«Lakin Şeytan ona ağasının yanında yada salmağı unutdurdu». Ayədəki əvəzliyin Yusufa aid olmasını (Yusufun unutduğunu) demək əsassızdır. Bu haqda İbn Abbasdan və İkrimədən rəvayətlər nəql olunur. İbn Cəririn bu xüsusda nəql etdiyi rəvayət də hər baxımdan zəifdir. Həmin rəvayətin sənədini yalnız İbrahim ibn Yəzid əl-Xuzi əl-Məkki nəql etmişdir. O isə tərk olunmuş rəvayətçilərdəndir. Həsən əl-Bəsrinin və Qatadənin mürsəl rəvayətləri də məqbul sayılmır. Bu məqamda isə ümumiyyətlə belə rəvayətləri qəbul etmək olmaz. Doğrusunu Allah bilir.
İbn Hibbanın "əs-Səhih" əsərində Yusufun bu müddət ərzində zindanda qalmasının səbəbi haqqında danışarkən qeyd etdiyi hədisə gəlincə, Əbu Hureyrə Peyğəmbərin belə dediyini rəvayət edir: "Allah Yusufa rəhmət etsin. Əgər onun «Ağanın yanında məni də yada sal!» sözü olmasaydı bu qədər müddət zindanda qalmazdı. Allah Luta da rəhmət etsin. O da öz qövmünə bunları deyəndə artıq çox güclü bir arxaya arxalanmışdı. «Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim.» Ondan sonra Allahın göndərdiyi bütün peyğəmbərlər tayfasından dəvətini qəbul edən çoxsaylı tərəfdarla göndərilirdilər"244.
Bu hədis bu sənədlə münkər (qeyri-məqbul) hədisdir. Muhəmməd ibn Amr ibn Alqəmə bəzi məsələləri təkcə rəvayət etmişdir və həmin məsələlərdə bir növ qəribəlik vardır. Bu isə onların ən qəribəsi və qəbul olunmayanıdır. "İki Səhih" kitabda rəvayət olunan hədis bunun səhv olduğuna şahidlik edir. Doğrusunu Allah bilir.
Dostları ilə paylaş: |