Fiskal siyasətin avtomatik,yaxud «qurulmuş sabitləşdiriciləri» öz-özünü tənzimləmə sistemi və prinsipləri üzrə fəaliyyət göstərir. Bu o deməkdir ki, ölkənin təsərrüfat həyatının müəyyən mərhələsində inkişafın qeyri-sabitliyi nəticəsində geriləmə prosesi baş verdikdə, ümumi daxili məhsulun həcminin azalması ilə bağlı, toplanan vergilərin də ümumi məbləği aşağı düşür. Bütün vergilər ölkədəki işgüzar fəaliyyət səviyyəsindən bilavasitə, yaxud dolayı yollarla asılı olduğundan, bu proses tamamilə təbiidir. Çünki, demək olar bütün vergilər, o cümlədən şəxsi gəlir vergisi ailələrin qazancından; əmək haqqı vergisi işçilərin və qulluqçuların aldıqları maaşdan; sahibkarlıq fəaliyyəti ilə məşğul olanların və korporasiyaların gəlir vergisi isə onların əldə etdiyi mənfəətdən asılıdır. İqtisadiyyatın obyektiv-subyektiv səbəblərlə bağlı rastlaşdığı bu proses, avtomatik surətdə ümumi vergi ödənişlərinin həcminə öz mənfi təsirini göstərəcəkdir. Lakin iqtisadi geriləmə dövründə mütərəqqi tarif dərəcələrinə əsaslanan vergi sistemində, vergi ödəyicilərinin xeyrinə olan dəyişikliklər, yəni azalan gəlirlərdən vergi ödənişlərinin aşağı düşməsi meyli ev təsərrüfatları, şirkətlər üçün faydalı olur. Belə ki, vergilərin daha aşağı dərəcələrlə ödənilməsi prosesi müəyyən müddətdə məcmu tələbi stimullaşdıraraq, təsərrüfat həyatının səbatsızlığını nisbətən azaldır. Eyni zamanda iqtisadi geriləmə dövründə əhaliyə, onun aztəminatlı təbəqələrinə, işsizlərə transferlərin (müxtəlif ödənişlərin), yardımların, güzəştlərin edilməsi dövlət xərclərini artırsa da, lakin avtomatik surətdə məcmu tələbin kəskin aşağı düşməsinin qarşısını alır. Zəncirvari reaksiyanı xatırladan bu proseslər nəticəsində dövlət büdcəsində kəsir yaranır. Dövlət büdcəsində vergi dərəcələrinin dəyişməsilə bağlı baş verən prosesləri, həm onun həcminin azalmasını, həm də artmasını, yaxud defisitvəprofisithallarını, aşağıda verilmiş qrafıkdən görmək olar: