«Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır.» O bir şeyin olmasını istəyəndə onun üçün münbit səbəblər yaradır. Bəndələrin bilmədikləri tərəfdən o işi asanlaşdırır. Dəqiq yaratması və əzəmətli qüdrəti ilə istədiyini qədər edir. O bütün işləri «Biləndir,» yaratmaqda, qanun qoymaqda və qədər yazmaqda «hikmət sahibidir!”»
MƏNİ MÜSƏLMAN OLARAQ ÖLDÜR
Yusuf ona verilən nemətin tamamlandığını, qövmünün birləşdiyini gördükdən və bu dünyanın daimi olmadığını, onun üzərində nə varsa hamısının fani olduğunu, tamamlıqdan sonra naqisliyin gələcəyini anladıqdan sonra Rəbbinə layiq olan tərzdə həmd-səna etdi, onun böyük lütfkarlığını və fəzilətini etiraf etdi. O Rəbbindən canını müsəlman halda almasını, əməlisaleh bəndələrinə qovuşdurmasını istədi. Duada da belə deyilir: "Ey Allahım, bizi müsəlman kimi yaşat və öləcəyimiz zaman bizi müsəlman kimi öldür."
Ehtimal olunur ki, Yusuf bunu ölüm ayağında istəmişdir. Necə ki, Peyğəmbərimiz Muhəmməd ölüm ayağında olarkən ruhunun ali məxluqların, peyğəmbərlər və elçilər kimi əməlisaleh yoldaşların yanına qaldırmasını istəmiş və demişdi: "Ey Allahım! Məni yüksək yoldaşlığa apar." Bunu üç dəfə dedi və canını tapşırdı254.
Ehtimal olunur ki, Yusuf islam üzərində ölməyi tam sağlam olarkən istəmişdir. Bu onların şəriətində icazəli idi. İbn Abbas demişdir: "Yusufdan öncə heç bir peyğəmbər ölümü istəməmişdi."
Şəriətimizdə isə ölümü arzulayıb dua etmək qadağan edilmişdir. Yalnız fitnə-fəsad zamanı bunu istəmək icazəlidir. İmam Əhmədin Muazın dua haqqında olan hədisində deyilir: "Əgər Sən bir tayfa üçün fitnə istəyirsənsə bizi fitnəyə düşmədən öncə Öz dərgahına apar."255
Başqa hədisdə deyilir: "Ey adəm övladı! Sənin üçün ölmək fitnəyə düşməkdən daha yaxşıdır."256
Məryəm (ona Allahın salamı olsun) də demişdi: «Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və tamamilə unudulub getmiş olaydım!» (Məryəm: 23). Əli ibn Əbu Talib də işlər qarışıb böyük fitnələr düşəndə, müsəlmanların bir-birləri ilə döyüşdükləri, dedi-qodu çoxaldığı zaman ölümü arzulamışdı. "əs-Səhih" əsərinin müəllifi Əbu Abdullah Buxari də ona qarşı təzyiqlər çoxalanda və müxaliflərindən əziyyət gördükdə ölümü arzulamışdı.
Rahatlıq zamanında ölümü arzulamağa gəldikdə, bu haqda Buxari və Muslim "əs-Səhih" əsərində Ənəs ibn Malikə istinadən Peyğəmbərin belə dediyini rəvayət ediblər: "Heç kəs qarşılaşdığı çətinliyə görə ölümü arzulamasın. Ola bilər yaxşı işlər görən olsun və (ömrünün qalan hissəsində) yaxşılıqlarını daha da çoxaltsın. Yaxud pis adam olub bəlkə (ömrünün qalan hissəsində) Allahın razılığını qazansın. Belə (çətin) halda bu cür desin: Ey Allahım! Əgər yaşamaq mənim üçün xeyirdirsə məni yaşat! Əgər ölüm mənim üçün xeyirdirsə məni öldür!" Hədisdə nəzərdə tutulan çətinlik, bəndənin bədənində baş vermiş xəstəliklərdir. Dini çətinliklər bu hədisə aid deyildir.
Görünür Allahın peyğəmbəri Yusuf ya ölüm ayağında istəmişdir, ya da "əgər öləcəyəmsə qoy elə müsəlman kimi ölüm!" – duasını etmişdir.
Dostları ilə paylaş: |