İBRAHİM XƏLİLİN ŞAM VİLAYƏTİNƏ HİCRƏT ETMƏSİ, MİSİR TORPAQLARINA DAXİL OLUB MÜQƏDDƏS DİYARDA QƏRAR TUTMASI
Uca Allah buyurur:
26. Lut ona iman gətirdi. İbrahim dedi: "Mən Rəbbimin yanına hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir".
27. Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır! (əl-Ənkəbut: 26-27).
Digər surədə deyilir:
71. Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.
72. Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik.
73. Biz Öz əmrimizlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.» (əl-Ənbiya: 71-73).
İbrahim Allah yolunda öz qövmünü tərk etdikdə onların yaşadıqları yeri də tərk etdi. Arvadı da qısır idi, uşaqları olmurdu. Onun heç bir övladı da yox idi. Onunla qardaşı oğlu Lut ibn Haran ibn Azər var idi. Amma bundan sonra Uca Allah ona əməlisaleh övladlar bəxş etdi. Peyğəmbərliyi və kitabları onun nəslinə verdi. Ondan sonra göndərilən hər bir peyğəmbər onun nəslindən idi. Ondan sonrakı peyğəmbərlərə göndərilən kitab onun nəslindən olanlara göndərilirdi. Bu Uca Allahın ona etdiyi lütfkarlığı və ehtiramı idi. Belə ki, o öz vətənini, ailəsini və qohumlarını tərk edib Allaha ibadət etmək və insanları Allahın yoluna çağırmaq üçün əlverişli şəraiti olan ölkəyə köçmüşdü.
O ilk olaraq Şam vilayətinə köçməyi qərara aldı. Uca Allahın bu ayəsində həmən yer haqqında deyilmişdir: «aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik...» (əl-Ənbiya: 71). Bunu Ubeyy ibn Kəəb, Əbul Aliyə, Qatadə və digərləri deyiblər.
Məşhur olan budur ki, Sara onun əmisi Haranın qızı idi. Bu gün şəhər adı olan "Hərran" da onun adına nisbət olunur. Saranın, İbrahimin qardaşı Haranın qızı, yəni Lutun bacısı olduğunu iddia edənlər səhv edir, elmsiz danışırlar. Suehyl bu fikri əl-Quteybidən və ən-Nəqqaşdan nəql etmişdir. O zamanlar qardaş qızı ilə evlənməyin icazəli olmasını deyənlərin də heç bir sübutları yoxdur. Hətta bunun – yəhudi Rəbbanilərin dedikləri kimi – icazəli olduğunu fərz etsək yenə də peyğəmbərlər bundan uzaqdırlar. Daha doğrusunu Allah bilir.
ZALIM PADŞAHIN İBRAHİMİN ZÖVCƏSİ SARAYA PİSLİK ETMƏK İSTƏMƏSİ VƏ ALLAHIN SARANI QORUMASI
Dostları ilə paylaş: |