ŞUEYB TAYFASININ MƏHVİ
Uca Allah buyurur: «91. Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).» (əl-Əraf: 91). Əl-Əraf surəsində deyilir ki, onlar silkələndilər. Yer silkələndi və güclü zəlzələ baş verdi. Bu dəhşət onların ruhlarını cəsədlərindən ayırdı. Onların heyvanları yerin cansız üzvlərinə çevrildilər. Cansız cəsədləri diz üstə düşüb qalmışdı. Onlar nə tərpənir, nə də bir şey hiss edirdilər.
Allah onlara bir neçə cür cəza vermiş, müxtəlif işgəncələr göstərmiş, fərqli bəlalara düçar etmişdi. Bütün bunlar onların sahib olduqları pis xüsusiyyətlərə görə idi. Allah onlara elə bir silkələnmə göstərdi ki, hərəkətləri dayandı. Elə bir tükürpədici səs eşitdirdi ki, bütün səsləri susdurdu. Başları üzərində qara buludlar peyda etdi və onun hər tərəfindən üzərlərinə od yağdırdı. Uca Allah Qurani-Kərimdə onların necə həlak olmasını, etdikləri əməllərinə uyğun gələn əzab ilə məhv etdiyini qeyd etmişdir.
Əl-Əraf surəsindəki hekayədə onlar Allahın peyğəmbərini və əshabələrini qorxutmuş, öz dinlərinə dönmələrini şərt qoymuş, əks halda onları yaşadıqları torpaqlardan qovmaqla hədələmişdilər. Uca Allah onlara bu əməllərinə uyğun əzab verildiyini bildirib buyurur: «91. Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).» (əl-Əraf: 91). Onların sarsıntısına sarsıntı, hədə-qorxusuna hədə-qorxu ilə qarşılıq verildi. Bu növ əzabın qeyd olunması bu və əvvəlki kontekstə uyğun olduğu üçün burada qeyd olunmuşdur.
Hud surəsində isə onların tükürpədici səslə büründükləri və öz evlərində dizi üstə düşüb qaldıqları qeyd edilmişdir. Çünki onlar istehza, alçaltma və məsxərə ilə Allahın peyğəmbərinə belə dedilər: «87. Onlar (istehza ilə) dedilər: “Ey Şueyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”» (Hud: 87). Bu iyrənc sözləri işlətməkdən çəkindirmək üçün, tükürpədici səsin qeyd olunması daha münasib bilinmişdir. Çünki onlar Allahın əmin və fəsahətli peyğəmbərini eyni tərzdə qarşılayırdılar. Tükürpədici səslə susduruldular, sarsıdıcı silkələmə ilə sakitləşdirildilər.
Əş-Şuəra surəsində onların buludlu günün əzabı ilə məhv olduqları deyilir. Bu onların istədiklərinin qarşılığı idi. Onlar belə deyirdilər: «185. Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! 186. Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən! 187. Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!” 188. (Şueyb) dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”» (əş-Şuəra: 185-188).
Eşidən və bilən Allah isə belə dedi: «189. Nəhayət, onu (Şueybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.» (əş-Şuəra: 189).
Dostları ilə paylaş: |