«69. Biz: "Ey od! İbrahim üçün sərin və zərərsiz ol!" – dedik.» (əl-Ənbiya: 69). Əli ibn Əbu Talib س deyir: "Yəni ona heç bir zərər toxundurma".
İbn Abbas س və Əbul Aliyə deyirlər ki, "əgər Uca Allahın «zərərsiz ol!» – əmri olmasaydı o zaman odun soyuqluğu ona zərər verərdi".
Onlar qalib gəlmək istədilər, amma rəzil oldular. Ucalmaq istədilər, amma alçaldılar. Qələbə çalmaq istədilər, amma məğlub oldular. Uca Allah buyurur: « 70. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha çox ziyana uğratdıq.» (əl-Ənbiya: 70). Digər ayədə, «Biz də onları çox səfil bir vəziyyətə saldıq.» (əs-Saffat: 98). Onlar yalnız ziyan və səfillik əldə etdilər. Bu, dünyadakı cəzadır. Axirətdə isə od onlar üçün nə sərin, nə də zərərsiz olan deyildir. Heç orada onları təm-təraqla qarşılayan və salamlayan da olmayacaqdır. O yer Uca Allahın dediyi kimi, «o, nə pis məskən, necə də pis iqamətgahdır!"» (əl-Furqan: 66).
Ummu Şərik deyir ki, Peyğəmbər kərtənkələni öldürməyi əmr edib demişdir: "O İbrahimin oduna üfürürdü"132.
Aişə deyir ki, Peyğəmbər belə demişdir: "Kərtənkələni öldürün. O odu İbrahimin üzünə üfürürdü."133
Rəvayətçi deyir ki, Aişə də kərtənkələləri öldürürdü.
Nafi deyir: "Bir qadın Aişənin yanına daxil olduqda nizənin sancılmış vəziyyətdə olduğunu gördü və dedi: "Bu nə nizədir?" Aişə dedi: "Bununla kərtənkələləri öldürürük. Sonra Peyğəmbərdən rəvayət edib dedi: "İbrahim oda atılanda kərtənkələdən başqa bütün heyvanlar onun odunu söndürməyə çalışırdılar. Kərtənkələ isə onun üstünə od üfürürdü"."134
Fakih ibn əl-Muğirənin mövlası135 Saibə deyir ki, "mən Aişənin yanına daxil oldum və orada hazır durmuş nizə gördüm və dedim: "Ey möminlərin anası, bu nizəni nə edirsiniz? O dedi: Bu nizə kərtənkələlər üçündür. Onunla onları oldürürük. Peyğəmbər bizə danışıb ki, "İbrahim oda atılanda ətrafda olan hər bir heyvan odun söndürülməsi üçün çalışırdı. Yalnız kərtənkələdən başqa. O ona od üfürürdü." Peyğəmbər də bizə onu öldürməyi əmr edib"."136
İBRAHİM XƏLİLİN RÜBUBİYYƏT137 İDDİASINA DÜŞƏN ACİZ BİR BƏNDƏ İLƏ MÜBAHİSƏSİ
Uca Allah buyurur:
258. Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: "Mənim Rəbbim həm dirildir, həm də öldürür!" – dedikdə padşah: "Mən də həm dirildir, həm də öldürürəm!" – demişdi. İbrahim: "Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!" – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (əl-Bəqərə: 258).
Uca Allah Xəlilinin həddini aşıb rübubiyyət iddia edən zalım bir padşah ilə mübahisəsini xatırladır. İbrahim Xəlil onun gətirdiyi dəlil-sübutların heç olduğunu bildirir, cəhalətinin çox, ağlının isə azlığını ona isbat edir. İbrahim Xəlil ona açıq-aşkar sübut gətirib ona doğru yolu göstərdi.
Nəsəb138 və hədis alimləri deyirlər ki, bu Babilin padşahı idi və onun adı Nəmrud idi. O bütün dünyaya padşahlıq edirdi. Deyilənə görə dörd nəfər bütün dünyaya padşahlıq edib. İkisi mömin, ikisi isə kafir olub. Möminlər Zül-Qərneyn və Süleymandır. Kafirlər isə Nəmrud və Buxtunassardır.
Deyilənə görə Nəmrudun padşahlığı uzun müddət davam etmişdi. O hakimiyyəti dövründə zalımlıq edir, həddini aşır və tam şəkildə dünyaya bağlanırdı.
İbrahim Xəlil onu şəriki olmayan tək Allaha ibadət etməyə dəvət edəndə cahilliyi, azğınlığı və sərhədsiz arzuları onu Allahı inkar etməyə sövq etdi. O bu barədə İbrahim Xəlillə mübahisə edir, özünü Rəbb hesab edirdi.
İbrahim Xəlil ona deyəndə ki, «"Mənim Rəbbim həm dirildir, həm də öldürür!"» O da cavabında demişdi: «"Mən də həm dirildir, həm də öldürürəm!"» Qatadə, Suddi və Muhəmməd ibn İshaq deyirlər: "Onun öldürüb diriltməsi belə idi. Onun yanına öldürülməsinə qəti hökm kəsilmiş iki nəfəri gətirdikdə o birinin öldürülməsini, digərinin isə bağışlanmasını əmr etdikdə sanki birincini öldürüb ikincini diriltmiş kimi sayılırdı."
Əslində bu İbrahimə qarşı gətiriləsi dəlil deyil. Bu, mübahisənin məzmununa dəxli olmayan söhbətdir. Bu nə dəlildir, nə də əsasdır. Bu sırf qalmaqal yaratmaqdır. Bu isə öz-özlüyündə məğlubiyyət deməkdir. İbrahim Xəlil Uca Yaradanın varlığına hər kəsin şahidi olduğu ölüm-dirim hadisələrinin olmasını əsas gətirir, Uca Allahın bunun mütləq Yaradanı olduğunu deyirdi. Çünki, bu hadisələr öz-özünə baş verə bilməz. Yaradılışın baş verməsi, işlərin ram edilməsi, ulduzların, küləklərin, buludların və yağışın idarə edilməsi, heyvanların yaradılıb sonra öldürülməsi üçün mütləq idarə edən gərəkdir. Elə buna görə İbrahim Xəlil deyirdi: «"Mənim Rəbbim həm dirildir, həm də öldürür!"». Bu cahil padşah, «"Mən də həm dirildir, həm də öldürürəm!"» – deməklə baş verən dütün bu hadisələrin özü tərəfindən edilməsini iddia edirsə o təkəbbürlük və inadkarlıq edir. Əgər o bu sözləri ilə Qatadənin, Suddinin və Muhəmməd ibn İshaqın dediyini nəzərdə tuturdusa demək o, İbrahimin dediyi ilə əlaqədar heç bir söz deməmişdir. Çünki o, İbrahimin nə sözünü kəsməmiş, nə də onun dəlil-sübutlarına etiraz etməmişdi.
Padşahla mübahisəni bu məqamda bitirmək həmin məsələ barədə bir çox insanlarda şübhə doğura bilərdi deyə İbrahim Xəlil başqa dəlil gətirdi. Bununla o Yaradanın varlığını daha aşkar isbat etdi, Nəmrudun iddiasını da bir o qədər puç etdi. «İbrahim dedi: "Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!"» Yəni bu günəş idarə olunur. Yaradan, ram edən və qüvvət sahibi olan onu necə yaradıbsa o da hər gün məşriqdən çıxır. O, Özündən başqa ibadətə layiq haqq məbud olmayan, hər şeyi yaradan Allahdır. Əgər sən iddia etdiyin kimi yaradır və öldürürsənsə o zaman bu günəşi batdığı yerdən çıxart. Çünki, öldürən və dirildən istədiyini etməyi bacarmalı, heç kəs ona mane olmamalı və onu məğlub etməməlidir. Belə xüsusiyyətə sahib olan artıq hər şeyə hakim kəsilmiş və hər şey ona itaətkar olmuşdur. Əgər sən doğrudan da iddia etdiyin kimisənsə o zaman bunu et. Əgər edə bilməsən demək sən iddia etdiyin kimi deyilsən. Sən və səni tanıyan hər kəs bilir ki, sən deyilənləri edə bilməzsən. Sən hətta ağcaqanad yaratmaqdan və ya ona qalib gəlməkdən çox acizsən. İbrahim onun azğınlığını, cahilliyini və iddiasında yalançı olduğunu, tutduğu yolun və qövmünün cahilləri arasında fəxrlə söylədiklərinin batil olduğunu ifşa etdi. Onun İbrahimə cavab verməyə tək bir kəlməsi də qalmadı. Aciz düşüb susdu. Bu səbəbdən Uca Allah buyurur: «O kafir çaşıb qaldı. Allah zalım qövmü doğru yola yönəltməz.»
Dostları ilə paylaş: |