ŞUEYB VƏ ONUNLA BİR OLAN MÖMİNLƏRİN QURTULMASI
Uca Allah Şueybi və onunla bir olan möminləri xilas etdi. Ən doğrusunu deyən Uca Allah buyurur: «94. (Şueyb tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Özümüzdən bir mərhəmət olaraq, Şueybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli (tükürpədici) bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar (bir göz qırpımında məhv oldular). 95. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi (Allahın rəhmətindən) uzaq (kənar) oldu!» (Hud: 94-95). Digər ayədə deyilir: «90. (Şueyb) tayfasının kafir əyanları (tabeliyində olanlara) dedilər: “Əgər (dininizi atıb) Şueybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!” 91. Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). 92. Şueybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şueybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.» (əl-Əraf: 90-92). Bu cəza onların bu sözünün müqabilində verilmişdi: «“Əgər (dininizi atıb) Şueybin ardınca getsəniz, şübhəsiz ki, (çox böyük) ziyana uğramış olarsınız!”» (əl-Əraf: 90).
Uca Allah buyurur ki, peyğəmbərləri gileylənərək onları danlayır və deyirdi: «93. (Şueyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə heyfsilənə bilərəm?”» (əl-Əraf: 93). Onlar həlak olduqdan sonra oradan uzaqlaşa-uzaqlaşa deyirdi: «“Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim.» Yəni mən üzərimə düşən vacib tam təbliğatı və kamil öyüd-nəsihəti yerinə yetirmişəm. Sizin hidayət olunmağınız üçün bütün səylərimi ortaya qoydum, amma bu sizə fayda vermədi. Çünki Uca Allah azğınlığı seçənlərə hidayət verməz və onların heç bir köməkçisi də olmaz. Mən buna görə sizə heyfsilənmirəm. Çünki siz öyüd-nəsihət qəbul etmir, eyiblərin açılacağı gündən qorxmurdunuz. Bu səbəbdən Şueyb onlara deyirdi: «İndi kafir bir tayfadan ötrü necə heyfsilənə bilərəm?» Yəni mən bunlara görə necə kədərlənə bilərəm. Onlar haqqı qəbul etmir, nə ona qayıtmır, nə də haqq tərəfə baxmırdılar. Buna görə Allahın qarşısı alınmayan əzabı onlara gəldi. Heç kəsin belə bir əzabdan qurtuluş yolu yoxdur.
Dostları ilə paylaş: |