İbn Kəsir. Peyğəmbərlərin həyatı
İBN KƏSİR
PEYĞƏMBƏRLƏRİN
HƏYATI
Ərəb dilindən tərcümə edən
Abdur-Rahim Muradlı
Tərcüməçi:
R. Muradlı
Redaktor:
T. Kərimov
C. Rəhimli
Kompüter tərtibatçısı:
R. Muradlı
Kitabın hazırlanmasına köməklik göstərdiyi üçün
Ümumdünya İslam Gəncləri Assambleyası
Bakı regional şöbəsinə təşəkkür edirik.
KİTAB, AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏKTUBU ƏSASINDA ÇAP EDİLİR (№ DK-14/B)
Kitabın hüquqları qorunur ®
İrad və təkliflərinizi bu ünvana göndərə bilərsiniz
qarxuni@gmail.com
TƏRCÜMƏÇİDƏN
İbn Kəsir əd-Dəməşqinin "Peyğəmbərlərin həyatı" adlı kitabına dair
ÖN SÖZ
Aləmlərin Rəbbinə həmd edir, peyğəmbərlərin sonuncusu və ən şərəflisi Muhəmmədə , ondan əvvəl yaşayıb Allahın dinini təbliğ edən bütün peyğəmbərlərə Allahdan salavat və salam diləyirik. Onların yolunu iman ilə davam etdirənlərə Allahdan rəhmət və razılıq diləyirik. Ümmətimizin ən ali təbəqəsi sayılan əshabələrə də Allahdan razılıq və rəhmət istəyirik.
Peyğəmbərlərə və elçilərə iman gətirmək İmanın altı əsasından biridir. İslam qaydalarına görə Allah tərəfindən göndərilmiş peyğəmbərlərin hamısına iman gətirməyənin imanı doğru sayılmır. Eləcə də sonuncu peyğəmbər Muhəmmədə iman gətirməyənin və onun şəriətini qəbul etməyənin də imanı məqbul deyildir. Uca Allah müqəddəs kitabında bu haqda buyurur:
“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (əl-Bəqərə: 28).
Peyğəmbərlərə iman – Allahın şəriətini təbliğ etmək üçün göndərilən elçilərə və peyğəmbərlərə iman gətirməkdir. Hər kəs ki, onlara tabe olarsa hidayətə qovuşar, asi olan isə haqq yoldan azar. Biz etiqad edirik ki, onlar Allahın onlara nazil etdiyi şəriəti tam layiqincə insanlara çatdırıblar. Onlar şəriətdən heç nəyi nə azaltmayıb, nə artırmayıb, nə də bir şey gizlətməyiblər. Həmçinin Allahın bizə adını bildirdiyi və adını bildirmədiyi hər bir peyğəmbərə iman edirik.
Hər bir peyğəmbər özündən sonra gələn peyğəmbərlə insanları müjdələyir, ondan sonra gələn isə özündən öncəkini təsdiqləyir. Allah təalə buyurur:
“Deyin: Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbata) göndərilənlərə, Musaya və İsaya verilənlərə Rəbbi tərəfindən bütün peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq.” (əl-Bəqərə: 136)
Peyğəmbərləri yalançı sayan kimsə, artıq onu təsdiq edən Allahı yalançı saymış, peyğəmbərə asi olan isə ona itaət etməyi əmr edən Allaha asi olmuş sayılır.
“Allahı və peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər və bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər – bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü rüsvayedici əzab hazırlamışıq!” (ən-Nisa: 150-151)
Biz adını bildiyimiz və bilmədiyimiz peyğəmbərlərə iman gətirir, onlar haqqında haqq bildiklərimizi təsdiq edirik.
Peyğəmbərlər haqqında məlumat əldə etmək üçün etibarlı mənbə olaraq Qurani-Kərimi və Muhəmməd peyğəmbərin sünnəsini qəbul edirik. Qurani-Kərimdə peyğəmbərlər haqqında bəzən ətraflı, bəzən isə qısa məlumat verilmişdir. Peyğəmbərin sünnəsində də bu xüsusda geniş məlumatlar mövcuddur. Uca Allah buyurur:
Dostları ilə paylaş: |