QİBTİLƏRİN MUSAYA QARŞI SUİ-QƏSD HAZIRLAMASI 18. Beləliklə, (Musa qibtini öldürdüyündən) qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. Dünən ondan imdad diləyən kəs fəryad çəkib yenə onu köməyə çağırdı. Musa ona dedi: “Sən, doğrudan da, açıq-aşkar bir azğınsan!”
19. (Musa) onların hər ikisinin (həm özünün, həm də yəhudinin) düşmənini yaxalamaq istədikdə, dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən? Sən yer üzündə (Misir torpağında) ancaq bir zalım olmaq istəyirsən! Sən xeyirxahlıq (insanları islah) edənlərdən olmaq istəmirsən!”
20. Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: “Ey Musa! Əyan-əşrəf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!”