SƏBA KRALİÇASI İLƏ HÜD-HÜDÜN HEKAYƏSİ Uca Allah buyurur:
20. Sonra (Süleyman) quşları yoxlayıb dedi: “(Torpaq altında suyun harada olduğunu bilən) Hüd-hüdü (şanapipiyi, hop-hopu) niyə görmürəm? Yoxsa o burada yoxdur?
21. And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm). Yaxud da o, (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!”
22. Bir azdan (Hüd-hüd) gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
23. Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır.
24. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.