127. Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! Bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!” – deyə dua etdilər.
128. “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan müsəlman ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”
129. “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin, onları təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.» (əl-Bəqərə: 124-129).
Uca Allah qulu, elçisi, həniflərin imamı və peyğəmbərlərin atası xəlili İbrahimin Kəbəni tikməsi haqqında xəbər verir. Bu məscid ümumi kütlənin orada Allaha ibadət etməsi üçün tikilən ilk məscid idi. Uca Allah məscidin yerini İbrahimə göstərmiş və onu oraya yönəltmişdi.
Möminlərin əmiri Əli ibn Əbu Talibdən və başqa səhabələrdən rəvayət olunur ki, məscidin yeri ona Uca Allah tərəfindən vəhy ilə bildirilmişdi.
Göylərin yaradılışı haqqında danışarkən168 demişdik ki, Kəbə evi "Beytul Məmur"un169 altındadır. Əgər "Beytul Məmur" yerə ensə, düz onun üstünə düşər. Yeddi qat səmanın məbədləri də eyni istiqamətdədir. Bəzi sələflər deyirlər: Səmanın hər qatında məscid vardır. Oranın camaatı orada Allaha ibadət edirlər. Oradakı məscid yerdəki Kəbə timsalındadır.
Uca Allah İbrahimə əmr etdi ki, yer əhli üçün Səmadakı mələklərin məbədi kimi bir məbəd tiksin. Sonra Uca Allah göylər və yer yaradılan vaxtdan ev üçün təyin etdiyi yeri ona göstərdi. Bu haqda Buxari və Muslimin əs-Səhih əsərində170 deyilir: "Uca Allah bu şəhəri göyləri və yeri yaradandan bəri haram171 etmişdir. Bu yer Allahın əmri ilə Qiyamətə qədər haram olaraq qalacaqdır."
İbrahim Xəlildən əvvəl Kəbənin inşa olunmasını isbat edən heç bir səhih hədis rəvayət olunmamışdır. Kim bu ayəni «Kəbənin yerini bildirib...» (əl-Həcc: 26) məsələyə dəlil olaraq qeyd edirsə bu heç də tutarlı və ya aşkar dəlil deyildir. Çünki ayə, evin Allahın elmində təyin olunduğundan danışır. Bu, Allahın qədərində müəyyən edilmişdir. Adəmin zamanından İbrahimin zamanına qədər bütün peyğəmbərlər bu yeri təzim etmişlər.
Uca Allah buyurur: «Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki (Məkkədəki) evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.» (Ali İmran: 96). Yəni Bəkkədəki bu ev ümumi kütlə üçün doğru yol və bərəkət qaynağı olmuşdur. Bəzi alimlərin fikrinə əsasən bu vəsf ümumilikdə Məkkə şəhərinə şamildir. Digərləri isə deyirlər ki, ayədə deyilənlər Kəbənin yerinə aiddir. «Orada aydın nişanələr vardır.» (Ali İmran: 97). Yəni bu evi, özündən sonrakı peyğəmbərlərin atası, övladının hənif nəslinin və onların yolunu gedənlərin lideri olan İbrahimin tikməsini sübut edən açıq-aşkar nişanələr vardır. Bu səbəbdən, ayənin davamında deyilir: «İbrahimin məqamı vardır.» (Ali İmran: 97). Yəni bina hündürə qalxdıqda ayağının altına qoyduğu daş da oradadır. Bina hündürə qalxıb iş çətinləşdikdə, oğlu bu məşhur daşı onun ayağının altına qoymuşdu. Bu haqda İbn Abbasın uzun məzmunlu bir hədisində172 məlumat verilmişdir. Bu daş ta qədim zamandan Ömər ibn Xəttabın xilafəti dövrünə qədər Kəbənin divarına bitişik idi. Ömər bu daşı evdən bir az aralı çəkdirdi ki, Kəbəni təvaf edənlər bu daşın arxasında namaz qılanlara mane olmasınlar. Ömər ibn Xəttabın bu əməlinə hər kəs razı oldu. Çünki əvvəllər Rəbbi də bir neçə qayda-qanun təyin etməklə Ömərin dediyini dəstəkləmişdi. Məsələn, Ömər Peyğəmbərə demişdi ki, "İbrahim Məqamında" namazgah etsək yaxşı olar. Sonra Uca Allah bu ayəni nazil etdi: «“İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!”» (əl-Bəqərə: 125).
İslamın ilk vaxtlarına qədər İbrahimin ayaqlarının izi daşın üzərində qalmışdı. Əbu Talib məşhur "Lamiyyə" qəsidəsində, İbrahimin mübarək yalın ayaq izlərinin onun zamanında daşın üzərində qaldığını yada salır. Elə buna görə Uca Allah buyurur: «Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman» (əl-Bəqərə: 127). Onlar ixlas və tam mütiliklə dua edər, bu əzəmətli itaətlərinin və zəhmətlərinin qəbul olunması üçün eşidən və bilən Allaha müraciət edər və deyərdilər: «“Ey Rəbbimiz! Bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!” – deyə dua etdilər. 128. “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”» (əl-Bəqərə: 127, 128).
Burada məqsəd odur ki, İbrahim Xəlil heç kəsin yaşamadığı və heç bir əkin-biçin olmayan, lakin müqəddəs sayılan məkanda ən şərəfli məscidi inşa etmiş, oranın əhalisi üçün Allahdan bərəkət istəmişdir. Suyun azlığına və ağacların yoxluğuna rəğmən oranın mer-meyvə ilə bol olması üçün dua etmişdir. Həmçinin oranın toxunulmaz və əmin-aman olmasını istəmişdir.
Uca Allah da onun bu duasını qəbul etmiş, harayına səs vermiş, istədiyini ona vermişdir. Uca Allah buyurur: «Məgər ətraflarındakı adamlar qamarlanıb götürüldüyü halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi?...» (əl-Ənkəbut: 67). Digər ayədə deyilir: «Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin daşınıb gətirildiyi, qorxusuz-xətərsiz bir yerdə (Məkkədə) sakin etmədikmi?» (əl-Qasas: 57).
İbrahim onlara özlərindən, yəni özlərindən olan və öz fəsahətli geniş dillərində danışan bir peyğəmbər göndərilməsi üçün dua etmişdi ki, onlar üçün həm dünya, həm də axirət neməti və xoşbəxtliyi hasil olsun. Uca Allah onun duasını qəbul etdi və onlara özlərindən bir peyğəmbər göndərdi. Peyğəmbər nə peyğəmbər?! Onu bütün peyğəmbərlərin və elçilərin sonuncusu etdi. Digər peyğəmbərlərdən fərqli olaraq, ona verdiyi dini kamil etdi. Onun çağırış səsini irqindən, dilindən və milliyyətindən asılı olmayaraq hər kəsə eşitdirdi, dünyanın hər tərəfinə və bütün əsrlərə çatdırdı. Bu, əvvəlki peyğəmbərlərdən fərqli olaraq Muhəmmədə məxsus verilmiş bir xüsusiyyət idi. Bu onun şərəf-ləyaqətinə, göndərilən dinin kamilliyinə, yaşadığı yerin qədir-qiymətinə, dilinin fəsahətinə, ümmətinə qarşı hədsiz mərhəmətinə, səxavətinə, rəhmətinə, dünyaya gəlişinin önəmliliyinə və mənbəyinin gözəl olmasına görə idi.
Yer əhalisi üçün Kəbəni inşa etmiş İbrahimin məqamı və məkanı yüksək səmalarda, ali mərtəbələrdə, yeddinci səma əhalisinin Kəbəsi hesab olunan mübarək "Beytul-Məmur"un yanında olmağa layiq idi. O ev ki, hər gün yetmiş min mələk ibadət etmək üçün oraya daxil olur və Qiyamətə qədər bir daha qayıtmırlar.
Təfsir kitabımızda "əl-Bəqərə" surəsinin təfsirində173 İbrahimin Kəbəni necə inşa etməsi barədə danışmışıq. Bu haqda rəvayət olunan kifayət qədər hədis və rəvayətləri də qeyd etmişik. İstəyən oraya müraciət edə bilər. Şükr və tərif Allaha məxsusdur.
Kəbə uzun müddət İbrahimin tikdiyi formada qaldı. Sonra Qureyş qəbiləsi onu yenidən inşa etmiş və evin şimal tərəfini İbrahimin tikdiyindən fərqli etmişlər174. Bu gün də eyni tikili forması qalmaqdadır.
Buxari və Muslimin səhih kitabında Aişədən rəvayət olunur ki, Peyğəmbər belə demişdir: "Görmürsənmi, qövmün Kəbəni inşa edərkən İbrahimin qoyduğu bünövrədən kənara çıxıblar?!" Mən dedim: "Ey Allahın Rəsulu! İndi sən Evi İbrahimin bünövrəsinə qaytarmayacaqsan?!" Peyğəmbər dedi: "Əgər qövmün küfrdən yenicə çıxmış olmasaydılar mən bunu edərdim".
Digər rəvayətdə isə deyilir: "Əgər qövmün cahiliyyət dövründən –bəzi rəvayətlərə əsasən, küfrdən – yenicə çıxmış olmasaydılar Kəbənin xəzinəsini Allah yolunda paylayar, qapısını yerdən edər, "Hicri-İsmaili" də binaya qatardım"175.
İbn əz-Zubeyr hakimiyyəti dövründə Kəbəni deyilən formada inşa etmişdi. O, bunu doğma xalası möminlərin anası Aişənin rəvayəti əsasında, Peyğəmbərin dediyi kimi etmişdi. Hicrətin yetmiş üçüncü ilində Həccac ibn Yusuf onu qətlə yetirəndə, o zamanın xəlifəsi Əbdülməlik İbn Mərvana məktub yazıb bu haqda ona xəbər vermişdi. Xəlifə İbn əz-Zubeyrin bunu əsassız etdiyini düşünüb evin əvvəlki qaydaya gətirilməsi barədə əmr verdi. Onlar şimal tərəfdəki divarı söküb "Hicri İsmaili" evdən ayırıb, divarı yenidən hördülər. Artıq qalmış daşları isə evin içərisinə doldurdular. Evin şərq tərəfdəki qapısını hündürə qaldırdılar, qərbdəki qapısını isə təmamilə bağladılar. Bu günə qədər ev eyni formada qalmaqdadır.
Sonra onlar İbn əz-Zubeyrin bunu möminlərin anası Aişənin rəvayəti əsasında etdiyini eşidəndə, peşman oldular. Onun etdiyi dəyişiklikləri olduğu kimi saxlamadıqlarına görə təəssüf etdilər.
əl-Məhdi ibn Mənsur öz xəlifəliyi dövründə evi İbn əz-Zubeyrin tikdiyi vəziyyətə qaytarmaq barədə İmam Malik ibn Ənəs ilə məşvərət etdi. İmam Malik dedi: "mən qorxuram ki, krallar bunu oyuncaq edərlər". Yəni hər yeni təyin olunmuş kral evi istədiyi kimi tikər. Xəlifə bu sözləri qəbul etdi və ev bu gün olduğu formada qaldı176.
Dostları ilə paylaş: |