26. (Yusuf) dedi: “O məni tovlayıb yoldan çıxartmaq istədi!” Bir şahid belə şəhadət verdi: “Əgər köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
27. Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusuf) isə doğru danışanlardandır.”
28. (Qadının əri Yusufun) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”
29. Ey Yusuf! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.» (Yusuf: 23-29).
Uca Allah Əzizin arvadının Yusufu necə tovlamağa çalışdığını, onun hal və məqamına layiq olmayan işə təhrik etdiyini xatırladır. Qadın çox gözəl, varlı, yüksək mənsəbli və gənc idi. O, evin qapılarını həm özünün, həm də Yusufun üzünə bağlamışdı. O, bunun üçün hazırlaşmış, ən gözəl və ən dəbdəbəli libasını geyinmişdi. Bununla yanaşı o həm də vəzirin arvadı idi.
Bu baş verənlər Yusufun valehedici gözəlliyi və simasına görə idi. Amma o peyğəmbərlər sülaləsindən olan bir peyğəmbər idi. Rəbbi onu pozğunluqdan, qadınların hiyləsindən qorudu. O, Buxari və Muslimin "əs-Səhih" əsərində235 peyğəmbərlərin sonuncusu Muhəmmədin dilindən, yerin və göylərin sahibinin dərgahında deyilən yeddi seçilmiş qrupa daxil olmuşdur. "Yeddi qrup insan vardır ki, heç bir kölgənin olmadığı bir gündə Allah onları yaratdığı kölgəsinə alacaqdır. Onlar bu kəslərdir: Ədalətli rəhbər, tənhalıqda olarkən Allahı zikr edib gözləri yaşaran, məsciddən çıxıb ora qayıdana qədər qəlbi məscidə bağlı olan, Allah xətrinə bir-birini sevib və bu sevgi əsasında birləşən və ayrılan kimsə, sol əlinin sağ əlinin nə verdiyindən bixəbər olub xəlvətdə sədəqə verən, Allaha ibadət etməklə böyüyən gənc, gözəl və yüksək mənsəbli qadının onu çağırdığı zaman: "Mən Allahdan qorxuram" – deyən kimsə."
Burada diqqət ediləcək budur ki, qadın onu özünə çağırır və bunun üçün tam səy göstərirdi. Yusuf isə belə deyirdi: «Mən Allaha sığınıram. Axı o mənim ağamdır.» Yəni sənin ərin evin sahibidir, mənim ağamdır. «O mənə yaxşı baxır» mənimlə xoş davranır, məni dəyərləndirir. «Həqiqətən, zülm edənlər nicat tapmazlar!»
Biz bu ayə haqqında "Təfsir" kitabımızda236 qənaətli danışmışıq. «Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi.»
Bu məsələdə əksər təfsir alimlərinin fikirləri kitab əhlindən götürülmüşdür. Bizim bu kimi fikirlərdən üz döndərməyimiz daha yaxşı olar.
Üzərimizə düşən vacib etiqad budur ki, Allah təala onu qorumuş, pak tutmuş, əxlaqsızlıqdan uzaqlaşdırmışdır. Uca Allah buyurur: «Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!»
Dostları ilə paylaş: |