«Mən sizə ancaq doğru yolu göstərirəm!» Onun bu sözü də yalan idi. Çünki o özü doğru yolda deyildi. O, səfeh və rəzil yolda idi. İlk olaraq o bütlərə və heykəllərə ibadət edirdi. Sonra cahil qövmünü iddia etdiyi küfrə və inadkarlığa, özünün Allah olduğuna dəvət etdi, onlar da bu küfrü təsdiqlədilər, qəbul etdilər.
Uca Allah buyurur: «51. Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü?! 52. Yaxud mən az qala (sözünü belə) aydın danışa bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı deyiləmmi?! 53. (Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!” 54. Beləliklə, (Firon) öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər! 55. (Firon əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını qərq etdik.» (əz-Zuxruf: 51-55).
Başqa ayədə deyilir: «20. (Musa gəlib Allahın buyuruğunu Firona ərz elədi) və ona (özünün həqiqi peyğəmbər olmasına dəlalət edən) ən böyük möcüzəni göstərdi. 21. Lakin (Firon Musanı) təkzib edib asi oldu. 22. Sonra geri dönüb tələsdi. 23. Və (əyan-əşrəfini, bütün təbəələrini) toplayıb (onlara) belə xitab etdi: 24. “Həqiqətən, mən sizin ən Uca Rəbbinizəm!” 25. Allah da onu axirət və dünya əzabına giriftar etdi. 26. Şübhəsiz ki, bunda (Allahdan) qorxan kimsələr üçün ibrət dərsi vardır.» (ən-Naziat: 20-26).
Digər ayədə Uca Allah buyurur: «96. Biz Musanı da möcüzələrimizlə və açıq-aşkar bir (dəlillə) peyğəmbər göndərdik – 97. Firona və onun əyan-əşrəfində. Onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri düzgün deyildi. 98. (Firon) Qiyamət günü camaatının qabağında gedib onları atəşə (Cəhənnəmə) aparacaq; Onların düşəcəkləri yer necə də pisdir! 99. Onlar burada (dünyada) da, Qiyamətdə də lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!» (Hud: 96-99).
Məqsəd, onun bu ayələrdə: «Firon dedi: “Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm», «mən sizə ancaq doğru yolu göstərirəm!”» – dediyi yalanını aşkar etməkdir.
Dostları ilə paylaş: |