LUTUN ARVADI VƏ BAŞINA GƏLƏNLƏR Deyilənə görə Lutunarvadı qövmü ilə qalmışdı. Bəziləri isə deyirlər ki, o əri və iki qızı ilə birgə şəhərdən çıxmışdı. Yolda qövmünün hay-harayını və şəhərin məhvini eşitdikdə qövmünə tərəf baxdı. Bununla o əzab gələn anda və əvvəllər də Rəbbinin əmrinə asi oldu. O qövmünün məhvinin görüb dedi: Vay qövmüm! Bu zaman onun üzərinə də bir daş düşdü və o da qövmünə qovuşdu. Çünki o da onların yolu ilə gedir, Lutunyanına gələn qonaqlar barədə qövmünə xəbər verməklə cəsusluq edirdi. Uca Allah buyurur: «10. Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.»(ət-Təhrim: 10).Yəni onlar din barəsində ərlərinə xəyanət edir, dinə tabe olmurdular. Onların xəyanəti fahişəlikdə deyildi. Biz heç bir peyğəmbərin namusuna dil uzatmarıq. Çünki Uca Allah heç bir peyğəmbərinə fahişəlik edən qadın qismət etməmişdir. Bunu İbn Abbas və bütün əsrlərdə yaşayan digər sələf alimləri də təkidlə qeyd edib deyiblər: Heç bir peyğəmbərin yoldaşı fahişəlik etməmişdir. Kim bu deyilənlərin əksini deyirsə o, çox böyük səhv edir. Peyğəmbərin həyat yoldaşı Aişənin ittiham olunduğu məlum böhtan hadisəsində böhtançılar möminlərin anasını ittiham etdikləri zaman Uca Allah Peyğəmbərin həyat yoldaşı və Əbu Bəkr əs-Siddiqin qızı, möminlərin anası olan Aişənin pak olduğunu bildirmiş, bu böhtana inandıqlarına görə möminləri qınamış, onları bir daha belə işə uymaqdan çəkindirmiş və onlara xatırlatma olsun deyə buyurmuşdu: «15. O zaman ki, siz yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu, Allah yanında çox böyük günahdır! 16. Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtandır!” – deməli deyildinizmi?»(ən-Nur: 15-16). Ey Allahım, Sənin peyğəmbərinin yoldaşının deyilən kimi olmasından Səni pak və müqəddəs tuturam.