«74. Onlar soruşdular: “Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?” 75. (Qardaşlar:) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.» Onların şəriətində hökm belə idi ki, oğru, malı oğurlanan adama kölə olaraq verilirdi. Ona görə belə deyirdilər: «Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.»
«76. (Yusuf doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı,» belə edirdi ki, heç kəs bunun hiylə olduğundan şübhələnməsin. «Biz Yusufa (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi.» Əgər Yusufun qardaşları oğurluq edənin cəzasının onun özü olduğunu deməsəydilər, Misir padşahının qanunlarına görə Yusuf onu götürə bilməzdi. «Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!» İstədiyimizin elmi mərtəbəsini yüksəldərik. Yusuf da elm baxımından onlardan daha üstün, müdrik, əzmkar və qətiyyətli idi. Yusufun etdiklərinin hamısı Allahın ona əmri idi. Çünki bunun ardında böyük məqsəd: atasının və qövmünün onun yanına gəlməsi – dururdu.
Piyaləni Binyaminin yükündən çıxartdıqda «77. (Qardaşlar) dedilər: “Əgər o (Binyamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da oğurluq etmişdi.» Onlar Yusufu nəzərdə tuturdular. Çünki Yusuf ana babasının bütünü oğurlayıb sındırmışdı. Bəziləri isə deyirlər ki, o uşaq olanda bibisi, qardaşı İshaqın kəmərini onun libasının altına bağlamışdı. Sonra kəməri onun paltarının altından tapdılar. O zaman Yusuf bibisinin nə etdiyini anlamırdı. Bibisi Yusufu çox istədiyi üçün bu yola əl atmışdı ki, uşaq onun himayəsində qalsın. Bəziləri isə deyirlər ki, o evdən yemək götürür və aparıb kasıblara yedizdirirdi. Bu haqda digər fikirlər də söylənilmişdir. Ona görə qardaşları belə deyirdilər: «“Əgər o (Binyamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da oğurluq etmişdi. Yusuf bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”» Yusuf bu sözləri öz-özündə deyirdi. Onlara qarşı mülayim, bağışlayan kimi davranaraq bunu aşkarda demədi.
Qardaşları da Yusufla mərhəmət və şəfqət hissləri ilə danışmağa başlayıb dedilər: «78. (Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”. 79. (Yusuf) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!» Biz ittiham olunan adamı sərbəst buraxıb günahsız adamı götürə bilmərik. Biz belə bir işi nə etməz, nə də belə bir işə yol vermərik. Biz əşyamızı kimin yükündə tapmışıqsa onu da götürəcəyik.
Əhli-Kitabın məlumatlarında deyilir ki, bu məqamda Yusuf qardaşlarına tanışlıq verdi. Amma onlar bunu düzgün anlamamış, səhv etmişlər.
Dostları ilə paylaş: |