümumiyyətlə yox idi. Gördüklərinin ucbatından yox idi. Onun üzü duyduğu heyrət və iztirabların əksi ilə örtülmüşdü, buna görə də Natella Maçavariani anlayırdı ki, bu adamın özü də ölüb, çoxdan ölüb, bu səbəbdən digər ölülərin tarixçəsini o həqiqətən bilə bilərdi. Oğlunun uzun illər sürən axtarışı zamanı o hamının, hətta xüsusi olaraq göndərildiklərini hesab etdiyi adamların da ardınca getmişdi. Verdikləri informasiyaya görə pul tələb edən, sonra isə Moskva yaxud Leninqrad vağzallarından izsiz-soraqsız yoxa çıxanların da dalınca düşmüşdü.
Oradan isə Şimala, Sibir düşərgələrinə gedən yollar başlayırdı.
Yaşayarkən ölümün varlığına inanmaq, xüsusən də öz oğlunun ölümünə inanmaq çox çətindir, çünki oğlunun ölümü sadəcə mövcud deyil, xüsusən də bu ölümü səndən gizlədikləri zaman; rəsmi cavab da rəsmi arzu kimi qadağa altındadır. Lakin ümid rəsmi ola bilməz, ümid - təkdir, sənindir və onunla yaşamaq olar. Ölümə məhkum olunmuş oğlunu bu ümidlə axtara bilərsən, bəlkə onu heç güllələməyiblər. bəlkə Sibirin harasındasa lap uzaq bir düşərgədə ömürlük həbs cəzası çəkir, amma hər halda sağdır.

Və bütün o illər ərzində Geganı (yaxud onlardan kimisə) Rusiyada, xüsusi rejimli bir düşərgədə sağ gördüklərini deyən insanlar həmişə tapılırdı; valideynlər isə axtarırdılar, ona görə yox ki, bu sonsuz, ünvansız, gicdıllaq Sovet İttifaqında güllələnmiş oğullarını tapmağın mümkün olmadığını anlamırdılar, axtarırdılar ki, ümidlərini itirməsinlər.

Ümid də öldükdə qəbirqazan peyda oldu.

Nəhayət, valideynlər anladılar ki, nə qədər acı da olsa, həqiqəti öyrənmək, hətta ölmüş olsalar belə, uşaqlarının harda basdırldığını bilmək daha yaxşıdır. Qəbirqazana gəldikdə Natella Maçavariani dərhal anladı ki, bu adam nəsə bilir, həm də onun yanına pıçıltılarla gələnlərdən daha çox şey bilir və hiss etdi ki. onların ümidlərinə qəbir qazan məhz bu adam olub.

Onlar çox deyildilər, sakitcə, oğrun-oğrun gedirdlər: baxmayaraq ki, o dövrdə MK–nın katibini artıq Prezident adlandırırdılar (Eduardın yerinə Giorgi), əslində bu məhz o idi - o adam ki, kimin nə vaxt öldürüldüyünü hamıdan yaxşı bilir, ancaq yenə də susqunluğunu qoruyurdu.

Sakitcə gedirdilər, soyuq idi, amma qadınları nə soyuq, nə də yaş torpaq qorxudurdu; əgər kişilər razı olsaydılar, yeri qazmaqda onlara kömək edərdilər. Yağış yağırdı. bəzən kəsirdi, amma torpaq çoxdan lehməyə dönmüşdü; və o ucsuz-bucaqsız çöllükdə kişilərin tez-tez nəfəs alıb–verdiyini son ana qədər duymaq olurdu.

Qadınlar qorxmurdular, bununla belə Natella Maçavariani qəbirqazamn dəqiqiliyindən heyrətə düşmüşdü və onun üzünü yadda saxlamağa çalışırdı, ancaq bu mümkün deyildi, çünki qəbirqazanın həqiqətən üzü yox idi. Çölün isə doğrudan da ucu–bucağı yox idi; şəhərdən çıxarılan meyitlərin gecənin qaranlığında dəfn edildiyi nəhəng bir məzarlıq idi bura. On illər ərzində sovet hakimiyyətinin güllələdiyi insanları tabutsuz, qəbirsiz, namsız-nişansız dəfn eləmişdilər. Gürcülər ölümün asan görünməsi üçün tabutu “sasaxle” - saray adlandırırlar, lakin sovet hakimiyyətinin güllələdiyi insanları tabutsuz dəfn edirdilər. Buna görə də soyuq belin zərbəsi tabuta dəydikdə (nəhayət ki!) hətta tabutçu özü də təəccübləndi və yalnız bu zaman xatırladı ki, bu ölü istisna təşkil edir – onu çalaya tabutda qoyublar. Beləcə, tabutçu onların bura gəlməsinə səbəb olan həmin sözləri indi daha inamla təkrarladı. O, Gega Kobahidzenin basdırıldığı yeri dəqiq bilirdi.
Tabut taxtadan (belə olması lazım idi) yox, dəmirdən idi, buna görə də dəmirə dəyən zərbə səsindən Mişa Kobahidzenin halı pisləşdi. O qədər pisləşdi ki, qadınlar ona su vermək istədilər, amma su lapmadılar, yaxınlıqda ev də yox idi. Bu azmış kimi, birdən heç kim haradan, hansı tərəfdən gəldiklərini, buraya gətirən yolun hansı səmtdə olduğunu xatırlaya bilmədi. Onlar Tbilisidən gələrkən dinib-danışmadan yolu yadda saxlamağa çalışırdılar, lakin bu səs eşidilən kimi yol qeyb oldu və onlar özlərini yad bir şəhərdə, sən demə 1921-ci ildən burada, Tbilisinin yaxınlığında mövcud olan bir şəhərdə gördülər. Bu yeraltı şəhər idi. Yuxarıdan gül–çiçəklə örtülmüş bu şəhər aşağıda Tbilisinin və Gürcüstanın ən yeni tarixini gizlədirdi. Bu düzənlik Gürcüstanın XX əsrə dair tarixini ört-basdır edirdi, və çox vaxt bu yeraltı şahlığa birbaşa zirzəmilərdən düşmək olurdu. Burada o şəxslər uyuyurdular ki, sağlıqlarında sovet hakimiyyəti onlara su verməzdi, ölülərə isə su onsuz da lazım deyildi. Odur ki, Mişa Kobahidzenin halı pisləşdiyi zaman, qəbirqazanın haradan su tapıb gətirdiyini (axı, yaxınlıqda ev-zad yox idi!) heç kim başa düşmədi (indi də xatırlamırlar); tabutun qapağının açılmaçısına cəmisi
bir neçə saniyə qalmışdı. Lakin buna baxmayaraq onlar bu anı gözdən qaçırdılar, hərçənd kim bilir, Gega Kobahidzenin valideynləri bu son saniyəni neçə dəfələrlə xəyallarına gətirmişdilər; amma tabutu başqaları açdı. Natiya Meqrelişvili mərhumu dərhal tanıdı, amma bu Gega deyildi.

Lakin qəbri tapana qədər, nəhəng, göz işlədikcə uzanan və ümumən kiminsə dəfn edilə biləcəyini göstərən hər hansı bir əlamətin olmadığı bu çöllükdə 1990–cı ilin o yağışlı gecəsi üzlərindən gərginlik və həyəcan yağan bir neçə nəfər torpağı qazarkən qəribə sifətli o adam Natella Maçavarianın susqunluğuna cavab olaraq bərkdən dedi:


- Bu həmin yerdir, dəqiq yadımdadır.
- Üstündən on beş il keçib, - kimsə dedi.
- Geganın qəbri buradır, dəqiq yadımdadır.

Kişilər dinib-danışmadan qazmağa davam elədilər və səssizlik içərisində onların tövşüyərək nəfəs alması bellərdən biri tabuta dəyənə qədər eşidildi. Zərbə səsindən hamı yerindəcə donub qaldı, amma bir saniyəliyə, sonra yenə qazmağa davam elədilər yə nəhayət tabutu yuxarı qaldırıb, təzəcə qazılmış torpaq topasının kənarına qoydular.

Kişilər tabutun qapağını qaldırdıqda, qadın cəld çevrildi və onların reaksiyasını gözləməyə başladı. Kişilər isə uzun illərdən sonra tanınmaz hala düşmüş cəsədə maraqla baxırdılar. Natiya Meqrelişvili isə astadan, lakin inamla dedi:

- Bu Gega deyil.

Eka Çixladze nə vaxtsa Soso Seretelini yenidən görəcəyini heç ağlına da gətirməzdi. On beş ildən sonra Sosonun əynində yenə həmin cinslər vardı. Eka bu cinsləri o vaxt təyyarə qaçırılmazdan bir neçə gün əvvəl son görüşləri zamanı onun əynində görmüşdü..." 

Tina

Bundan on beş il əvvəl isə, 1983-cü il noyabrın 18-də, uğursuz şəkildə qaçırılan və Tbilisi aeroportunda yerə enən təyyarənin açıq qapısı ağzında dayanmış gənc bir qadın əlində qumbara tutaraq dəhşətli sonu gözləyirdi. Yağış onun üzünə vururdu.

Elə məhz bu qaçılmaz aqibəti tezləşdirmək üçün Tina əlində qumbara təyyarənin girişində dayanmışdı - qoy, hakimiyyət orqanları tərəddüdə son qoyub, düşündüklərini etmək üçün cəsarət göstərsinlər. Təyyarədəki insanların əzab–əziyyəti o qədər uzandı ki, hamının yalnız bir istəyi vardı: hər şey tez sona çatsın; təyyarənin içində əyləşənlər də, kənarda dayanıb hadisəni izləyənlər də bunu istəyirdi. Hərçənd, güllələrlə deşik-deşik edilmiş bu təyyarədə hamı əyləşməmişdi –ekipaj üzvlərinin və sərnişinlərin arasında həlak olanlar da vardı, onlardan bəzisi salonun çıxış qapısının yanında yıxılıb qalmışdı. Orada yaralılar da vardı, onların iniltisi salonun sakilliyini pozurdu; kimsə pıçıldayaraq Tinaya yalvarırdı ki, qumbaranı partlaımasın. Tina uzun müddət susdu, amma sonra cavab verdi, hərçənd, bunu qəribə bir təəssüflə və daha çox özü üçün dedi:

- Sakit olun, bu əsl qumbara deyil.

Lakin bundan sonra da həmin qadının üzündə, başqalarında olduğu kimi, dəhşət ifadəsi qaldı, Tina isə baxışları ilə onun üçün ən mühüm və əziz olan üzü axtardı. Tapdı, lakin yalnız bir saniyəliyə Geganın gözlərinə baxdı.

Onların baxışları ona görə bir saniyəliyə toqquşdu ki, yuxarıda, başlarının üzərində yerləşmiş xüsusi təyinatlılar məhz bu an hücum etdilər və salon ağ tüstü ilə doldu...

O lap uşaq vaxtlarından gözəl qız idi, oğlanların xoşuna gəlirdi, buna görə də hara getsəydi, - məktəbə, rəssamlığa, ingilis dili məşğələsinə, hər yerdə oğlanlar onun diqqətini çəkməyə çalışırdılar.

Lakin böyüyüb boya–başa çatdıqdan sonra bunların hamısı onu əsəbləşdirməyə başladı: Tinaya elə gəlirdi ki, oğlanları onun yaradıcılığından daha çox gözəlliyi maraqlandırır; o isə öz yaradıcılığını zahiri görkəmindən daha maraqlı hesab edirdi.

Tina düşünürdü ki, zahiri gözəlliyindən özü daha maraqlı, daha dərindir, amma oğlanlar buna fıkir vermirdilər; bəlkə də, Gega ilə tanış olana qədər elə buna görə heç kimi sevməmişdi.

Gega onun çəkdiyi rəsmi hardasa təsadüfən görüb, müəllifin telefon nömrəsini öyrəndiyi zaman Tina artıq Rəssamlıq Akademiyasının tələbəsi idi. Rəsmin müəllifinin səsindən bilinirdi ki, Gega nə desəydi, o inanacaqdı. Gega isə ona rəsmi çox bəyəndiyini, müəlliflə tanış olmaq istədiyini dedi. Əlil olduğunu da dərhal söylədi. Gega nə üçün o vaxt belə pis zarafat etdiyini uzun müddət anlaya bilməmişdi, amma Tinanın cavabı onu əməlli–başlı sarsıtmışdı:

- Sizin əlil olmağınız mühüm deyil, mənim üçün əsas odur ki, insan ruhən sağlam olsun.

Bu cür uşaq səsi olan qız Tbilisi Rəssamlıq Akademiyasının tələbəsindən daha çox mələyə bənzəyirdi. Gega dəstəyi dərhal asdı. Çox güman ki, çaşqınlıqdan və təəccübdən - belə cavabı o həqiqətən gözləmirdi. Geganın ağlına da gəlməzdi ki, müasir Tbilisi qızı belə də ola bilər, odur ki, axmaq zarafatına görə təəssüf edirdi, çox təəssüf edirdi. Ancaq əslində kim olduğunu Tinaya drmədiyi üçün özünə haqq qazandırmağa çalışırdı. Gega isə çox gənc, iyirmi iki yaşlı bir aktyor olsa da, artıq bir neçə kinofilmdə uğurlu rol almışdı və Gürcüstanda kinonu sevən hər kəs onun soyadını bilirdi. Gega istedadlı aktyor və sadəcə qəşəng bir oğlan kimi o zaman Tbilisidə, xüsusilə gənc qızların arasında çox populyar idi. Amma Gega elə məhz bunu istəmirdi, o öz ad– sanından istifadə etmək istəmirdi, buna görə də əlil olduğunu və arabasız gəzə bilmədiyini uydurmuşdu. Gega bir az da düşündü və qərara aldı ki, indi geri addım atmaq yalnız pis olar, buna görə də Tinanın nömrəsini yenidən yığdı.

– Eşidirəm, yenə həmin uşaq səsi eşidildi, Gega artıq bu səsdən ötrü darıxmağa başlamışdı, ancaq qızın səsi yenə onu karıxdırdı və o pərtliyini gizlətmək üçün öskürməyə başladı. Geganı ən istedadlı gənc aktyor hesab edirdilər, amma indi rola girə bilmirdi. Birdən öz peşəkarlığına şübhə etdiyi üçün utandı.
- Yenə mənəm, - nəhayət, çəkinə–çəkinə dilləndi və bir dəfə də öskürdü.
- Hara yoxa çıxmışdız? - Tina həqiqətən təəccübləndi.
– Heç yerə, sadəcə dəstəyi asmışdım.
– Nə dediniz?
- Nə vaxt?
- Dəstəyi yerə qoymamışdan qabaq.
- Dedim ki, əliləm, arabada gəzirəm.
- Eybi yoxdur, əgər etiraz etmirsinizsə, mən rəsmlərimi də götürüb sizə gələ bilərəm.
- Yox, nə deyirsiniz, sizi narahat etmək istəmirəm, həm də...
- Nə, həm də?
- Mən onsuz da bütün vaxtımı demək olar ki, evdə keçirirəm, başqa bir yerdə görüşmək istərdim. Məni başa düşürsünüz?
- Əlbəttə. Sizi yaxşı başa düşürəm. Sadəcə istəmədim ki, sizi narahat edim. Amma tərsinə alındı.
- Siz harda desəniz, orda da görüşərik.
- Sizin üçün əlverişli yer haradırsa, ora gələrəm.
- Yaxşı olar ki, mühazirədən sonra Akademiyanın yanında sizi qarşılayım.
- Bəs məni necə tanıyacaqsınız?
- Siz özünüz məni asanlıqla tanıyacaqsınız, düşünmürəm ki, mənə oxşayan başqa birinin Akademiyanın qaışısında görüşü olsun.
- Axı dedim ki, sizin vəziyyətinizi yaxşı başa düşürəm...
- Amma hər halda mühazirədən sonra sizin kimi gözəl bir qızı arabada gəzən hansısa bir əlilin qarşılaması yaxşı deyil...
- Mənim kimi gözəl bir qızı? Yoxsa mənim necə olduğumu bilirsiniz?
- Bilmirəm. Amma hər necə olsanız da, rəfiqələriniz Akademiyanın önündə sizi əlil-pərəstişkarınızın qarşıladığını görüb, yəqin ki, təəccüblənəcəklər.
- Mənim həyatım - mənim şəxsi işimdir.
- Sabah?
- Nə sabah?
- Sabah gələ bilərəm?
- Sabah mühazirələr saat üçdə qurtaracaq.
- Mən üçə qalmış gəlib heykəlin yanında dayanaram, daha doğrusu, əyləşərəm.
- Mühazirələr qurtaran kimi çıxacam.
- Onda sabaha qədər.
- Yəqin, mən sizi yordum.
- Yox, nə deyirsiniz...
Gega həqiqətən yorulmamışdı, amma söhbətə davam etmək istəmirdi, daha doğrusu söhbəti uzada bilmirdi, buna görə də Tina ilə sağollaşıb dəstəyi asdı. Sonra bəlkə məmnunluğundan, bəlkə də sevincindən gülümsəyib, bu şəhərdə sən demə tamamilə başqa qızların da yaşadığını dərk etdi; bəlkə onlar çox azdırlar, bəlkə də təkcə Tinadır, amma hər halda...

Gega bunu da anladı ki, Tinanı aldatmaq olmaz, həqiqətən tamamilə yersiz zarafat edib, Tina isə onun incitmək istəmədiyi adama oxşayır. Buna görə də bütün gecəni sevdiyi disklərə qulaq asa–asa fikirləşib qərara gəldi ki, ertəsi gün Rəssamlıq Akademiyasına getsin, Tina ilə görüşüb ona hər şeyi izah etsin və mütləq üzr istəsin. Qərara gəlsə də, Gega səhərəcən yata bilmədi və Tinanın –başqalarına qətiyyən bənzəməyən o qızın qəribə uşaq səsi haqqında düşündü...

Gündüz Datoya baş çəkdi. Dato Mikaberidze Geganın dostu idi, onun əsl vrangler gödəkçəsi Geganın çox xoşuna gəlirdi; amma Gega bu barədə heç vaxt dostuna bir söz deməmişdi, çünki təbiətcə çox xeyirxah insan olan Dato gödəkçəsini dərhal çıxarıb Gegaya bağışlayardı. Dato həqiqətən ürəyiyumşaq idi, ona görə yox ki, onun atası nazirlikdə (inturist xətti ilə) işləyirdi və sevimli oğluna cinsi əsirgəməzdi.
Yox, ona görə yox.

Dato sadəcə çox ürəyi yumşaq oğlan idi, vəssalam.

O səhər Gega bu vrangel gödəkçəni Datodan bir günlüyə, daha doğrusu, yarım günlüyə istəməyi qərara aldı Tina ilə görüşüb üzr istəyəcək, axşam isə gödəkçəni sahibinə qaytaracaqdı.

O, küçədə dayanıb Datonu bərkdən çağırdı, Vaja - Datonun kiçik qardaşı pəncərədən boylandı. Vajaya Avam deyirdilər, o da böyük qardaşı kimi yaxşı oğlan idi. Gega əlini qaldırıb salam verdi:


- Necəsən?
- Belə də.
- Məktəbə getməmisən?
- Yandı.
- Nə vaxt?
- Bu gün səhər. Bu saat da yanır.
- Ba!.. Bəs, qardaşın hardadır?
- Bilmirəm. Mən yuxudan ayılanda, o evdə yox idi.
- Yəqin, səni yanğınsöndürənlərin vıyıltısı oyadıb...
İkisi də bərkdən, ürəkdən güldü. Sonra Gega yenə əlini yuxarı qaldırıb Avamla sağollaşdı, artıq dönüb getmək istəyirdi, amma Vaja əl çəkmədi:
- Nə isə isləyirdin?
- Eybi yoxdur, sonra gələrəm.
- De.
- Elə bir şey deyil, vrangrel gödəkçəsini bir günlüyə almaq istəyirdim.
- Gözlə.
Avam gözdən itdi, bir neçə saniyədən sonra əlində cins gödəkçə küçədə Geganın qarşısında dayanmışdı.
- Al, Dato həmişə bunu geyir, bu gün isə evdə qoyub. Bəxtin gətirdi.
- Lazım deyil, qoy qalsın, sonra götürərəm.
– Götür, əslində bu mənimdir, atam bunu mənə gətirmişdi, amma əynimə böyük oldu. Dato onu müvəqqəti geyinir. Sonra onsuz da məniın olacaq. Əsl vranglerdir. Köhnəlmir, heç nə olmur...
Gega gülümsəyib əlini Avama uzatdı.
- Elə bu gün qaytararam.
Nə vaxt istəsən, qaytararsan, onsuz da mənim əynimə hələ böyükdür. İstəyirsən, mən böyüyənə qədər gey.
Bu dəfə Gega bərkdən güldü.
- Bəs Dato?
- Dato monastıra gedir, rahib olmağa, cins onun nəyinə lazımdır...
Vaja da güldü, Gega isə Datonun hansısa monastırda həqiqətən bir dostunun olduğunu və son vaxtlar tez-tez onun yanına getdiyini xatırladı. O özü ilə Geganı da aparacağına bir–iki dəfə söz vermişdi, amma bunlar hələlik yalnız vəd olaraq qalırdı. Doğrudur, indi Geganın bu barədə düşünməyə həvəsi də yox idi, Vajaya təşəkkür edib, onu tbilisililərsayağı qucaqladı.
Tbilisi min beş yüz il idi ki, Gürcüstanın paytaxtı idi və bütün paytaxtlardakı kimi burada da nə qədər yaxşı şeylər baş verirdisə, bir o qədər də pis şeylər olurdu. Lakin Gega üçün, Akademiyaya qalxan yoxuşa dönməzdən əvvəl onun qarşısını üç nəfər bıçaqlı adamın kəsib, görüş üçün borc aldığı cins gödəkçəni çıxarmasını tələb etməsindən pis şey ola bilməzdi. O zaman buralarda tbilisililər hələ gəzib-dolaşırdılar, buna görə də hansısa tip Gegaya - “qaqaş, səninlə bir dəqiqəlik işim var” deyib, onu binanın girişinə tərəf çəkdikdə yoldan keçənlərin arasında tanışlardan heç kəsin olmaması bir az qəribə idi. Lakin Geganın özü üçün daha çox qəribə gələn bu idi ki, girişdə bu xoşbəxt tiplərdən daha ikisini gördükdə qətiyyən qorxmadı. Əksinə, gülümsəyib çox sakitcə dedi:
- Boş yerə zəhmət çəkməyin, çıxara bilməyəcəksiniz!
Gega aktyor idi, doğrudur, cəmisi iyirmi iki yaşı vardı, amma artıq yaxşı aktyor idi, buna görə də həmin girişdə bu cümləni özünə dərindən güvənən bir adam kimi çox soyuq qanlılıqla dedi və bu soyuqqanlılıq ən çox Geganın özünü təəccübləndirdi. Ona görə təəccübləndirdi ki, Gega heç vaxt qəhrəmanlığa iddialı olmamışdı; o yaxşı bilirdi ki, o vaxtlar Tbilisidə yoldan keçənlərin çoxunun əynindən cins paltarını çıxarırdılar və başqaları kimi o da belə vəziyyətdə necə hərəkət edəcəyini dəfələrlə düşünmüşdü. Geganın fıkrincə, şalvar yaxud gödəkçədən ötrü həyatını təhlükəyə atmağa dəyməzdi, o gərəksiz və düşünülməmiş qəhrəmanlığın heç vaxt tərəfdarı olmamışdı. Başqa yer, başqa vaxt olsaydı, o dinməz–söyləməz, gülümsəyərək gödəkçəni çıxarıb verərdi, amma o gün Gega özünü başqa cür apardı, yəqin ona görə ki, cins gödəkçə onun özünün deyildi. Ya da görüşə, - tanımadığı, amma səsi gözəl olan bir qızla ilk görüşə getdiyi üçün...

Ancaq ikisinin əlində bıçaq vardı və oradan qaçmazdan əvvəl hər ikisi Geganı yaralamağa macal tapdılar. O zaman Tbilisidə hətta dava vaxtı bıçağı əsasən ayağa, ya da dala vururdular, amma Geganı həm ayağından, həm də qarnından vurmuşdular; bəlkə də ona görə ki, özləri də bilmədən Geganın əynindən çıxara bilmədikləri gödəkçəni kəsmək istəmişdilər.


Gega küçəyə çıxıb cəmi bir neçə addım ata bildi və qanı axa-axa yerə yıxılıb huşunu itirdi. Elə orda, səkinin üstündəcə sərilib qaldı.

Özünə gəldikdə xəstəxana palatasında uzanmışdı. Anası çarpayının baş tərəfındə dayanıb ağlayır və çox ehtiyatla, ehmallıca onun əlini sığallayırdı.


- Tina hardadır? - Gega anasına baxıb soruşdu.
- Tina kimdir? - Natella islanmış gözlərini silib təəccüblə soruşdu.
- Bilmirəm, mən də onu tanımıram, - bir az, keçdikdən sonra Gega gülümsəyərək dedi.
Bu əsl həqiqət idi, Gega mühazirədən sonra Rəssamlıq Akademiyasının qarşısında uzun müddət dayanıb gözləmiş Tinanı həqiqətən tanımırdı. Bura əlil arabasında bir oğlan gəlməli idi, amma çox gözləsə də Tina ilə görüşə heç kim gəlmədi. Axı, bu zaman xəstəxanada əməliyyat olunan Gega görüşə necə gedəydi, odur ki, yalnız bir neçə gündən sonra Tinaya zəng edə bildi.
- Gəlmodiyim və zəng etmədiyim üçün məni bağışlayın, indi də hələ xəstəxanadayam.
- Əla.
- Nə əla?
- Bağışlayın, yaxşı çıxmadı, mon tamamilə başqa şey demək istəyirdim, yoni sizin üzürlü sobobdon görüşə golməməyiniz əla oldu.
- Xəstəxanadan çıxan kimi dərhal sizinlə görüşərik.
- Bilirsiniz, əgər etiraz etmirsinizsə, mən xəstəxanada sizə baş çəkə bilərəm, meyvə gətirərəm, ya da nəyi xoşlayırsınızsa, nə sizi sevindirərsə, deyin, onu gətirim...
- Lazım deyil, bura gəlməyin, məni tezliklə buraxacaqlar, özüm sizi görərəm, görüşənədək...
- Tezliklə sağalmağınızı arzulayıram...
Gega daha bir neçə gün xəstəxanada yatdı, dostlar-tanışlar onu qəhrəman sayaraq hal-əhval tutmağa gəlirdilər və bütün Tbilisi bilirdi ki, Geganın əynindən cinsi heç cür çıxara bilməyiblər; amma Geganın özü hey zarafat edib deyirdi: gözləmədilər, yoxsa verəcəkdim...

Bu inadcıl zarafatı ilə demək istəyirdi ki, o heç də qəhrəman deyil. Sonralar (bir il sonra) Tbilisidə Ortaçala həbsxanasında, ölümə məhkum olunmuşların kamerasında Gega xəstəxanada keçirdiyi bu günləri, ondan necə qəhrəman düzəltməyə çalışdıqlarını, özünün isə adi insan kimi qalmaq istədiyini tez-Iez xatırlayırdı.

Xəstəxanada onu çox saxlamadılar, hələlik yeriyə bilməsə də, həkimlərin fikrincə, bu, yalnız vaxt məsələsi idi.
Əməliyyatdan ikicə gün sonra İverieli qardaşları - Geganın Tibb institutunda oxuyan dostları hardansa ona əlil arabası tapıb gətirdilər. Axşamlar təriflərdən bezib, nəhayət, tək qaldıqda Gega arabanı dəhlizin axırına sürür, çəhrayı divardan asılmış qara telefonu götürüb Tinaya zəng edirdi.

O, xəstəxanadan çıxdıqdan iki gün sonra Tina ilə görüşdü, hələlik doğrudan da yeriyə bilmədiyi üçün Akademiyaya əlil arabası ilə getdi. Amma Tina onun yalanını bağışlamadı və düz bir həftə Gega ilə danışmadı. O Tinaya hər gün zəng edir, Tina isə cavab vermirdi. Gega bacardığı qədər hər şeyi ona izah etməyə çalışırdı, Tina cavab verməsə də, yaxşı tərbiyə aldığı üçün dəstəyi asmır, Geganı dinləyir, amma ona cavab vermirdi.

Gega özü özünə izah edə bilmədiyi şeyi Tinaya izah edirdi, doğrudan da taleyin istehzasından başqa bir izahı olmayan o zarafatı necə izah etmək olardı. Geganın Tina ilə ilk görüşə həqiqətən əlil arabasında getməyə məcbur olması, bəlkə doğrudan da taleyin istehzası idi. Ancaq o tezliklə (təxminən bir həftədən sonra) arabanı qaytardı və İverieli qardaşları onu aparıb xəstəxanaya geri verdilər. Vrangler gödəkçəni (anası qanı yuyub təmizləmiş və onu səliqə ilə tikmişdi) Dato geri almadı və üstəlik, Gegaya yeni cins gətirməyi vəd etdi.

Gega isə Tinadan başqa heç bir şey istəmirdi, Tinadan başqa heç nə haqqında düşünmürdü. Yalnız Tina haqqında – yer üzünün ən gözəl qızı haqqında düşünürdü...



Sosonun atası 

O, məşhur professor, öz dövrünün ən parlaq zəkalarından biri idi, amma o sovet dövrü idi və o dövrün öz qanunları vardı. Keçən əsrin altmışıncı-yetmişinci illərində professor və alimləri artıq güllələmirdilər, ancaq onları sovet hakimiyyəti ilə əməkdaşlıq etməyə məcbur edirdilər. Onların əksəriyyəti hökumətlə də əməkdaşlıq edirdi, bunsuz isə heç kim xaricə, heç bir elmi konfransa gedə bilməzdi. Hakimiyyətlə əməkdaşlıq, ilk baxışdan, xüsusi bir şey deyildi, xarici ölkələrə ezamiyyətə görə bəzən onlardan heç nə tələb etmirdlər, lakin bu yalnız ilk baxışdan belə idi. Əslində isə ən mühüm məsələni öz fıkrinə sahib olmaq və bunu söyləmək, siyasi baxışlarını açıq şəkildə bəyan etmək hüququnu onların əlindən almışdılar. Zəruri halda isə (əslində həmişə) onlar hakimiyyətin tərəfıni saxlamalıydılar. Bu əslində belə də idi, sovet alimlərinin əksəriyyəti sovet hökuməti ilə birlikdə itaətkarcasına böyük bir sovet yalanı yaradırdılar. Əlbəttə, istisnalar da olurdu – hökumətdən heç bir imtiyaz, mənzil, avtomobil istəməyən (yaxud hökumət onları mükafatlandırmaq istəmirdi) insanlar da tapılırdı, amma onlar az idi. Belə aliınlər öz “xruşşovka”larının mətbəxində oturub, elə orada işləyir, oradaca içir və yalnız orada, mətbəxdə sovet rejimini söyürdülər. Hərçənd bir neçə nəfər (onların arasında alimlər də vardı) həbsxanada oturmuşdu (mətbəxdə deyil), amma onlar dissidentlər idi...



Sosonun atası sovet Gürcüstanının ən yaxşı, ən adlı-sanlı alimlərindən biri hətta Gürcüstan MK-nin Birinci katibinin (faktiki olaraq hökmdarının) xüsusi ehtiramla yanaşdığı bir akademik idi. Sosonun da elə bu xoşuna gəlmirdi atasının hakimiyyətlə yaxınlığını və isti münasibətlərini xoşlamırdı, çünki o dövrün antisovet və liberal ruhlu Tbilisi gəncliyi üçün Eduard Şevardnadze mənsəbpərəst–bolşevik kimi tamamilə qəbuledilməz şəxsiyyət idi. Sovet iyerarxiyasında irəli çıxmaq üçün xüsusi ağıl, yaxud təhsil tələb olunmurdu, başqa bir şey – məsələn, Quriyanın gözəl kəndlərinin birindən əyalət inadkarlığı ilə gözəl sovet karyerasının zirvəsinə uğurla qalxmış Şevardnadzenin malik olduğu başqa bir şey lazım idi. O artıq altmışıncı illərin əvvəllərində (tbilisili rəqibləri ilə mübarizədə) Gürcüstanda birinci şəxsə çevrildi və çox zəhmət çəkmədən, tez bir zamanda yerli sovet ziyalılarının rəğbətini qazandı. Hərçənd bu, Birinci Katibin deyil daha çox gürcü ziyalılarının özünün xidməti idi, çünki onilliklər boyunca (mənəviyyatla birlikdə) onların təfəkkür qabiliyyəti da aşağı düşmüşdü. Şevardnadze hakimiyyətə gələrkən gizli işbazların həbsinə başladıqda, gürcü ziyalıları Otar Lazişvilinin saxlanılmasının korrupsiya ilə əsl mübarizə olduğunu düşünüb ürəkdən sevindilər. Onlar bilmirdilər ki, təqib olunan, gizlicə fəaliyyət göstərməyə vadar edilan sahibkar əslində bütün normal ölkələrdə dövlət iqtisadiyyatının dayağıdır. Sovet dövrünün gizli sahibkarları cəsur insanlar idilər və yalnız onlar normal dövlətin bel sütununu - cəmiyyətin orta təbəqəsini təşkil edə bilərdilər.
Böyükləri aldatmaq uşaqları aldatmaqdan həmişə asandır, buna görə də atalar aldandıqda, uşaqlar Şevardnadzenin qorxunc insan olduğunu anlamağa başladılar, çünki həbs edilənlərin arasında onun tezliklə güllələnmiş olan dostu da var idi. Gürcüstanda yoldaşdan çox, dosta həmişə böyük qiymət verilib (və təkcə Rustaveliyə görə deyil), buna görə də o dövrün gürcü gəncliyi yeni MK Katibinin əbəs yerə qan tökmədiyini anlamışdı - yeni katib öz qarşısına daha yüksək məqsəd qoymuşdu (kim bilir, bəlkə lap çoxdan, lap uşaqlıqdan) və bu məqsəd Moskva idi. Yalnız özününkülərə xüsusi bir şübhə ilə baxan gürcülər həmişə Moskvanın xşuna gəlirdi, odur ki, çox tez bir zamanda Soso və onun dostlarına Şevardnadzenin əsl niyyəti tamamilə aydın oldu. Onlar Şevardnadzeyə nifrət etməyə başladılar, xüsusən də onun üzündən öz atası ilə münasibətləri korlanmış olan Soso, çünki Soso atası kimi yaxşı bir insanın, yaxşı bir alimin belə cinayətkar bir hakimiyyətlə əməkdaşlıq etməsinin zəruri olduğuna heç cür inana bilmirdi. (Yeri gəlmişkən, sovet insanlarının əksəriyyətindən fərqli olaraq Soso problemin sovet idarəetmə sistemində deyil, konkret hökmdarda olduğunu düşünmürdü). 
Soso Rəssamlıq Akademiyasının tələbəsi idi və təhsilini bitirdikdən sonra maddi cəhətdən müstəqil olmaq və valideynlərindən ayrılmaq istəyirdi, çünki onların ailəsi artıq çoxdan normal ailələrə bənzəmirdi. Soso atası ilə danışmır, anası ilə də çox az ünsiyyətdə olurdu; anası yorulmadan evdə sakitliyi qorumağa çalışırdı, ancaq öz atasını qınayan Sosonun ucbatından bu heç də asan məsələ deyildi. 
Soso atası ilə danışmır və onun yalnız suallarına cavab verirdi; Amerikada keçirilən elmi seminara getməzdən əvvəl oğlundan soruşanda ki, onun üçün nə gətirsin, - Soso buna yalnız gülümsədi. 

- Heç bir şey, – çox sakitcə dedi. Lakin öz yeganə oğlunu lap körpəlikdən sevən ata indi həqiqətən mərhəmətə layiq idi, buna görə də Soso daha üç söz əlavə etdi: 

- Çox sağ ol... 

Ata öz yeganə oğluna heç bir söz demədi. O bilirdi ki, nə gətirmək lazımdır, axı onun tələbələri vardı, o dövrdə isə istənilən gənc gürcünün arzusu əsl amerikan cinsləri idi. Və oğlunun xətrinə o ilk dəfə cəsur və qətiyyətli olmağı qərara aldı, hər şeyi görən yol yoldaşı, DTK əməkdaşı sayıqlığını azca itirən kimi, Amerikada Sosoya əsl cins alacaqdı, baxmayaraq ki, qorxurdu, çox qorxurdu... 


Ən çox da qeyri–müəyyənlikdən qorxurdu, çünki sovet Gürcüstanına cins gətirdikdən sonra nə olacağını bilmirdi: bəlkə də, bu lirik həvəs üzündən heç bir çətinlik olmayacaqdı. Ancaq çox ciddi şəkildə cəzalandıra da bilərdilər - töhmət verərdilər (şəxsi işinə tikilməklə) yaxud İnstitut direktoru vəzifəsindən azad edər və Partiyadan çıxarardılar. Bunu televiziyada da müzakirə edərdilər, mətbuatda isə sovet akademikinin qərbin şirnikləndirici şeyləri qarşısında tab gətirməyib, kapitalistlərin provokasiyasına necə aldanması və oğluna amerikan cinsi alması haqqında anonim məktub çap oluna bilərdi. Məktubda bu barədə fıkir də bildirilərdi, ya da bu fikri özünə xal toplamaq istəyən diktor verilişin sonunda oxuyardı - gürcü alimi sovet hökumətinin qayğısına bu cür cavab verib dövlətin maraqlarını ucuz kapitalist şalvarına dəyişib. 
O, Amerikada cins aldığı zaman (nümayəndə heyətinin digər üzvlərindən gizlicə) qulağına məhz həmin diktorun səsi gəlmişdi, amma buna baxmayaraq xoşbəxt idi, çünki ömründə ilk dəfə azad seçim etmiş və siyasi qərar qəbul etmişdi. Cins o fikirləşdiyi kimi çox da ucuz deyildi. Bəlkə də o səbəbdən ki, sovet hökuməti xaricə səfər edən alimlərə və mədəniyyət xadimlərinə çox az məbləğdə pul dəyişməyə icazə verirdi, üstəlik onların xaricdən aldığı qonorarlar da tamamilə hakimiyyət orqanlarına qalırdı. Bununla belə əsas məsələ alınan malın özü idi, çünki geri qayıdarkən onu oğlunun xətrinə cinslə birlikdə keçəcəyi sovet sərhəddi gözləyirdi. Akademik aeroportda sərhəd nəzarətindən keçərkən artıq onun qulağına bir neçə telediktorun səsi birdən gəlirdi, hətta bir anlığa düşündü ki, cins şalvarı baqajdan özü çıxarıb təhvil versin, lakin son gücünü toplayaraq tərləmiş ovuclarını birbirinə sürtdü (ömründə ilk dəfə idi ki, əlləri tərləyirdi)... 
“Qadağan olunmuş nə isə bir şey gətirmirsiz ki?” deyə rus gömrükçüsü soruşanda gürcü alimi ağlamaq istədi, amma onun açıq pasportuna göz yaşları deyil, tər damcıları səssizcə düşdü; və Sosonun alası gülümsəyərək dedi: 

- İstidir, - və cibindən dəsmal çıxarıb alnını sildi... 

Gömrükçü pasportun üzərinə düşən tər damcısını görmədi və sualını yenidən təkrarladı. 

- Heç bir şey, z deyə akademik əvvəl inamsnzca, sonra isə daha qətiyyətlə cavab verdi. Qadağan olunmuş heç bir şey gətirmirəm. 


Gömrükçü məşhur alimə clə sınayıcı nəzərlərlə baxdı ki, alimin yadına tələbələr və imtahanlar düşdü. 

- Yoxlayaq? - gömrükçü çamadana baxaraq soruşdu. Cavab verməyə güc qalmamışdı, buna görə də Sosonun atası başını tərpətməklə kifayətləndi. İndi ancaq cibində olan ürək dərmanını fikirləşirdi. Amma həbi dilinin altına elə qoymalıydı ki, gömrükçü bunu görməsin. Bu asan deyildi və ürəkdən başlayan, sonra isə bütün bədənə yayılan ağrı kəsmək bilmirdi. 

Gözünü açanda, artıq hər şey bitmişdi. Ağ xalatlı qadın onun biləyindən tutub təəssüflə başını yırğalayırdı: 

- Çox uzun yol gəlmisiniz, yorulmusunuz, belə də olmalıydı, inciməyin, siz artıq gənc deyilsiniz, bundan sonra uzun səyahətlərdən qaçmalısınız. 

Onun baqajını nə aeroportda, nə də sonra açdılar və yalnız evə gəldikdən sonra o öz çamadanını açdı. Amerikadan alınan cinslər çamadana necə qoyulmuşdusa, elə də qalmışdı. 

O həqiqətdə nə baş verdiyini, aeroportda baqajının açılıb-açılmadığını bilmirdi. Bəlkə də, cinsi görmüşdülər, amma təəccüblənməmişdilər, hirslənməmişdilər, axı indi Sovet İttifaqında nə baş verdiyini dəqiq bilməyən gürcü alimi ən çox bundan qorxurdu. Hərçənd dəqiq bilirdi ki, bir neçə min il əvvəl Babildə nə baş verib. O indi də orada Gilqamışın Mesopotamiyasında, qədim şumerlərlə birlikdə yaşayırdı. 

Aeroportda olanlar haqqında nə oğluna, nə də arvadına bir şey danışdı və Amerikadan gətirdiyi “əsl” cinsi susaraq, qürurla Sosoya uzatdı. Soso gülümsəyib, təşəkkür etdi. Atasının sovet sərhəddini keçərkən necə bir əsəb gərginliyi keçirdiyini bilmək çətin deyildi. 

Soso artıq çoxdan böyümüşdü, lakin onun anası əsl gürcü anası idi - oğlundan cinsi geyinib göstərməyi xahiş etdi, amma Soso yalnız gülümsədi, anasını öpüb öz otağına girdi və qapını örtdü. 

O bütün gecəni rəsm çəkdi və Led Zeppelinə qulaq asdı. Yalnız hərdənbir stulun söykənəcəyinə atılmış təptəzə cinsə baxır, sonra baxışlarını Mik Caggerin divardan asılmış portretinə tuşlayırdı. Yorulduğu üçün bir neçə dəfə fasilə verib siqarey çəkdi. Belə dəqiqələrdə siqaret çəkmək xüsusilə ləzzət eləyirdi. Amma cinsi geyinmədi, heç əyninə necə qaldığına da baxmadı. Soso yatağa uzandıqda hava işıqlanmışdı. Bir az sonra yuxuya getdi. 
Səhər nahar etmədən Soso cinsi qoltuğunun altına vurub İrakli Kostavagilə yollandı.  Sosonun dostu İrakli məşhur gürcü dissidenti Merab Kostavanın oğlu idi. Merab Kostava - heç bir şeyin sındıra bilmədiyi bu insan antisovet fəaliyyətinə görə artıq dördüncü il idi ki, uzaq Sibir düşərgələrinin birində cəza çəkirdi. Soso dəqiq bilirdi ki, İraklinin atası oğluna nəinki amerikan cinsi gətirməyəcək (bunu çox istəsə belə), həm də Gürcüstana hələ uzun müddət qayıtmayacaq. Buna görə də Soso çox fikirləşmədən tezcə yuyundu və dostunun yanına tələsdi. 
İrakli də bütün gecəni yatmamışdı –şeir yazmışdı, indi yuxulu-yuxulu gözlərini ovuşduraraq, bu “əsl cinslərin" artıq onun olduğuna inanmırdı. Bu cisnlərin məhz ona hədiyyə edildiyini anlayıb, buna inandıqda isə gülümsəyib, Sosonu qucaqladı və sakitcə, amma təkidlə dedi: 

- Onu götürə bilmərəm. 

Soso bilirdi ki, belə də olacaq (İrakli təkəbbürlü olması ucbatından), buna görə də əvvəlcədən cavab hazırlamışdı: 

- Götürməsən, cıracam onu. 

- Bu əsl cinsdir?  - İrakli gülə–gülə soruşdu. 

- Əsl amerikan cinsidir, - Sosonun səsində inciklik vardı

- Deməli, cıra bilməzsən, əsl cins cırılmır. 

- Onda yandıraram! 

- Əsl cins yanmır, o hətta su da keçirmir, -  İrakli gülə-gülə sözünə davam etdi. Soso da güldü. 

İrakli Kostava dostunun bağışladığı cinsi demək olar ki, bir il geyindi; küçədə böyüklər gözlərini cinsdən ayırmır, uşaqlar isə ona əməlli-başlı baxmaq üçün daha yaxına gəlirdilər. O, intihar etməmişdən bir gün əvvəl cinsi yuyub təmizlədi və sahibinə qaytardı. Sosonun təəccübləndiyini görüb hər şeyi bir cümlə ilə izah etdi: 

- Çox yorulmuşam, o isə məni lap təngə gətirib. 

Dedi və üzr istədi. 

Soso elə fıkirləşdi ki, dostu onun bağışladığı cins paltar haqqında danışır, amma ertəsi gün İraklinin intihar etdiyini eşidəndə hər şeyi anladı. Soso əvvəlcə qərara gəldi ki, İrakli onların hamısını aldadıb, sonra isə heç nə hiss etmədiyinə görə, heç olmasa intihardan bir gün əvvəl heç bir şey anlamadığına görə özünün özünə acığı tutdu və uşaq kimi hönkürdü. 

İraklinin dəfnindən sonra Soso həmin cins şalvarın sağ balağına günəş şəkli çəkib geyindi və onu ölənə qədər əynindən çıxarmadı. 

Onu hamıdan gizli olaraq elə cins şalvardaca dəfn etmişdilər və Natiya Meqrelişvili on beş ildən sonra onun meyidini bu cins şalvara görə tanıdı... 


Yüklə 9,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin