MƏN ALLAHDAN GƏLƏN VƏHY İLƏ SİZİN BİLMƏDİKLƏRİNİZİ BİLİRƏM! 80. Onlar (Binyamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar. Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusuf barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.
81. Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. Biz qeybi mühafizə edən deyilik.
82. Olduğumuz şəhərdən də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!”
83. (Qardaşlar Yəqubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi. (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) Biləndir, hikmət sahibidir!”