21. Sizdən (haqqa dəvət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!
22. “Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (Qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!
23. Mən heç Ondan qeyri ilahlarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.
24. Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.
25. Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşidin!”
26. Ona: “Cənnətə daxil ol! – deyildi. Dedi: “Kaş qövmüm biləydi ki,
27. Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”
28. Ondan sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.