DAVUDUN GƏLİŞİ ÜÇÜN HAZIRLIQ
Uca Allah müqəddəs kitabında buyurur:
246. (Ey Rəsulum!) Musadan sonra bir dəstə İsrail övladının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!” – dedilər. O da (onlara): “Sizə vuruşmaq əmr olunduqda, bəlkə, vuruşmadınız?” – söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq, övladlarımızdan ayrıldıq”. Lakin onlara vuruşmaq vacib olduğu vaxt, içərilərindən az bir qismi müstəsna olmaqla, (hamısı döyüşdən) üz çevirdilər. Allah (özlərinə) zülm edənləri tanıyır!
247. (İsrail övladının) peyğəmbəri onlara dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!”
248. (İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bunda sizin üçün qəti dəlil vardır”.
249. Talut qoşunu ilə ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra dedilər: “Bu gün bizim (düşmən tərəfin hökmdarı) Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına inananlar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”
250. Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə (ayaqlarımıza) qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”
Dostları ilə paylaş: |