33. (Musa) dedi: “Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər.
34. Qardaşım Harunun nitqi mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi (Fironun əhlinə izah edib) təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!”
35. (Allah) buyurdu: “Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil (möcüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə (iman gətirib) tabe olanlar da (Firona və əyanlarına) mütləq qalib gələcəksiniz!”» (əl-Qasas: 33-35).
Uca Allah qulu, elçisi və kəlimi Musa haqqında xəbər verir. Qibtini öldürdükdən sonra Misirdən qaçıb zülmündən və hökmündən canını qurtardığı düşməninin yanına getməsini əmr edir. Ona görə Musa belə cavab verdi: «“Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər. 34. Qardaşım Harunun nitqi mənimkindən daha bəlağətlidir. Onu da mənimlə dediklərimi (Firon əhlinə izah edib) təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!”» (əl-Qasas: 33-34). Qardaşım Harunu mənim vəkilim, vəzirim et ki, Sənin risalətini onlara çatdırmaq üçün mənə kömək göstərsin, dəstək versin. Çünki onun nitqi mənimkindən daha bəlağətli, danışığı daha aydındır. Uca Allah onun istəyinə cavab verib deyir: «“Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil (möcüzə və qüdrət) verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər.» Siz bizim möcüzələrimizi icra etdiyiniz üçün onlar sizə heç bir zərər toxundura bilməyəcəklər. Bəzi təfsirçilər isə deyirlər: "Möcüzələrimizin bərəkəti ilə sizə heç bir zərər toxundura bilməzlər". «Siz də, sizə (iman gətirib) tabe olanlar da (Firona və əyanlarına) mütləq qalib gələcəksiniz!”» (əl-Qasas: 35).
Taha surəsində (24-28) deyilir: «24. (Ey Musa! Bu möcüzələrlə bir peyğəmbər kimi) Fironun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır”. 25. (Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət; 26. İşimi yüngülləşdir; 27. Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, 28. Sözümü yaxşı anlasınlar!» Musa ağzında köz tutduğu üçün dilində pəltəklik yaranmışdı. Musa balaca olanda Fironun saqqalını dartdığı üçün Firon onun ağlını sınamaq, sonra onu öldürmək qərarına gəldi. Asiya bundan bərk qorxdu və dedi: "O ki, uşaqdır!" Sonra onun qabağına bir xurma və bir köz qoydu. Musa xurmanı götürmək istədi. Padşah onun əlini közə yönəltdi. Musa közü götürüb dilinin üstünə qoydu. Bu səbəbdən onun dili pəltək oldu. Musa insanların onu başa düşəcəyi qədər dilinin sağalmasını istədi. Dilinin tam sağalmasını istəmədi.
Əl-Həsən əl-Bəsri deyir: "Peyğəmbərlər ehtiyac olan qədər soruşulurlar (elə də çox danışmağa ehtiyacları olmur.). Ona görə onun dilində nöqsan qalmışdı".
Firon – Allah üzünü qara eləsin – Musa Kəlimullaha eyib edərək demişdi: «... aydın danışa bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı deyiləmmi?!» (əz-Zuxruf: 52). İstədiyi fikrini, düşüncəsini çatdıra bilməyən adamdan üstün deyiləmmi?!
Sonra Musa dedi: «29. Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver – 30. Qardaşım Harunu! 31. Onunla arxamı möhkəmləndir. 32. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, 33. Səni çox təqdis edib şəninə təriflər deyək. 34. Və Səni çox zikr edək (daim yada salıb şükr-səna edək). 35. Sən, şübhəsiz ki, bizi görürsən!” 36. (Allah) buyurdu: “Dilədiyin sənə verildi, ya Musa!» (Taha: 29-36). Biz istədiklərinin hamısını sənə bəxş etdik. Bu onun Allah yanında olan hörmətindən irəli gəlirdi. O, qardaşına vəhy edilməsini istədi və ona vəhy edildi. Bu çox böyük bir hörmətdir. Uca Allah buyurur: «O, Allah yanında çox hörmətli (qədir-qiymətli) idi.» (əl-Əhzab: 69). Digər ayədə deyilir: «53. Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik.» (Məryəm: 53).
Möminlərin anası Aişə (Allah ondan razı olsun!) Həccə gedərkən yolda bir kişinin "hansı qardaşın digər qardaşı üzərində daha çox minnəti vardır?" – deyə sual verdiyini eşitdi. Hamı susdu, cavab verə bilmədilər. Aişə kəcavəsinin yanında olanlara dedi: "O, Musa ibn İmrandır. O, qardaşı Harun üçün şəfaətçi olmuş və ona da vəhy verilmişdi. Uca Allah buyurur: «53. Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik.» (Məryəm: 53)".
Dostları ilə paylaş: |