«26. Firon dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”.» (əl-Mumin: 26). Bu yerdə insanlar məsxərə məqsədi ilə belə deyirlər: "Yoxsa Firon xatırlayan (insanlar üçün xeyir sevən və doğru yol göstərən (tərc.)) birinə çevrilmişdir?!" Bu da belədir. Firon insanların Musa tərəfindən azdırılacağından ehtiyat etdiyini iddia edirdi.
«27. Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!”» (əl-Mumin: 27). Firon və onun kimiləri mənə xətər toxundurmasınlar deyə mən Allaha sığınır, ona güvənir və ona arxalanıram. «hər bir təkəbbür sahibindən» yəni inadkar zalım, zülmünün sonu bəlli olmayan, Allahın əzabından və cəzasından qorxmayandan Allaha sığınıram. Çünki belələri nə öldükdən sonra diriləcəyinə, nə də cəza çəkəcəyinə inanmır. Buna görə də belə deyirdi: «haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən...».
FİRON AİLƏSİNİN MÖMİNLƏRİ
28. Firon ailəsindən imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı “Rəbbim Allahdır!” deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz.
29. Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə qalib olanlar da sizsiniz. Əgər Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Firon dedi: “Mən sizə ancaq münasib gördüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm!” (əl-Mumin: 28-29).
Bu kişi Fironun əmisi oğludur. O, canının qorxusundan iman gətirdiyini qövmindən gizlədirdi. Bəziləri iddia edirlər ki, həmin adam İsrail oğullarından idi. Amma bu fikir tutarlı deyil. Çünki bu, həm cümlə, həm də məna baxımından haqqında danışılana zidd fikirdir.
Bir sözlə, bu kişi imanını gizlədirdi. Firon – Allah ona lənət etsin – Musanı öldürmək fikrinə düşüb bu barədə öz əyan-əşrəfindən məsləhət aldıqda həmin mömin Musa üçün qorxdu. O, təşviq və qorxu ifadə edən sözlərlə Fironu bu fikrindən yayındırmağa çalışdı. O, həqiqəti məşvərət və fikir formasında onlara çatdırdı.
Səhih hədisdə deyilir ki, Peyğəmbər belə demişdir: "Ən üstün cihad zalım padşahın önündə ədaləti deməkdir."294 Bu cür etmək cihadın ən yüksək zirvəsindəndir. Firondan zalımı, deyilən sözlərdən də doğrusu yoxdur. Çünki bu sözlər peyğəmbərin məsumluğunu irəli sürür. Həmçinin ehtimal olunur ki, o bu sözləri deməklə iman gətirdiyini aşkar bildirmiş, bu vaxta qədər gizli saxladığını söyləmişdir. Amma birinci dediyimiz məna daha uyğundur. Daha doğrusunu Allah bilir.
Dostları ilə paylaş: |