1. Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir!
2. (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız.
3. (Ey Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.» (Yusuf: 1-3).
Muqəttə həriflər barəsinədə əl-Bəqərə surəsinin təfsirinin əvvəlində228 danışmışıq. İstəyən orada bu araşdırma ilə tanış ola bilər.
Bu surə haqqında da təfsir kitabında geniş açıqlama vermişik. Burada isə həmin məlumatları qısa şəkildə xatırladacağıq.
Uca Allah qulu və hörmətli elçisinə nazil etdiyi kitabı (Qurani-Kərimi) tərifləyir. Onun xalis ərəbcə, nitqi aydın və hər bir aqil insan tərəfindən anlaşılan bir kitab olduğunu bildirir. O səmadan nazil olan ən şərəfli kitabdır. Onu ən şərəfli mələk, ən şərəfli zamanda və ən şərəfli məkanda ən şərəfli məxluqa gətirmişdir. O ən fəsih dildə və aydın mənada göndərilmişdir. Keçmişdə baş verənlərdən xəbər verərkən ən yaxşı və ən dolğun məlumatı xatırladır. İnsanların fikir ayrılığında olduqları məsələlərdə daha doğrusuna qəti qərar verir, əsassız iddiaları rədd edib onların yalanını aşkara çıxardır.
Əmr və qadağalara baxsaq onun (Qurani-Kərimin) qanunları ən ədalətli və ən şəffafdır. Onun əhkamları aydın, hökmləri isə ədalətlidir. O Uca Allahın Özünün dediyi kimi: «Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu.» (əl-Ənam: 115). Onun xəbərləri doğru, əmr və qadağaları isə ədalətlidir.
Buna görə Uca Allah buyurur: «3. (Ey Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.» (Yusuf: 3). «52. (Ey Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik. Sən (bundan əvvəl) kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu bəndələrimizdən dilədiyimizi haqq yola qovuşdurmağımız üçün bir nur etdik. Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan). 53. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Bil ki, bütün işlər axırda Allaha qayıdacaqdır!» (əş-Şura: 52-53).
Digər ayədə Uca Allah buyurur: «99. (Ey Rəsulum!) Keçmişin xəbərlərinin (olub keçənlərin) bir qismini sənə belə nəql edirik. Sənə Öz dərgahımızdan (insanların düşünüb daşınması, ibrət alması üçün) Quran da vermişik! 100. Hər kəs ondan üz döndərsə, şübhəsiz ki, Qiyamət günü ağır bir günahla yüklənəcəkdir. 101. Belələri (o günah yükünün) altında (yükü ilə birlikdə Cəhənnəm əzabında) əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük necə də pisdir!» (Taha: 99-101).Yəni kim bu Qurandan üz döndərib başqa kitabların ardınca gedərsə, deyilən əzabla yaxalanacaqdır.
Cabir deyir ki, Ömər ibn əl-Xəttab Peyğəmbərin yanına gəlib Əhli-Kitabdan götürdüyü bir kitabı Peyğəmbərə oxudu. O bunu görüb qəzəbləndi və dedi: "Ey Xəttab oğlu! Məgər öz dininizdə heyrətə gəlmisiniz (çaş-baş qalmısınız)? Nəfsim əlində olana and olsun ki, mən bu dini sizin üçün təmiz gətirmişəm. Siz onlardan (din barəsində) heç bir şey soruşmayın. Birdən haqq desələr yalan hesab edəcək, batil söyləsələr təsdiqləyəcəksiniz. Nəfsim əlində olana and olsun əgər Musa sağ olsaydı onun qarşısında mənə itaət etməkdən başqa seçimi olmazdı."229 Sənədi səhihdir.
Dostları ilə paylaş: |