Rəhman və Rəhim olan Allahın adı ilə


«Amma sonra qaranlıqlar içində dua edib dedi:»



Yüklə 3,81 Mb.
səhifə305/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   301   302   303   304   305   306   307   308   ...   532
«Amma sonra qaranlıqlar içində dua edib dedi:» İbn Məsud, İbn Abbas, Amr ibn Məymun, Səid ibn Cubeyr, Muhəmməd ibn Kəəb, Həsən əl-Bəsri, Qatadə və Dəhhak deyir: "(ayədə deyilən qaranlıq) balığın bətninin qaranlığı, dənizin qaranlığı və gecənin qaranlığı mənasındadır."

«143. Əgər o, (Allahı) çox təqdis edənlərdən olmasaydı, 144. Yəqin ki, balığın qarnında Qiyamət gününə qədər qalardı.» (Saffat: 143-144). Ayənin mənası budur ki, əgər o orada Allahı təqdis etməsəydi, orada dediyi duaları deməsəydi, "Lə iləhə illəllah", "Sübhənəllah" kələmələrini təkrarlamasaydı, Allah qarşısında acizliyini etiraf etməsəydi, Ona tövbə edib peşmançılıq hissi keçirməsəydi, Qiyamət gününə qədər balığın bətnində qalardı. Qiyamət günündə elə balığın bətnindən həşr olunardı. Səid ibn Cubeyrdən rəvayət olunan iki rəvayətdən birinin mənası belədir. Digərləri isə deyirlər ki, burada məna belədir: «143. Əgər» balıq onu bətninə almadan öncə «o, (Allahı) çox təqdis edənlərdən» itaətkar, namazqılan, Allahı çox zikr edənlərdən «olmasaydı, 144. Yəqin ki, balığın qarnında Qiyamət gününə qədər qalardı.» Bu rəyi Dəhhak ibn Qeys, İbn Abbas, Əbu əl-Aliyə, Vahb ibn Munabbih, Səid ibn Cubeyr, Dəhhak, Suddi, Əta ibn əs-Səib, Həsən əl-Bəsri, Qatadə və qeyriləri bu fikri söyləyiblər. İbn Cərir də bu fikirdə olmuşdur269.

İmam Əhmədin və sünnə kitablarının bəzi müəllifləri İbn Abbasdan  rəvayət edirlər ki, Peyğəmbər  ona belə demişdir: "Ey oğlan! Mən sənə bir neçə söz öyrədəcəyəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu yanında görəsən. Yaxşı günündə Allahı xatırla ki, çətin günündə də Allah səni xatırlasın"270.

Ummu Sələmənin azad edilmiş köləsi Abdullah ibn Rafi deyir ki, mən Əbu Hureyrənin  belə dediyini eşitmişəm. Peyğəmbər  demişdir: "Allah Yunusu balinanın qarnında həbs etmək istəyəndə balinaya vəhy edib dedi: "Onu ud, amma nə ətini zədələ, nə də sümüyünü sındırma." Balina onu dənizin dibinə aparanda Yunus pıçıltı səsləri eşitdi. Öz-özünə: "Bu nədir belə?" – deyib təəcübləndi. O balinanın bətnində ola-ola Allah ona vəhy etdi ki, bu dəniz heyvanlarının təqdis etməsidir. Yunus da balinanın bətnində təqdis etməyə başladı. Mələklər də onun təqdisini eşidib dedilər: "Ey Rəbbimiz! Biz qəribə yerdə çox zəif bir səs eşidirik." Uca Allah isə dedi: "O, mənim qulum Yunusdur. Mənə asi olub, Mən də onu dənizdə balinanın qarnında həbs etmişəm." Mələklər dedi: "Bu gecə-gündüz saleh əməlləri Sənə yüksələn əməlisaleh quldur?" Uca Allah dedi: "Bəli." Bunu eşidən mələklər onun üçün şəfaət etdilər. Uca Allah əmr etdi və balina onu dənizin sahilinə atdı. Uca Allah buyurur: «145. Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.» (əs-Saffat: 145)."271

Yəzid ər-Rəqaşi deyir ki, Ənəs ibn Malikin  aşağıdakı sözləri dediyini eşitmişəm. Mən bilirəm ki, o bu hədisi Peyğəmbərə  istinad edir və deyirdi: "Yunus peyğəmbər balinanın qarnında olanda bu sözlərlə dua etmək qərarına gəldi və dedi: "Ey Allahım! Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Ey nöqsanlardan pak olan, mən həqiqətən zülm edənlərdən olmuşam." Bu dua Ərşi bürüdü. Mələklər dedilər: "Ey Rəbbimiz! Qəribə yerdən tanış olan zəif bir səs eşidilir." Uca Allah dedi: "Məgər siz onun kim olduğunu bilmirsiniz?" Onlar dedilər: "Xeyr. Ey Rəbbimiz! Biz bilmirik, o kimdir elə?" Uca Allah dedi: "O mənim qulum Yunusdur." Mələklər dedilər: "Daima məqbul əməlləri və qəbul olunan dualarla tanınan qulun Yunusdur?" Onlar (xahiş ilə) dedilər: "Ey Rəbbimiz! Rahat günlərində etdiklərinə görə onu bağışlaya, bəladan xilas edərsənmi?" Uca Allah dedi: "Əlbəttə, xilas edərəm." Sonra əmr etdi və balina onu dənizin sahilinə atdı"272.

İbn Əbu Hatim rəvayətə əlavə edərək deyir: "Əbu Saxr Humeyd ibn Ziyad deyib: Mən İbn Quseytə bu hədisi danışanda o mənə dedi ki, mən bunu Əbu Hureyrədən  eşitmişəm. Əbu Hureyrə  belə deyirdi: "(Yunus) sahilə atıldı. Uca Allah orada tağlı bitki bitirdi." Ey Əbu Hureyrə , o nədir elə? – deyə soruşduq. "O (bizə bunu açıqlayaraq): "balqabaqdır" – dedi. Daha sonra Əbu Hureyrə  dedi: "Sonra Uca Allah onun üçün ot ilə qidalanan vəhşi bir heyvan göndərdi. O tam sağlam olub ayağa qalxana qədər, heyvan hər gün səhər və axşam gəlib onu yedizdirirdi"."

Umeyyə ibn Əbu əs-Salt273 öz şerində bu barədə bir misra demişdir:



Arıq qalmasın deyə O öz məşəqqətiylə,

Boranı yetişdirdi Allah Öz rəhmətiylə

Rəvayət bir sənədlə rəvayət olunmuşdur. Yəzid ər-Riqaşi də etibarsızdır. Amma bu rəvayət Əbu Hureyrənin  əvvəlki rəvayəti ilə, əvvəlki rəvayəti də bu rəvayətlə güclənir. Daha doğrusunu Allah bilir274.

Uca Allah buyurur: «onu boş bir yerə atdıq.» Ətrafında heç bir ağac olmayan bir sahilə atdıq. «o, xəstə olduğu halda...». Yəni bədəni zəif olduğu halda. İbn Məsud  deyir: "O üzərində yarpaqları olmayan bir budaq kimi idi." İbn Abbas, Suddi və İbn Zeyd deyirlər: "O yeni doğulmuş uşaq kimi idi. Lüt-üryan və arıq idi. Üzərində heç bir şey yox idi." «146. Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac bitirdik.» (əs-Saffat: 146). İbn Məsud, İbn Abbas, İkrimə, Mucahid, Səid ibn Cubeyr, Bahb ibn Munabbih, Hilal ibn Yəsaf, Abdullah ibn Tavus, Suddi, Qatadə, Dəhhak, Əta əl-Xorasani və bir çoxları deyirlər ki, həmin bitki qabaq tağı idi.

Bəzi alimlər onun başı üzərində qabaq tağının bitməsindəki hikmətləri belə açıqlayıblar: "Onun yarpaqları yumşaq, sıx və kölgəlidir. Ona milçək də yaxın gəlmir. Onun məhsulunu bitən andan tağ solana qədər yemək mümkündür. Həmçinin onu həm çiy, həm də bişirib yemək olur. Eləcə də onu həm qabıqlı, həm də tumlu halda yemək mümkündür. Bu bitkinin çox faydası vardır. Həmçinin beyinin qidalanması üçün də çox faydalıdır."

Ot ilə qidalanan vəhşi heyvanların gəlib orada otlaması və ona süd verməsi haqqında Əbu Hureyrənin  rəvayətini qeyd etmişik. Bu Uca Allahın ona qarşı olan mərhəmətindən irəli gəlirdi. Bu ona verilən nemət və edilən yaxşılıq idi. Buna görə Uca Allah buyurur: «88. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq.» qəmdən, sıxıntıdan qurtardıq. «Biz möminlərə belə nicat veririk!» (əl-Ənbiya: 88). Dua edib Bizi çağıran və bizə pənah gətirən hər kəsə qarşı belə olarıq.

Səd ibn Əbu Vaqqas  deyir: "Mən məsciddə Osman ibn Əffanla  qarşılaşdım və ona salam verdim. O gözlərini mənə zilləyib baxdı amma salamımı qaytarmadı. Mən Ömər ibn Xəttabın  yanına gəldim və dedim: "Ey möminlərin əmiri! İslamda nə isə dəyişilib?!" Ömər dedi: "Xeyr. Nə olub?" Mən dedim: "Heç elə bir şey olmayıb. Sadəcə olaraq az öncə mən məsciddə Osmanla qarşılaşdım və ona salam verdim. O isə gözlərini mənə zilləyib salamımı almadı." Ömər Osmanın ardınca adam göndərib çağırtdırdı və dedi: "Nə üçün qardaşının salamını qaytarmamısan?" Osman dedi: "Xeyr, belə etməmişəm." Səd isə dedi: "Xeyr, etmisən." Sonra həm o, həm də mən and içdik.

Daha sonra Osman belə halın baş verdiyini xatırladı və dedi: "Bəli, doğrudur. Allahdan bağışlanma diləyir və tövbə edirəm. Sən mənim yanımdan keçəndə mən öz-özümə Peyğəmbərdən  eşitdiyim bir söz haqqında fikirləşirdim. Allaha and olsun ki, hər dəfə o söz yadıma düşəndə gözlərim və qəlbim ağlayır."

Sə`d deyir: "Mən həmin hədisi sənə danışaram. "Peyğəmbər  bizə ilk edilən duanı xatırlatdı. Sonra bir nəfər çöl ərəbi onun başını qatdı. Sonra Peyğəmbər  qalxıb getdi. Mən də onun ardınca getdim və evinə az qaldığını düşünüb ayağımı yerə vurdum." Peyğəmbər  mənə tərəf çevrilib dedi: "Yavaş ol!" Mən dedim: "Xeyr Allaha and olsun! Sən bizə ilk dua haqqında danışırdın. Sonra bu çöl ərəbi gəlib başını qatdı." Peyğəmbər  dedi: "Bəli. Bu, Zun-Nunun (Yunusun) balinanın qarnında etdiyi duadır: «Səndən başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam». Həqiqətən hər bir müsəlman bunu deyib istədiyi duanı edərsə mütləq qəbul olunar. 275




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin