155. Musa Bizim təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğra yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan!
156. Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz. Biz Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!
157. O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar. Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (əl-Əraf: 155-157).
İbn Abbas və Suddi deyirlər ki, bu yetmiş nəfər İsrail oğullarının alimləri idilər. Musa , Harun , Yuşa , Nadab və Əbihu birlikdə idilər. Onlar Musa ilə gedib buzova ibadət edən İsrail oğullarına görə üzrxahlıq etmək istəyirdilər. Onlara ətirlənmək, təmizlənmək və qüsl almaq (çimmək) əmr olunmuşdu. Onlar gəlib dağa yaxınlaşdılar. Dağın başını buludlar örtmüşdü. Orada nurdan dirək də görünürdü. Musa dağa qalxdı. İsrail oğulları deyirlər ki, onlar Allahın kəlamını eşitdilər. Bəzi təfsirçilər onların bu sözünü təsdiqləyiblər. Onlar Uca Allahın bu ayəsini «Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.» (əl-Bəqərə: 75) – birbaşa Allahdan eşitmək mənasına yozurlar. Amma Uca Allahın «6. Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin.» – ayəsinə əsasən demək olar ki, buradan belə məna çıxmır. Allah kəlamını dinləmək, yəni təbliğ edənin oxuduğu Allah kəlamını dinləmək mənasındadır. İsrail oğulları da həmçinin Musadan eşidiblər. Həmçinin yetmiş nəfərin Allahı gördüyünü də iddia edirlər. Bu da onların növbəti səhvidir. Çünki onlar Allahı görmək tələbini irəli sürəndə onları ildırım vurmuşdu. Uca Allah buyurur: «55. (Və yadınıza salın ki) siz: “Ey Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq”,- dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurmuşdu. 56. Bəlkə, şükür edəsiniz deyə, biz sizi ölümünüzdən sonra yenidən diriltdik.» (əl-Bəqərə: 55-56). Burada isə belə buyurur: «Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin...» (əl-Əraf: 155).
Dostları ilə paylaş: |